Komitəyə tanınmış ziyalı Eldəniz Quliyev rəhbərlik edir
Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bu barədəModerator.az-a müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib. E.Quliyevin sözlərinə görə, müdafiə komitəsi öz fəaliyyətini R.Səfərovun azadlığa çıxacağı günə qədər davam etdirəcək:
“Çox təəssüf ki, öz azad fikrinə, ədalətli mövqeyinə görə, təzyiqə məruz qalan insanların sayı günbəgün artır. Bunlardan biri də öz xoşu ilə vəzifəsindən istefa verən, firavan həyatından imtina edən Rüfət Səfərovdur. Ictimai rəydə onun adı kifayət qədər hallanır. Sadəcə vəzifəsindən uzaqlaşaraq ədlətin yanında qərarlaşdığına görə ona adekvat olmayan cəza tətbiq olunub. Bu ədalətsizlik bütün ölkənin, bütün dünyanın gözü qarşısında baş verdi. Hamı bilir ki, bu siyasi motivli bir həbsdir. Ona 9 illik həbs cəzası veriblər.
Mən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri olaraq bu cür haqsızlığa biganə qala bilmədim və R.Səfərovun müdafiəsinə qoşulmaq qərarına gəldim. Bu gündən etibarən Təşkilat Komitəsinin məsləhətləşmələrini aparacayıq. Onlarla insan Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinə üzv olmaq üçün mənə müraciət edib. Mən istəyirəm ki, bu komitədə həqiqətən də ləyaqətli insanlar təmsil olunsun. Ictimaiyyət də bilsin ki, “Rüfət Səfərova azadlıq!” şüarı altında müstəqil insanlar – ziyalılar, hüquqşünaslar, mütərəqqi fikirli insanlar Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsinda bir araya gələcək. Biz R.Səfərovun azadlığına nail olana qədər bütün qanuni-hüquqi yolların hamısından bu məqsədlə istifadə edəcəyik”.