Dörd il sonra Baş Prokurorluq “Tərtər işi”ndə pozuntu faktlarını etiraf etdi
Dekabrın 18-də Azərbaycan Baş Prokurorluğu geniş məlumat yayaraq, 2017-ci ildə orduda kobud qanunsuzluq faktlarını təsdiq edib. Həmin vaxt uydurma dövlətə xəyanət ittihamı ilə çox sayda hərbiçi işgəncələrə məruz qalıb, bəziləri isə həlak olub.
Bu faktlar “Tərtər işi” adlandırılan işlə bağlıdır, 2017-ci ilin may-iyun aylarında Tərtər, Ağdam və Beyləqan rayonlarında baş verib.
Həmin vaxt Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bir qrup hərbi qulluqçu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar, bunu Baş Prokurorluq etiraf edib.
Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.
“Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilmiş, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilmişdir”, deyə məlumatda bildirilir.
Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.
Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək.
Prokurorluq KİV-ə və sosial şəbəkə istifadəçilərinə ibtidai istintaq məlumatlarının yayılmasına görə məsuliyyət barədə xəbərdarlıq etməyə də tələsib.
Baş Prokurorluğun fikrincə, bu, “istintaqa təsir göstərir, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırır, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salır”.
Qeyd edək ki, məhz KİV-lərdə və sosial şəbəkələrdə yayılan çoxsaylı nəşrlər və qanunsuz olaraq öldürülmüş hərbiçilərin qohumlarının küçə aksiyaları Baş Prokurorluğun çox sayda hərbiçinin hüquqlarının kobud şəkildə pozulması faktlarını etirafe tməyə vadar edib.
İndiyədək hüquq-mühafizə orqanları işin araşdırıldığını və bütün təqsirkarların cəzalandırıldığını iddia edirdi. Bəs Baş Prokurorluq artıq araşdırılmış işə niyə qayıdıb?
Bu hadisədə bütün bu müddət ərzində istintaq aparan Hərbi Prokurorluğun rolu prinsipial məsələdir. Hərbi prokurorlar haraya baxırdılar, cinayətləri niyə ört-basdır edirdilər? Baş Prokurorluq KİV-ə nə yazacağını öyrətmək yerinə, bu sualları cavablandırmalıdır.
Bu məsələdə öz sıralarında bu cür özbaşınalığa yol verən, bütün dünyaya hərbiçilər arasında ermənilərə işləyən geniş casus şəbəkəsinin ifşa edildiyini bəyan edən Müdafiə Nazirliyinin rəhbərliyinin rolu da işıqlandırılmalıdır.