Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya Bundestaqının “erməni soyqırımı”nın tanınmasına dair qəbul etdiyi qətnamənin siyasi məqsədli və sifarişli olduğunu təsdiqləyib. Virtualaz.org xəbər verir ki, Lavrov “Rossiya” telekanalının şənbə xəbərləri buraxılışına (Sergey Brilyovun verilişi) müsahibəsində alman parlamentinin bu qərarını “Türkiyənin bir sıra məsələlərdə öz partnyorları ilə əməkdaşlıq etmək istəməməsi” ilə izah edib.
“Hesab edirəm ki, bu qərarın səbəbi Türkiyənin bir sıra məsələlərdə həqiqi tərəfdaş olmaq arzusunda olmaması, onun qalmaqallar qaldırmaq cəhdləri və öz tərəfdaşlarını, o cümlədən Avropanı təhqir etməsi ilə bağlıdır”-Sergey Lavrov deyib. Rusiya xarici işlər naziri Ankaranın qətnaməyə reaksiyasını “qeyri-adekvat” adlandırıb, ancaq deyib ki, bu qətnamənin qəbulu ilə Türkiyə ilə Almaniya arasında yaxşı münasibətlərin sona çatdığını düşünmür.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev də Bundestaqın qərarının siyasi xarakter daşıdığını və sifarişli olduğunu deyib, erməni məsələsinin Türkiyəyə qarşı bəhanə kimi istifadə olunduğunu bildirib.