Media-fakt.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Bu, döyüş sursatlarının çox əhəmiyyətli növüdür. Tank əleyhinə sistemlər rəqibin tank gücünü böyük ölçüdə məhv etməyə imkan verəcək”, – hərbi müəssisənin silahlanma xidmətinin rəisi, mayor Risto Pyartel qeyd edib.
Döyüş sursatlarının dəyəri 33 milyon dollar təşkil edir və çatdırılma ABŞ tərəfindən maliyyələşdirilib. Estoniyaya verilən “Javelin Block-1” tipli raketlər “Javelin”in əvvəlki modelləri ilə müqayisədə ən böyük sürətə və dağıdıcı gücə malikdir.
“Javelin” daşınabilən tank əleyhinə raket kompleksi 1996-cı ildə ABŞ ordusunun silahlanmasına daxil edilib. “Javelin” sonrakı illərdə Litva, Gürcüstan, Çexiya, İrlandiya, Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Tayvan, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, BƏƏ, Qətər, Bəhreyn və Fransa ordularının istifadəsinə verilib. Döyüş sursatı zirehli texnika, həmçinin vertolyotlar və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulur.
ABŞ Xarici İşlər Nazirliyi “Javelin” tank əleyhinə raket sistemlərinin Estoniyanın satışını 2015-ci ilin oktyabrında bəyənib. Sazişin həcmi 55 milyon dollar təşkil edir.
Qeyd edək ki, Ukrayna hadisələri fonunda Baltikyanı ölkələrdə, o cümlədən Estoniyada hərbi büdcənin artırılması istiqamətində çağırışlar edilir. Ukraynadan sonra Rusiyanın növbəti hədəflərindən birinin Baltikyanı ölkələrin olacağı barədə narahatlıq ifadə olunur.
Cari ilin əvvəlində “The Daily Telegraph” nəşri yazıb ki, NATO Baltikyanı ölkələrə, həmçinin Şərqi Avropa və Cənubi Avropa dövlətlərinə Rusiyanın geniş miqyaslı müdaxiləsindən ehtiyat edir. Bununla əlaqədar olaraq, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstanda NATO-nun əlavə hərbi bölmələrinin yerləşdirilməsi planlaşdırılır. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə 2016-cı ildə Avropada güclərin genişləndirilməsinə 3,4 milyard dollar xərcləməyi planlaşdırır. Amerika məmurlarının sözlərinə görə, Avropada orduya ayrılan maliyyənin artırılması ABŞ-ın NATO-dakı partnyorlarına sədaqətinin nümayişi üçün nəzərdə tutulub.