Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

Bir nəfərin ağzından çıxan sözlə idarə olunan Azərbaycan

 Müsavat Partiyasının üzvü
Şirzad Babalar

Azərbaycan bir nəfərin iki dodağının arasından çıxan sözlə idarə olunur. Çoxları deyir ki, ölkədə baş verənlərdən, xüsusilə də, qiymət artımından ölkə başçısının xəbəri yoxdur. Başqa qiymətlərlə yanaşı qazın, işığın da qiyməti qaldırıldı. Çox çəkməyəcək başqa qiymətlər yenidən qaldırılacaq, sonra yenidən suyun, qazın, işığın qiyməti qaldırılacaq. Ta xalq ayağa qalxana, sosial partlayış baş verənədək belə olacaq. Bunu sözdə Konstitusiyaya, Qurana and içib “hamının prezidenti olacağını” bildirən İlham Əliyevin siyasi kursuna yaxından bələd olan birisi kimi deyirəm.

Ölkədə sosial-ekonomik durum olduqca ağırdır. 1993 çevrilişindən bu yana başında birbaşa Əliyevlərin – Əliyevlər ailəsinin durduğu soyğunçuluq, yağmalama siyasətləri yalnız xalqı deyil, dövlətin özünü də uçuruma aparır. Neft-qaz, balıq-kürü, qızıl-gümüş milyardları oğru Əliyevləri dünyanın ən varlı ailəsinə çevirdi. Amma Azərbaycan xalqı dünyanın ən yoxsul xalqlarından biri oldu. Böyük təbii resurslar baxımından dünyanın ən varlı dövlətlərindən biri olmalı ikən, Azərbaycan dövləti bu gün yoxsuldan da yosxul, dünyanı dolaşıb hamıdan pul dilənən dövləti olduq. Bu xalqı, bu dövləti soyub-yağmalamaqla, yarıtmaz yönətimlə yaman günə qoyan adam, demək olar, 15 illik prezidentliyin üstündən saxta referendum yoluyla özünə daha 14 illik prezidentlik qazandırdı. Bununla yanaşı, o özünə daha böyük prezidentlik sılahiyyətləri qazandırdı. Bütün bunlardan sonra da ortada gerçək bir prezidentlik, gerçək prezident xarakteri, gerçək prezident davranışı yoxdur.

Ölkə açıq-aydın rəzalət yuvasına çevrilib. Təhsil sistemində rəzalət, sağlamlıq sistemində rəzalət. Bunlar mənəvi, fiziki xarakterli rəzalətlərdi. Belə rüsvayçı siyasətlə üzləşən xalqın gələcəyi ola bilməz. Belə faktların əsas səbabkarı hakim rejimdir. Azərbaycanın yüzdə 20-ni ermənilər, yüzdə 80-nini oliqarxlar işğal ediblər. Prezidentin qısa müddətə milyarderə çevrildiyi, ən ölüvay nazirin ayda 2-3 milyonluq paket aldığı dövlət gec-tez çökməlidir. Ölkədə avtoritar, diktatura rejimi qurulub. Bunu hər kəs bilməlidir. Bu günlərdə Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli məmurlarının məhkəməsi gedir. Məhkədəki ifadələr hər kəsi şoka salır. Məlum olur ki, nazirə ayda 2-3 milyon manatlıq paket, üstdən aşağı başqalarına 500-300-50-30 minlik paketlər verilirmiş. Bunlar aysberqin görünən üzüdür: bütövlükdə bu, əliyevçi dövlət hakimiyət sistemi üçün xarakterik haldır. Baş administrator-filosof Ramiz Mehdiyev uzun illər “İnkişafın Azərbaycan Modeli”ndən bəhs edirdi. Bununla bağlı qalın-qalın kitablar nəşr olundu, böyük konfranslar keçirildi. Bu günlərdə açıq şəkildə etiraf olundu ki, bu model özünü doğrultmur, yeni model axtarışına çıxılıb. Bütün bunlar hamısı bir yerdə Azərbaycan dövlətinin özünün açarıının itirilməsi, daha doğrusu, oğurlanıb ələ keçirilməsi faktlarıdr!

Milli Təhlükəsizlik Nazirliyində baş verənlər KQB zabiti olmuş, bir vaxtlar bu qurumun başında durmuş Heydər Əliyev dövlətçiliyinin ən tipik, ən xarakterik görsənişlərindəndir. Neft milyardlarını “güclü iqtisadiyyat” sayan İ.Əliyev indi, neft gəlirləri minimuma enəndən sonra, dağıtdığı Neft fonduna, boşaltdığı dövlət büdcəsinə baxıb “iqtisadiyyatın şaxələndirilməsindən”, pambıqdan-fındıqdan, velosiped düzəldə bilmədiyi yerdə uçaq düzəltməkdən danışmağa başlayıb.

Ölkədə sabitlikdən çox danışılır. Həqiqəti qəbul etmək lazımdır. Diktatura qısa müddət ərzində sabitlik yaradır, amma uzun müddət üçün bu mümkün deyil. Azərbaycan gec-tez Avropaya inteqrasiya olunmalıdır və demokratiyaya keçid etməlidir. Əks təqdirdə ölkəmizi daha ağır böhranlar gözləyir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir