Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Xırdalanda dəhşət: 5 qadın boğulub öldü YENİLƏNİB FOTO

Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Şəhərin 26-cı məhəllə, bina 6 ünvanında 5 nəfər dəm qazından zəhərlənərək ölüb.

Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumatda deyilir ki, martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerinə gedib və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə, dəm qazından zəhərlənərək ölüblər.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ölənlərdən ikisi tələbədir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a bildirilib ki, ölən tələbələr Xırdalan şəhərində yerləşən İqtisadiyyat və Humanitar Kollecdə oxuyurmuş.

Hadisənin təfərrüatı ilə bağlı o da məlum olub ki, həyatını itirən şəxslərdən 4-ü qohum olub. Nübar Musayeva Turanə və Lamiyə Xanlayevaların yaxın qohumudur. O, Balakəndə yaşayırmış və ötən gün qızı Aytən Musazadəni Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra onlar Xırdalanda qohumlarının yaşadığı evdə gecələyiblər və o gecə ana-balanın son gecəsi olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir