“Jurnalistlərə edilən hücumların araşdırılmaması və buna görə məsuliyyət daşıyanların məhkəmədə ittiham edilməməsi cəzasızlıq mühiti yaradır”
“Freedom House” təşkilatı iki azərbaycanlı jurnalistin təhdid olunmasına münasibət bildirən bəyanat yayıb:
“Azərbaycan hökuməti müstəqil medianı təqibə davam edir. Jurnalistlərə edilən hücumların araşdırılmaması və buna görə məsuliyyət daşıyanların məhkəmədə ittiham edilməməsi cəzasızlıq mühiti yaradır”, Beynəlxalq Proqramlar bölməsinin vitse-prezidenti Robert Herman belə deyib:
“Tanınmış jurnalistlər Sevinc Osmanqızı və Aynur Elgünəşə qarşı edilən ölüm təhdidləri hökumət tərəfindən açıq şəkildə qınanmalı, araşdırılmalı və buna görə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidirlər”.
Bəyanatda deyilir ki, 4 oktyabr 2016-cı il tarixdə, Azərbaycanın azad mediası sayılan Meydan TV-nin ABŞ-da yaşayan jurnalisti Sevinc Osmanqızına və ailəsinə həyati təhlükə səviyyəsində təhdidlər olub, səbəb isə onun işlədiyi qurumdur. Eyni gündə Bakıda yaşayan müstəqil jurnalist Aynur Elgünəşə də zənglər gəlib və o, təhdidlər alıb, səbəb yenə də onun Meydan TV ilə işləməsi iddiası olub.
Meydan TV təzyiqlərdən sonra 2014-cü ildə Bakı ofisini bağlayıb. Son 2 ildə Azərbaycan hökuməti Meydan TV reportyorlarının ölkədən çıxışına qadağa qoyub. 2016-cı ilin martında Meydan TV-ə qarşı açılan cinayət işi isə hələ də davam edir.
Azərbaycan “Freedom house” təşkilatının 2016-cı il hesabatlarında azad olmayan ölkələr sırasında yer alıb, həmçinin media sahəsində də Azərbaycanın adı azad olmayan ölkələr sırasındadır. Dünyada demokratiklik şkalasına görə, Azərbaycanın 6.86 balı var. Bu şkala 1 və 7 bal arasında ölçülür və ən pis nəticə isə 7-dir.