Abituriyentlərin 68 faizi «2» alıbsa…
Azərbaycanın ali təhsil müəssisələrinə bu ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub. IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.
Bu il IV ixtisas qrupu üzrə 3310 plan yeri ayrılıb, onlardan 1970-i Azərbaycan, 155-i Rus, 1185-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Qəbul planından 1405-i dövlət sifarişli yerlərin payına düşür.
Bu il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. Imtahan nəticələrinə əsasən, 11406 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.
Imtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb.
Bu il I ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si Rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür.
Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib. Hər iki qrup üzrə 22 508 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib. Bu da imtahanda iştirak edən abituriyentlərin 61%-dən çoxunu təşkil edir.
Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə – 700 bal toplayıb.
Bəli, yuxarıdakı rəqəmləri ümumiləşdirəndə yenə də acınacaqlı nəticənin şahidi oluruq. Keçid balları nə qədər aşağı salınsa da, təhsilin bərbad vəziyyətini nə qədər gizlətməyə çalışsalar da, reallıq ortadadır. I və IV ixtisas qrupu üzrə 22508 abituriyent 200 balı toplaya bilməyib və bu da ümumi abituriyentlərin 61 faizi deməkdir. 36737 abituriyentdən yalnız 6 nəfəri 700 bal toplaya bilib.
Belə çıxır ki, bu mərhələdə orta məktəb attestatı almış 22508 abituriyentin elementar bilikləri yoxdur. Bəli, imtahanada iştirak edən tələbələrin 68 faizi 200 bala yaxınlaşa bilmir. Bu isə orta məktəblərin acınacaqlı vəziyyətinin, təhsil sisteminin çöküşünün, kütləvi savadsızlığın hökm sürməsinin göstəricisidir. Demək olar, bütün imtahan nəticələri eynidir. Hər dəfə abituriyentlərin 60,70, 80 faizinin 0-200 bal arasında gəzişdiyi məlum olur. Deməli, 11 illik məktəb həyatından şagirdlər heç nə mənimsəyə bilmir. Hər dəfə dərin araşdırma aparanda məlum olur ki, yüksək bal toplayan az faiz abituriyentlər də lisey məzunlarıdı.
Azərbaycanda ən az diqqət və qayğı təhsil sahəsindədir. Müəllimlər dilənçi maaşına möhtac edilib, repetitorluq kütləvi xarakter alıb. Faktiki olaraq belə fikir formalaşıb ki, orta məktəbdə təhsil alıb, ali məktəbə daxil olmaq mümkünsüzdür. Bunun üçün 5-6 müəllim yanında hazırlıq keçmək lazımdır. Buna isə hər valideynin imkanı çatmır. Dövlətin əsas strukturu olan təhsil sistemi faktiki olaraq yetim vəziyyətə düşüb, korrupsiya yuvasına çevrilib, nə müəllimin təhsil vermək, nə də şagirdin təhsil almaq stimulu var.