Nəsimi rayon məhkəməsi bloger Mehman Hüseynovu 200 manat cərimə edərək, məhkəmə zalından azadlığa buraxıb.
Hakim Babək Pənahov onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) maddəsi ilə təqsirli bilib. Məhkəmədən çıxarkən Mehman Hüseynov onu qarşılayan həmkarlarına deyib ki, şəhərin mərkəzində qanunsuz olaraq saxlanıldıqdan sonra polisdə işgəncələrə məruz qalıb. “8 nəfər mənə hücum etdi, ağzımı yapışdırdılar, başıma torba keçirdilər, elektroşok cihazı ilə işgəncə verdilər və maşına basdılar. Yolda məni döyürdülər və burnumdan qan gəldiyini hiss edirdim.
Görünür, onlar mənim yalvarıb mərhəmət istəyəcəyimə ümid edirdilər, amma mən bunu etmədim. Məni harasa gətirdilər və hər cür ələ salır və təhqir edirdilər. Mən onlara dedim ki, mənə nə edirlərsə etsinlər, öz işimdən əl çəkməyəcəyəm”, deyə bloger bildirib.
Məhkəmənin necə keçdiyi barədə suala cavabda o deyib ki, polislər məhkəmədə çox gülünc görünürdülər və hətta hakim belə onlara gülüb. “Mən onların üzünə dedim ki, belə yaşamaqdansa və belə çörəyi yeməkdənsə, ölün, vəsiqələrinizi cırın və polisdən gedin”, deyə Mehman qeyd edib.
O, hakimə onu həbs etmədiyi, yalnız 200 manat cərimə etdiyi üçün təşəkkür edib. “Amma mən bu cəriməni ödəməyəcəyəm, çünki pis heç nə eləməmişəm”, deyə o, sonda bildirib.-16В-
Bloger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin polisin qanuni əmrinə tabe olmamaq maddəsi ilə saxlanılıb. Bu barədə Turan-a onun vəkili Elçın Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, işə yanvarın 15-də saat 15:00-da Babək Pənahovun sədrliyilə baxılacaq.
Polis protokolunda deyilir ki, bir nəfər polisə şikayət edərək Mehmanın onu çiynindən itələdiyini, sonra təhqir etdiyini bildirib. Mehman hadisə yerinə gələn polisləri də təhqir edib və tabe olmayıb. Odur ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə ittiham irəli sürülüb ki, bu da 30 sutkayadək həbs cəzası nəzətdə tutur.
Vəkilin sözlərinə görə, heç bir səbəb göstərilmədən Mehmanla görüşünə imkan verilmir.-16В-
Dünən axşam saxlanılan bloger Mehman Hüseynov səhər saat 11:00-da Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsindən rayon məhkəməsinə aparılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb. Vəkil Mehmanın nədə ittiham olunduğunu hələlik bilmir. -16D-
Yanvarın 10-da axşam paytaxtın mərkəzində tanınmış bloger Mehman Hüseynov mülki geyimli şəxslər tərəfindən oğurlanıb.
İnsident saat 20:00-a yaxın Nizami küçəsinin yaxınlığında Mehman kafedən çıxıb dostları ilə görüşə gedərkən baş verib. Həmin vaxt bir neçə nəfər ona yaxınlaşaraq ağzını tutub, qalanları əllərini buraraq maşına basıb.
Mehmanın gəlmədiyini görən dostları onun mobil telefonuna zəng ediblər. Telefon söndürülüb.
DİN paytaxtın mərkəzində insan oğurluğunu şərh etmir, özünü heç nə olmamış kimi aparır.
Blogerin vəkili Elçin Sadıqov Turan-a bildirib ki, Mehmanın axtarışı nəticə verməyib. Vəkil ilk növbədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ancaq Mehmanın orada olub-olmaması barədə suala cavab verməyiblər.
Baş Polis İdarəsindən vəkilə bildiriblər ki, Mehman orada yoxdur.
Vəkil axtarışı davam etdirir.
Bakının mərkəzində jurnalist oğurluğu ölkədə zorakılığın olmasını və söz azadlığının pozulmasını açıq şəkildə göstərir.
Son aylar M.Hüseynov hakimiyyətin ali eşelonu – nazirlər, deputatlar, oliqarxlarla bağlı korrupsiya faktlarına dair videoreportajlar hazırlayıb.
O, dövlət məmurlarının mənimsənilən pullarla tikilən villalarını çəkib, həmin villaların sahiblərinin pullarını ödəmədiyi fəhlələrlə müsahibə hazırlayıb.
Bu reportajlar sosial şəbəkələrdə çox yayılıb və böyük rezonans doğurub ki, bu da hakimiyyəti qıcıqlandırıb.
Üç həftə öncə mülki geyimli bir qrup şəxs Mehmanı küçədə qaçırmaq istəyib, ancaq baş tutmayıb. Mehman bəyanat verərək ona olan hücumlara görə ölkə hakimiyyətini günahkar bilib.-02В-