Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Biznes qurmaq istəyən gənci, korrupsiya tələbləri, müxtəlif yoxlamalar gözləyir”.

Gənclərin məşğulluğu dünyanın bütün inkişaf etmiş və etməkdə olan ölkələri üçün aktual məsələdir. Statistik məlumatlara görə, dünya gənclərinin 25-30%-ə qədəri işləmir. Gənclərin işlə təmin edilməsində problemlərin olması isə çoxlu sayda sosisal problemlərin yaranmasına gətirib çıxarır. Azərbaycanda gənclərinin durumunu müzakirə etmək üçün Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyevə müraciət etdik.2 (1)

Elşən bəy, necə fikirləşirsiniz, Azərbaycanda gənclər daha çox hansı problemlərlə üzləşirlər? – Bu gün Azərbaycanda gənclərin kifayət qədər problemləri var. Amma ilk növbədə gənclər daha çox işsizlikdən əziyyət çəkirlər. Ölkədə onsuz da mövcud olan işsizliyin vəziyyəti, son dövrlər baş verən iqtisadi böhranla əlaqədar olaraq daha da dərinləşmişdir. Müqayisə baxımından demək olar ki, yeni işə başlamaq istədiyindən bu prosesdə ağırlıq daha çox gənclərin üzərinə düşür. Belə ki, yeni ixtisasa yiyələnən və yeni işə başlamaq istəyən bu yaş qrupunu hər kəs işə götürməkdə maraqlı deyil. Eyni zamanda mövcud durum özünü hər hansı sahədə göstərmək istəyən gənclərin qarşısını alır. Özəl şirkətlər, müasir texnologiyaya söykənən xidmət və servis işlərinin zəifləməsi problemi daha da qabarıq şəkildə göstərir. Qeyd olunanlarla yanaşı gənclər həm də ictimai və sosial həyatda olduqca passivdirlər. Çünki, onların bir gənc kimi özünü göstərməsi üçün şəraitləri yoxdur.

– Əgər situasiya çətindirsə, gənclər daha çox nəyə ümid bəsləyə bilər ki, öz gələcəklərini qura bilsinlər? – Reallıqdan doğan bir sualdır və qeyd edim ki, əslində ölkə ərazisində bu problemi həll etmək olduqca çətindir. İş yerləri sıradan çıxıb. Ictimai təşkilatların fəaliyyəti çətinləşib və bu təşkilatlarda çalışan gənclər ümidlərini dini təriqətlərə bağlayıblar. Belə olan halda gənclərin zərərli vərdişlərə, alkoqolizmə, narkomaniyaya, oğurluğa, cinayət hallarına meyl etməsi labüd olur. Buna görə də bu gün narkomaniya və onun fəsadları ilə üz-üzə qalırıq. Digər tərəfdən təbii yaşamlarını təmin etmək üçün gənclər digər ölkələrə, xüsusilə Rusiyaya getməyə üz tutacaqlar. Rusiyada isə normal iş şəraiti və yaşayış təminatı olmadığından gənclərimizi orada daha çox kriminal qruplara meyllilik və qeyri-leqal məşğuliyyət gözləyir.

Elşən bəy, hökumət bu durumda nələr edə bilər ki, gənclər işlə təmin olunsun və Rusiyaya üz tutmasın? – Əslində hökumət vaxtında siyasi iradə nümayiş etdirib Bakıda və regionlarda neft gəlirlərindən istehsal və xidmət müəssisələrinin yaradılmasını təmin etməliydi ki, müəyyən qrupun işlə təminatı məsələsi aradan qalxsın. Ölkədə heç olmasa normal biznes mühiti yaradılmalıydı ki, gənclərin də biznes bacarıqları inkişaf etsin. Hazırda bankların kredit vermək imkanları məhdudlaşıb, ölkədə bürokratik əngəllər var. Təsəvvür edin ki, hər hansı biznes qurmaq istəyən gənci nə qədər bürokratik əngəllər, korrupsiya tələbləri, müxtəlif yoxlamalar gözləyir. Bu durmuda onsuz da biznes qurmaqda perspektiv görməyən gəncin biznesə üz tutması inandırıcı görsənmir. Gənclərin işsizliklə üz-üzə qalması isə bu gün bizim reallığımızdır.

    Media-fakt.info   ( 25.07.2016)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir