Mirzəcan Xəlilovdan 55 min manat pulunu ala bilməyən Zülfüqar Əliyev məhkəmənin qərarı ilə ona üstəlik 28 min manat ödəməlidir
Millət Vəkili Mirzəcan Xəlilovun Novxanıdakı villasında işləmiş ustalar ondan pulunu ala bilmir. Bunu mediada ustaların verdiyi açıqlamalar sübut edir. Lakin ustalar deputata qarşı iddialarını geri götürməyincə deputat da onlara qarşı əks – hücum metodundan istifadə edir. Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Zaur Mikayılov adlı ustaya deputatın min manat, Bəhruz Musayev adlı ustaya isə daha 5 min manat borcu qalıb. Zülfüqar Əliyevin dediyinə görə, deputat pulu verməmək üçün min bir bəhanə gətirir. Lakin ustalar geri durmayınca Xəlilov onları məhkəməyə verməyə başlayıb. Belə ki, deputat Zülfüqar Əliyevə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırıb: “Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb”.
Bundan sonra M. Xəlilov 100 min manat təzminat tələbi ilə Ağdam Rayon Məhkəməsinə üz tutub. Guya şikayət etməklə Zülfüqar Əliyev onun şərəf və ləyaqətini alçaldıb. Ağdam rayon məhkəməsi isə Z. Əliyevə deputata ödəmək üçün 28 min 100 manatlıq təzminat kəsib: “Deputat istəyir ki, təkrar məktub yazıb səhv etdiyimi, təqsirin məndə olduğunu söyləyim. Bunu edəcəyim təqdirdə məhkəmənin kəsdiyi 28 min 100 manatlıq təzminatı almayacaqlarını deyirlər. Mən isə belə bir addım atmayacağam. Bəli, doğru demişəm, Mirzəcan Xəlilovun mənə 55 min manat borcu var”. Mətbuatın yazdığına görə ötən ay deputatdan pulunu tələb edən daha bir usta Bəhruz Musayev 30 gün həbs edilməklə məhkəmə qaydasında cəzalandırılıb.
Qeyd edək ki, Mirzəcan Xəlilovun köməkçisi ustaların borcla bağlı dediklərinin yalan olduğunu söyləyir.