Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Etik davranış qaydalarına bələdiyyələr necə riayət edir?

Bələdiyyələr yarandığı ilk illərdə bu yerli özünüidarəetmə orqanı fəaliyyəti ilə yanaşı, onların vətəndaşlarla münasibətlərinin necə qurulacağı da diqqət mərkəzində idi. Lakin zaman keçdicə bu sahədə də irəliləyişlər əldə olunmağa başladı.

İlk illərdə bələdiyyə qulluqçularının vətəndaşlarla davranışı sadəcə ümumi etik normalar çərçivəsində qurulurdusa, lakin sonradan bununla bağlı Azərbaycanda qanunvericilik sahəsində aparılan islahatlar nəticəsi olaraq yeni hüquqi aktlar, qaydalar tətbiq edilməyə başlanıldı. Belə ki, bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə iki dəfə qanun qəbul edilib. 28 aprel 2015-ci il tarixdə qəbul edilən «Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında» qanunu bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Burada yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunu artmasına, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadını yüksəlməsinə, yerli özünüidarə orqanları və bələdiyyə qulluqçularının fəaliyyətində səmərəliliyinin artırılmasına, yerli özünüidarə orqanlarında korrupsiyasının və bələdiyyə qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasına xidmət edir.

Qeyd edək ki, bu mühüm əhəmiyyət kəsb edən qanunun bələdiyyələrdə tətbiqi ilə bağlı Milli Assosiasiyalar tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bələdiyyə qulluqçuları üçün, onların etik davranış qaydaları ilə bağlı məlumatlar, hüquqi biliklərin və peşə bacarıqlarının artırılması üzrə maarifləndirici və izahedici materiallar hazırlanıb və internet resurslarında yerləşdirilib. Habelə bu istiqamətdə müvafiq təlimlər keçirilib. Bələdiyyə sədrlərinə bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə inzibati ərazilərində yaşayan sakinlərin və ictimaiyyətin nümayəndələrinin məlumatlandırılması tövsiyə edilib.

Daha sonralar bu istiqamətdə bir sıra işlər də həyata keçirilib. Belə ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edildi. Burada da bələdiyyələrin fəaliyyətinə, xüsusilə bələdiyyə qulluqçularının etik davranışları ilə bağlı tövsiyələr öz əksini tapıb.

Bundan irəli gələrək bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edilməsi məqsədi ilə 31 may 2017-ci il tarixli “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Milli Assosiasiyaların rəhbərləri və bir sıra bələdiyyə sədləri Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında qeyd olunan qanun layihəsinin müzakirəsində iştirak edib və təkliflər veriblər. Qanun qəbul edildikdən sonra onun bələdiyyələrdə tətbiqi ilə bağlı Milli Assosiasiyaların nümayəndələri tərəfindən bələdiyyələrə hüquqi yardımlar və müvafiq tövsiyələr verilib. Xatırladaq ki, bu qanun 3 fəsil və 17 maddədən ibarətdir.

Bu qanunda da əsas məqsəd bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirməkdir.

Həmçinin qanuna əsasən, etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qanunun müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət, yaxud digər məlumatın daxil olması, kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi intizam icraatının başlanmasına səbəb ola bilər.

İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri kimi xəbərdarlıq, töhmət verilə bilər. İntizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir.

Məsələyə münasibət bildirən Masallı Bələdiyyələri Şurasının sədri Azər Baxışov bildirib ki, bələdiyyə qulluqçularının etik davranışları artıq qanunla tənzimlənir. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları yarandığı gündən indiyədək bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi, bələdiyyə qulluğuna qəbul və xüsusilə bələdiyyə qulluqçularının etik davranışları qanunvericilik nöqteyi-nəzərdən irəliləyişlər əldə edilib: “Əvvəllər bələdiyyə qulluqçuları ilə bağlı bir çox tələblər yox idi. Lakin indi bələdiyyə qulluğuna qəbul olunması üçün ali təhsil, iş təcrübəsi və mühüm məsələlər öz əksini tapıb. Əlbəttə ki, bu da onların vətəndaşlarla davranışında özünü biruzə verir. Təbii ki, bələdiyyələr vətəndaşlarla tez-tez ünsiyyətdə olur. Bilirsiniz ki, bələdiyyə qulluqçuları əmlak və torpaq vergisinin toplanması, həmçinin şikayətlər və müraciətlərlə bağlı vətəndaşlarla görüşlər. Ona görə də onların bilavasitə əhali ilə görüşü zamanı etik çərçivədə davranmaları vacibdir. Bu səbəbdən Masallı Bələdiyyələri Şurası hər ay bir dəfə olmaqla bələdiyyələrlə görüşlər keçirir və onlara tövsiyələr verilir. Qanunda da göstərildiyi kimi, bələdiyyə qulluqçusu heç bir halda vətəndaşlarla kobud şəkildə davrana bilməz. Bu artıq bələdiyyə qulluqçusu üçün inzibati məsuliyyətdir”.

Masallı rayonu Ərkivan bələdiyyəsinin sədri Anar Rəcəbov qeyd edib ki, bələdiyyə qulluqçularının fəaliyyəti daim vətəndaşlarla ünsiyyətə əsaslanır. Onun fikrincə, bu səbəbdən onların etik davranışları hər zaman diqqət mərkəzində olur: “Çox yaxşı haldır ki, bələdiyyə fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktları mövcuddur. Buna istinad edərək bələdiyyələr öz fəaliyyətlərini tənzimləyiblər. Etik prinsiplərin v davranışların da belə bir hüquqi çərçivəyə salınması çox yaxşı haldır. Bu məsələ “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da yer alıb.

Biz mütəmadi olaraq, bələdiyyə qulluqçularının etik davranışları ilə qanundan irəli gələn məsələləri onlara izah edirik. Qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı bir çox rayonlarda maarifləndirmə işləri aparıblar və yaxşı olar ki, bizim də bələdiyyəmiz bunu həyata keçirsinlər”.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Bələdiyyərin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən “Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir