Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

Apellyasiya Məhkəməsi Mehman Hüseynovu həbsdə saxlayıb

Martın 15-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan bloger Mehman Hüseynovun şikayətini təmin etməyib. Şikayət blogerin həbsindən öncə ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Blogerin vəkili Elçin Sadıqov qadağanın qanunsuz olduğunu, M.Hüseynovun hərəkət azadlığının pozulduğunu bildirib: “Belə qadağaların tətbiq olunması üçün mütləq legitim əsas olmalıdır. M.Hüseynov heç bir cinayət törətməyib, daim blogerlik fəaliyyəti ilə məşğul olub. Ona tətbiq edilən qadağa bilavasitə onun peşəsi ilə bağlı olub ki, bu da legitim əsas deyil”, – vəkil bildirib.

Qapalı keçirilən məhkəmə prosesində hazırda Şüvəlandakı 3 saylı təcridxanda cəza çəkən M.Hüseynov da iştirak edib. Məhkəmədəki çıxışında bloger də ona qoyulan qadağanın qanunsuz olduğunu bildirib.

Məhkəmə heyəti apellyasiya şikayətini təmin etməyib, vəkil isə Avropa məhkəməsinə şikayət edəcəklərini bildirib.

M.Hüseynov 2014-cü il noyabrın 10-da ATƏT-in beynəlxalq tədbirində iştirak etmək üçün Gürcüstana yola düşmüşdü. Ancaq hava limanında saxlanılmışdı. Polisə, daha sonra Baş Prokurorluğa aparılan bloger dindirildikdən sonra sərbəst buraxılmışdı. Ona demişdilər ki, ölkədən çıxışına yasaq qoyulub. Həmin vaxt yasağın qaldırılması üçün məhkəməyə müraciət edilmişdi. Səbayel məhkəməsi müraciəti rədd etmişdi.

Xatırladaq ki, M.Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət edib.

Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir