Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət

Məhkəmə Əvəz Zeynallını cərimələdi VİDEO

Əvəz Zeynalli 2 saatdan çox davam edən məhkəmə prosesindən sonra 200 manat cərimə olunmaqla məhkəmə zalından azad olundu.

***

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Binəqədi rayon məhkəməsində mühakiməsi başlanıb. Həmkarları hadisə yerindən xəbər verir ki, proses heç bir izahat verilmədən qapalı keçirilir. Zeynallının qohumları, ailə üzvləri, o cümlədən xanımı da məhkəmə zalına buraxılmayıb. Ən qəribəsi isə prosesdə vəkil də iştirak etmir.

***
19.12.2017
Əvəz Zeynallı İXM-nin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmama) təqsirləndirilir. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

“Hazırda Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır. Sabah (dekabrın 20-də) onunla görüşəcəm. Hələ ki, onun cəzalandırılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama)”, – deyə vəkil vurğulayıb.

***

Polis bölməsində gözləyən fəalların sosial şəbəkələrdə yaydığı məlumata görə, Əvəz Zeynallını Binəqədi rayon 4-cü polis bölməsindən çıxarıb 90-UU-144 dövlət nömrə nişanlı qara rəngli “Range Rover”lə naməlum istiqamətə aparırlar.

***

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dekabrın 19-da saxlanılaraq Binəqədi rayonu 4-cü polis bölməsinə aparılıb. Bu jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat yayıb.

“Uzun müddətdir ki, Əvəz Zeynallı sosial şəbəkələrdə canlı yayımlar apararaq, Binəqədi rayon polis bölməsi əməkdaşlarının işlərinə göstərdikləri məsuliyyətsizliyi, lazım gəldi-gəlmədi Binəqədi şossesində yolu bağlayaraq, minlərlə insanı onlarla kilometr yolu evlərinə payi-piyada getməyə məcbur etməklərini ifşa edib. Bu gün də eynilə yolların heç bir xəbərdarlıq edilmədən bağlanması yüzlərlə insanın piyada yürüməsinə səbəb olub. Yolda çəkiliş etməyə cəhd göstərən Əvəz Zeynallını bu dəfə vəzifəsini və kimliyini təqdim etməyən polis əməkdaşı təhqir edib” deyən jurnalistin həyat yoldaşı bildirib ki, polis əməkdaşını təhqirə yol verməməyə çağıran Əvəz Zeynallı sadə insanlara qarşı kobudluq göstərən həmin adama vəzifə səlahiyyətlərini xatırladıb: “Bu da təbii olaraq polisin xoşuna gəlməyib və məcburi qaydada Əvəz Zeynallını 4-cü polis bölməsinə aparıblar”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir