Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Müsahibə

Qadir İbrahimli: Azərbaycan sürətlə 1993-cü ilin böhranına doğru gedir..

Milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Hökumət rəsmiləri iddia edir ki, bu sənəd ölkəni böhrandan çıxaracaq. Müstəqil ekspertlər isə fərqli düşünür. İqtisadçı-ekspert Qadir İbrahimli bu məsələ ilə bağlı azadliq.info-nun suallarını cavablandırır.

– Bu yaxınlarda Milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri təsdiqləndi. Bunu necə dəyərləndirirsiniz?

– Əvvəla, sənəd daha çox akademik uslubdadır və Azərbaycan iqtisadiyyatının praktik durumuna adekvat deyil. İqtisadi nəzəriyyənin terminologiyasından gen-bol istifadə etməklə anti-böhran paketi hazırlamaq mümkün deyil. Azərbaycan iqtisadiyyatının real durumu, xüsusilə də biznes mühiti, mülkiyyət hüquqlarının qorunması və kapitalın sərbəst hərəkəti və təhlükəsizliyinin təmin edilməsi mexanizmi sənəddə əksinə tapmayıb. Bu fundamental şərtlər təmin edilməsə, Nobel mükafatçıları da Azərbaycanı böhrandan çıxarrmaq üçün proqram hazırlaya biməyəcək.

– Konkret, gözləntiniz yoxdur?

– Sənəddə göstərilir ki, Azərbaycan iqtisadiyyatına 27 milyard manat investisiya lazımdır. 130 milyardı xərcləyib normal iqtisadiyyat qura biməyiblər, 27 milyardla necə böhrandan çıxacaqlar? O biri tərəfdənsə, hansı yerli mənbələrdən söhbət gedir? Büdcə dollar hesabı ilə 60 faiz kiçilib. 25 milyard dollar olan büdcə indi 10 milyard dollardır. Büdcədə investisiya xərcləri kəskin azalıb. Özəl sektor isə Azərbaycanın biznes mühitinə etibar etmir. Bu il Azərbaycan investorları təkcə Gürcüstan iqtisadiyyatına 500 milyon dollar (1 milyard manata yaxın) yatırıblar. Hələ Türkiyə, Qazaxıstan, Ukrayna, Çexiya iqtisadiyyatını demirəm. Bu ölkələrə üst-üstə milyardlar yatırılıb. Çünki Azərbaycanda həm mülkiyyət toxunulmazlığında ciddi problemlər var, həm də kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə təminat yoxdur.

– Bəs xarici investisiyaların cəlbini necə qiymətləndirirsiniz?

– Qeyri-neft sektoruna qoyulan xarici investorların aqibəti hamıya bəllidir, o cümlədən də xarici investorlara. Azərbaycan büdcəsi 1 milyard dollar olanda (2005-ci il) Hollandiyanın “Fondel” şirkəti Azərbaycanın metallurgiya sənayesinə 300 milyon dollar yatırım qoymuşdu. Fərhad Əliyevin həbsindən sonra şirkəti Azərbaycandan qovdular. “Azpetrol”un hollandiyalı təsisçilərinin paylarını əllərindən aldılar. Türkiyənin “Barmek” şirkəti ilə imzalanan 25 illik müqavilə pozuldu və az qala şirkətin prezidenti Hüseyn Arabulu həbs edəcəkdilər. “WikiLeaks” saytında dərc edilən məxfi teleqramlarda xarici şirkətlərin “Yukos” tipli hücümlara necə məruz qalmsı ilə bağlı onlarla xəbər yer alıb. (Putinin hakimiyyətinin ilk illərində YUKOS şirkətinin rəhbəri Mixail Xodorkovskini həbs edib əmlakını əlindən aldılar, bu fakt postsovet məkanında arzuolunmaz presidentə səbəb oldu və o vaxtdan Qərb mətbuatında belə əmlak talanlarına “YUKOS tipli hücumlar” tərifi verildi). Bütün bunlardan sonra hansı ciddi investor Azərbaycan iqtisadiyyatına sərmayə qoyacaq?

– Bəs xaricdə yaşayan azərbaycanlı iş adamlarının investisiya imkanlarından faydalanmaq mümkündürmü?

– Guya onların Azərbaycanın biznes mühiti haqda məlumatları yoxdur? Tam incəliyinə qədər bilirlər. Ona görə də yaxın gəlmirlər. Siz bir faktı deyim. 2005-ci ilin sentyabrın 8-də Astarada Azərbaycan prezidenti İlham Əliyevin konserv zavodunun rəsmi açılışı olub. Zavod Rusiyada işləyən 1 Astara sakinin sərmayəsi ilə açılmışdı. Zavodda 180 nəfər daimi işlə təmin olunmuşdu və gün ərzində 300 ton tərəvəz qəbul edə bilirdi. Eyni zamanda zavod rəhbərliyi məhsul yetişdiriləməsi üçün 1500 nəfəri birləşdirən 30 fermer təsərrüfatına milyonlarla manat faizsiz kredit verilmişdi. Sonu nə oldu? Zavod cəmi 3 il işləyə bildi. Sonra İqtisadi İnkişaf Nazirliyinin cənub regional idarəsinin rəisi gəlib zavod direktorunda “aylıq təzminat” tələb ediblər. Sahibi də belə işləməyin mümkünsüz olduğunu görüb zavodu bağlayıb Rusiyaya yollandı. İndi zavodun qapısının üstündə «kənar şəxslərin daxil olması qadağandır» sözləri yazılıb. Bundan sonra hansı astaralı iş adamı Astaraya sərmayə qoyacaq? Eyni sözləri bütün rayonlardan olan və hazırda xaricdə yaşayan iş adamları haqda demək olar.

– Belə çıxır ki, böhrandan çıxmaq mümkün olmayacaq?

– Əslində mümkündür, ancaq təəssüf ki, indi hökumət böhrandan çıxmaq haqda yox, movcud status-kvonu nəyin bahasına olursa-olsun saxlamaq haqqında düşünür. Hökumət sadəcə böhranı “liberallaşdırıb” və əhalini böhranla-başa buraxıb. Bütün xərcləri əhali qarşılamalı olacaq – təhsil pullu, səhiyyə pullu, imtahanlar pullu, eləcə də başqa dövlət xidmətlərinin hamısı ödənişli və bu ödənişlərin həcmi də getdikcə artır. Azərbaycan sürətlə 93-cü ilin böhranına doğru gedir…

– Yəni vəziyyət bu qədər kritikdir?

– Təəssüf ki, daha çox kritikdir. Hamı gözləyirdi ki, 2 illik üzücü devalvasiyadan sonra hökumət manatı sabitləşdirmək haqqında qərar qəbul edəcək. Bütün gözləntilərin əksinə olaraq hökumət 2017-ci ildə tam üzən məzənnəyə keçid haqqında qərarını elan etdi. Bu artıq hiperinflyasiyanın başlanğıcı deməkdir. Hiperinflaysia pul tədavülü sisteminin tam dağılması, qiymətlərin fasiləsiz və sürətli artımı deməkdir. Hansı ki, 90-cı illərin əvvəllərində biz bu şoku yaşamışıq.

– Hiperinflyasiya qaçılmazdır?

– Proseslər belə davam edəcəksə qaçılmaz olacaq. Tam üzən məzənnə siyasəti yaxşı heç nə vəd etmir. O biri tərəfdənsə Mərkəzi Bankın davaranışlarını anlamaq çətindir. MB xarici valyutaların leqal satışını demək olar ki, ləğv edib. 90-cı illərin əvvəllərindəki qara bazarlar bərpa edilib. Dollar guya ancaq banklarda satılır. Ancaq bankların çoxu dolların rəsmi qaydada satmaqdan imtina edir, alıcılar da qara bazara üz tutur. Birmənalı şəkildə deyirəm ki, qara bazarın arxasında MB-ın üzü durur. Dollar satışında qeyri-leqal milyonlar götürülür, süni dollar qıtlığı yaradılır. Hüquq-mühafizə orqanları isə guya qara bazara qarşı mübarizə aparır. Əsil uşaqların gizlənpaç oyunudur. Hərraclar, dollar satışı hamısı məzhəkədir. MB elan edir ki, dollara tələbat 700 milyondur. Ancaq hərrac keçirilir və cəmi 100 milyon satılır. Bəs tələbatın 600 milyonu necə ödənilir? Təbii ki, qara bazarda. Biz əvvəllər deyirdik ki, oliqarxların hökumətə təzyiqi yüksəkdir. İndi situasiya dəyşib – hökumət bankirlərin təzyiqi altındadır.

– Sözlərinizdən belə çıxır ki, 90-ci illərin böhranı mütləq təkrarlanacaq?

– Mənim sözlərimdən yox, hökumətin davaranışlarından belə çıxır. 2016 sanki 1992-c ildir. Qarşıda qiymət sıçrayışları ilə zəngin 2017 (1993) gəlir. Ancaq 1993-cü il böhranın obyektiv səbəbləri də var idi – ölkədə müharibə gedirdi, sovet iqtisadiyyatı rəsmən çökmüşdü. Ölkənin nəinki valyuta ehtiyatları, düz-əməlli büdəsi də yox idi. İndi 10 milyard dollarlıq büdcə, 30 milyard dollar valyuta ehtiyatı var. Çatışmayan təkcə hökumətin rasional qərarlarıdır – effektiv büdcə bölgüsü, dövlət xərclərini kəskin azaltmaq, idarəçiliyi çevikləşdirmək, rəqabətə davamlı biznes mühiti yaratmaq. Hansı ki, bu qərarlar indi üfüqdə belə görünmür.

– Milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri də işləməyəcək?

– Əsas məsələ indi siyasi qərarların verilməsidir, xəritə ikinci, üçüncü dərəcəlidir. Vergi Məcəlləsini götürək. Azərbaycanın vergi qanunvericliyi qədər liberal qanunvericilik çox az tapılar. Cəmi 9 növ vergilər mövcuddur. Avropadakı vergilərin sayından 2-3 dəfə azdır. Ancaq praktiki baxımdan Azərbaycanın vergi sistemi ən mürtəce vergi sistemlərindən biridir. İş adamları “Bandotdel”in əməkdaşlarından o qədər qorxmurlar, nəinki vergi əməkdaşlarından ehtiyatlanırlar. Əgər yığılan ödənişlər tam büdcəyə yönəldilsydi, buna yenə dözmək olardı. Bu dənişlərin əksəriyyəti qara kassalar yığılır və mənimsənilir. Strateji yol xəritələri də vergi qanunvericiliyi kimi icra ediləcəksə, icra edilməsə yaxşıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir