Siyasi hüquq və azadlıqlar vətəndaşın hüquq və azadlıqlarının mühüm kateqoriyasıdır. Siyasi hüquq və azadlıqlar dövlət hakimiyyətinin həyata keçirilməsində və dövlətin ictimai-siyasi həyatında insanın dövlət hakimiyyəti və hüquqla təmin edilmiş iştirakı imkanıdır. Siyasi hüquqlar demokratiya sisteminin əsasıdır. Digər hüquqların reallaşması üçün ən vacib şərt vətəndaşların siyasi hüquqlarıdır, çünki onlar demokratiya sisteminin üzvi əsasını təşkil edir və elə dəyərlərdə özünü göstərir ki, hakimiyyət bunlarla özünü məhdudlaşdırmalı və həmin müddəaları qanunvericiliyində nəzərdə tutmalıdır.
Dövlətin təbiətini göstərən faktor, hakimiyyətə nəzarət vasitəsi, demokratik rejimin qiymətləndirmə meyarı kimi çıxış edən siyasi hüquq və azadlıqlar sivil cəmiyyətin ayrılmaz atributudur.
Mülki (şəxsi) hüquq və azadlıqlardan fərqli olaraq siyasi hüquq və azadlıqlar insan muxtariyyatını təmin etməyə yox, onun siyasi tərəqqisinin fəal iştirakçısı kimi təzahür etməsinə yönəldilmişdir. Bu hüquqların dəyəri həm də ondan ibarətdir ki, onlar vətəndaş, cəmiyyət və dövlət arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün şərait yaradır. Siyasi hüquqlar, mahiyyət etibarilə, şəxsi azadlığın sərhədlərindən biridir; siyasi şüur və iradənin daşıyıcısı kimi insan siyasi prosesin azad və özünəməxsus iştirakçısı qismində çıxış edir.
Siyasi hüquqların daha bir özəlliyi ondan ibarətdir ki, bu hüquqlar əsas etibarilə vətəndaşlar üçün tanınır, yəni siyasi hüququn qazanılması konkret dövlətin vətəndaşlığına mənsub olma ilə əlaqələndirilir. I nəsil klassik hüquqlardan fərqli olaraq siyasi hüquqlar fərdin dövlətlə münasibətləri sahəsini (ümumi maraqlar sferasını) əhatə edir.
Əvvəllər qadağan olunmuş siyasi hüquq və azadlıqlar sonradan açıq konstitusion hüquqi status aldı və ilk olaraq milli hüquq, daha sonra isə beynəlxalq hüquq səviyyəsində təsdiq edildi.
İnsan hüquqları haqqında bir çox müasir universal və regional xarakterli beynəlxalq hüquq sənədləri insanın ayrılmaz hüquq və azadlıqlarının həcmini müəyyənləşdirərək söz və etiqad, dinc yığıncaq və birləşmək azadlığı, dövlətin və cəmiyyətin idarə edilməsində iştirak hüququ kimi bir sıra siyasi hüquqlar təsbit edir.
Qeyd etmək lazımdır ki, insan və vətəndaşın əsas siyasi hüquq və azadlıqlarının faktiki həyata keçirilməsi yalnız effektiv mexanizm və onların həyata keçirilmə üsullarını nəzərdə tutmalı olan milli hüquq normalarının vasitəsilə mümkündür. Siyasi plüralizm və onun dəyərlərinin formalaşması, vətəndaşların ictimai-siyasi həyatda fəal və səmərəli iştirakından xaricdə demokratik cəmiyyətin mövcudluğu heç cür mümkün deyildir.
Cəmiyyətin və dövlətin idarə olunmasında iştirak hüququ bir sıra beynəlxalq-hüquqi aktlarda təsbit edilmişdir. Bunun bariz nümunəsi kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilmiş bir sıra müddəaların bu gün də milli qanunvericiliyin əsası kimi qəbul edilməsinin artıq ənənə halına çevrilməsini göstərmək olar. Dövlətin idarə olunmasında bilavasitə və ya azad seçilmiş nümayəndələri vasitəsilə iştirak hüququ, xalqın iradəsinin dövlət hakimiyyətinin əsası olması, bunun da nəticəsində qanunların aliliyinin təmin edildiyi hüquqi, dünyəvi dövlətin qurulması kimi mühüm müddəalar əksər demokratik dövlətlərin qanunvericiliyində, xüsusilə də konstitusiyalarında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının preambulasını, onun 1, 54, 55-ci maddələrini misal göstərmək olar. Belə ki, Konstitusiyaya əsasən, Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.
Seçki hüququ vətəndaşın dövlətin seçkili orqanları və yerli özünüidarəetmə orqanlarının formalaşmasında, həmçinin bilavasitə demokratiya prosedurlarında (məsələn, referendum) iştirakı imkanını təmin edən hüquqlar sırasına aiddir. Seçki hüququ siyasi hüquqların nüvəsini təşkil edir. Seçki hüququ ən mühüm demokratik institutdur, xalqın iradəsinin və onun siyasi prosesdə iştirakının ən əsas azad ifadə formalarından biridir. Vətəndaşların dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının fəaliyyətində şəxsi, həmçinin onlar tərəfindən seçilmiş nümayəndələr vasitəsilə iştirakı xalqın suverenliyinin və xalq hakimiyyətinin prinsipinin həyata keçmə formasının ifadəsidir. Seçki hüququ dövlət hakimiyyətinin və yerli idarəetmənin səmərəliliyinin artırılması, bütövlükdə hüquqi sistemin zəruri elementidir. Seçki hüququnun əsas elementlərini seçmək və seçilmək hüquqları təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü maddəsinə əsasən, Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.
İttifaq və assosiasiya azadlığı, birləşmək hüququ fəaliyyət azadlığına malik olan siyasi partiya və digər ictimai təşkilatların yaradılmasında vətəndaşların hüququnu nəzərdə tutur. Vətəndaşın siyasi partiyalarda birləşmək hüququ kifayət qədər ciddi təminatlarla xarakterizə edilir. Ancaq onlar qeyri-qanuni məqsədlər güdən partiyalara şamil olunmur. Ölkənin mövcudluğunu təhlükə altına qoymaq və ya onu məhv etmək, azad demokratik quruluşun əsaslarına zərbə vurmaq məqsədləri güdən partiyalar antikonstitusion partiyalar sırasına aid edilir.
İctimai təşkilatlarda birləşmək hüququ digər siyasi hüquq və azadlıqlar arasında fərdin ictimai-siyasi həyatda iştirakını təmin edir. İttifaq və assosiasiyalar azadlığı ilə tanınmış bu hüquq həm də qanun tələbləri çərçivəsində istənilən ittifaqı yaratmaq hüququ kimi özünü göstərir. İctimai ittifaq maraqların birliyi əsasında birləşərək vətəndaşların ümumi məqsədlərə nail olmaq üçün sərbəst şəkildə öz iradəsini ifadə etməsindən yaranır.
Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə əsasən, hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.
Toplaşmaq və mitinq, yığıncaq, nümayiş keçirmək azadlığı dövlət və ictimai həyatın istənilən məsələsi üzrə fərdi və ya kollektiv ifadə formalarıdır. Vətəndaşın göstərilən siyasi azadlığı ictimai-siyasi həyatda fəal iştirakı üçün, özünütəsdiq, özünüifadə, şəxsiyyətin inkişafı məqsədilə istifadə edilir.
Yığıncaq, mitinq və nümayişlərin həyata keçirilməsi kimi kütləvi tədbirlərin keçirilməsi üçün xəbərdarlıq üsulu tətbiq edilir. Bu zaman onların təşkilatçıları keçiriləcək tədbirlər barəsində dövlət hakimiyyət orqanlarına xəbər verirlər. Müvafiq orqanlar kütləvi tədbirlərin keçirilməsinə o zaman mane olmağa haqlıdırlar ki, onların keçirilməsinin məqsəd və şəraiti ictimai asayiş üçün təhlükə yaratsın.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Siyasi hüquq və azadlıqlar sırasında insanın ən mühüm konstitusion hüquqlarından biri olan söz azadlığı xüsusi yer tutur. Bu əsas azadlığın primat ideyasını qoruyaraq, fransız maarifçiliyinin ideoloqu Volter yazırdı: “Öz fikirlərini sərbəst demək azadlığı olmadan insanların heç bir azadlığı yoxdur”.
İdeya plüralizmi, yəni siyasi, iqtisadi, mənəvi, digər ideya və dəyərlərin zənginliyi və müxtəlifliyi cəmiyyətin siyasi həyatına əsaslı demokratik prinsiplərin tətbiq edilməsinə imkan yaradır. Buna görə də, söz və fikir azadlığı demokratik tolerant cəmiyyətin mövcudluq formasıdır. Təsadüfi deyil ki, tanınmış rus hüquqşünası E.N.Tarnovski yazırdı: “Şəxsiyyət azadlığı hər şeydən çox mətbuat və söz azadlığı ilə təsdiq və sübut olunur”.
Bir halda ki, cəmiyyət heç vaxt intellektual vəhdət yaratmır və özünü vahid bir ideyada ifadə edə bilmir, onda onun hər bir üzvü öz fəaliyyətini, bu və ya digər problemlər barədə xüsusi anlayışını saxlayır. Söz və fikir azadlığı həqiqətdə insan fərdiyyətinin mühüm aşkara çıxarılma faktoru, hər bir şəxsin orijinallığı və unikallığının təsdiqidir.
Öz mövqeyini söyləməyə və ya ondan imtina etməyə məcbur etmək məqsədilə insana edilən hər hansı bir zorakı təsir yolverilməzdir. Buna görə də söz azadlığının ən mühüm hüquqi nəticələri sırasına qüvvədə olan qanunvericiliyin gözlənilməsi şəraitində vətəndaşın öz fikrini söyləməsinə görə istənilən təqibin qanunauyğunsuzluğu, həmçinin vətəndaşların söylədiyi rəylər əsasında onların hüququnun tapdalanmasına yolverilməzlik də daxildir.
Söz azadlığı bir-biri ilə sıx qarşılıqlı əlaqədə və ayrılmaz vəhdətdə mövcud olan bir neçə struktur elementləri özündə birləşdirir. Birincisi, bu, hər bir insanın öz fikirləri, ideya və mülahizələrini kütlə qarşısında söyləmək və onları istənilən qanuni üsullarla yaymaq azadlığıdır. İkincisi, senzuranın qadağan edilməsi fonunda mətbuat, KİV azadlığı, müvafiq informasiya orqanları yaratmaq və onlardan istifadə etmək hüququdur. Üçüncüsü, informasiya mənbələrinə buraxılma azadlığı hüququdur.
Əksər müasir konstitusiyalarda senzura qadağası olsa da, bu, o demək deyildir ki, söz azadlığı hüdudsuz və mütləqdir. Bir qayda olaraq, legitim dövlət hakimiyyətini zorla devirməyə çağırışlar, dövlət sirrini yaxud qanunla qorunan digər sirri yaymaq, cinayətlərə təhrik, milli, irqi, dini və digər düşmənçiliyi qızışdırmaq, təhqiretmə və digər şəxslərə böhtan atmaq, ictimai əxlaq və mənəviyyata qəsd üçün söz azadlığından istifadə etmək qadağan olunur. Başqa sözlə, söz azadlığının istifadəsi xüsusi məsuliyyət tələb edir, bunlara həmçinin nəzərdə tutulan hüquqdan sui-istifadəni aradan qaldırmağı tələb edən müəyyən qanuni məhdudiyyətlər də aiddir.
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə müvafiq olaraq, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.
Ruhangiz Hüseynova
“Qadınlar Arasında Həmrəylik” İB-in sədri