“2017-ci il yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova Əli İnsanovun əmlakının qaytarılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qətnaməsini ləğv edib. Bu qətnamə ilə Əli İnsanovun əmlakının Azərbaycan prezidentinin köməkçisi Tariyel Ağayevin əlinə keçməsinə hüquqi don geyindirilib. Bu barədə Turan-a vəkil Toğrul Babayev bildirib.
Vəkilin sözlərinə görə, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edildikdən sonra Azərbaycan prezidentinin köməkçisi Tariyel Ağayev onun əmlakını saxta sənədlər düzəltməklə qızı Vəfa Əlizadənin adına rəsmiləşdirib və sataraq pulunu mənimsəyib.
“Nəsimi Rayon Məhkəməsi Tariyel Ağayevin düzəltdiyi sənədlərin saxta olduğunu əsas gətirərək onun qanunsuz yolla ələ keçirdiyi əmlakın Əli İnsanova qaytarılması barədə qətnamə çıxarıb”, – T.Babayev qeyd edib.
“Əli İnsanoov hesab edir ki, Tariyel Ağayev və hakim Xuraman Məhərrəmovanın bu hərəkətləri cinayət əməlləridir”, – vəkil Əli İnsanova istinadən deyib.
O, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcəyini bildirib.
Nəsimi Rayon Məhkəməsi 2015-ci ilin mayında Vəfa Əlizadənin Əli İnsanovun mülkiyyətində olan qarajın ələ keçirilməsi müqabilibndə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Məhkəmənin qətnaməsi icra olunmayıb.
Ə.İnsanovun vəkilləri “Dekabank”da V.Əlizadənin səhmlərinin olduğunu əsas gətirərək qərarın icrasını təmin etmək məqsədilə onların üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Məhkəmənin bu barədə qərardadı da icra olunmayıb.
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
2016-cı il oktyabrın 11-də Bakının Qaradağ Rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.
Ə.İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Bütün məhkəmə instansiyalarında Əli İnsanov Azərbaycan hakimiyyətini və şəxsən prezident İlham Əliyevi kəskin tənqidləri ilə yadda qalıb.
Hüquq- müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyır