Azərbaycan müharibə şəraitindədir. Torpaqlarımız erməni separatçıları tərəfindən işğal olunub. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa məşğul olur.
Almaniya da münaqişənin həllində maraqlıdır. Rəsmi Berlin münaqişənin Rusiya tərəfindən yaradıldığını bəyan edib. 1994-cü ildə atəşkəs elan olounsa da, demək olar ki, hər gün cəbhə bölgəsindən ölüm xəbərləri gəlir.
Aydındır ki, dünyada barış hökm sürmür, hər an bölgədə müharibə alovlana bilər. Ona görə də kəs müharibəyə, təhlükələrə hazır olmalıdır. Lakin burası yanlışdır ki, bu görəvi bütün vətəndaşlar eyni cür, eyni müddətə həyata keçirməlidir. Azərbaycanda zatən yüksək faizlə varlıların, məmurların övladları hərbi xidmətdə olmurlar. Həmçinin iqtidaryönümlü gənclərin bu mükəlləfiyyətdən müxtəlif variantlarla yayınma halları vardır. Eyni zamanda xaricdə təhsil alan gənclərdən bir qismi də hərbi xidmət çəkməmək üçün müxtəlif yollardan istifadə edir. Həmçinin hərbi mükəlləfiyyətin çəkildiyi yerlərin də bu və ya digər şəkildə yoluna qoyulması halları da adiləşib.
Hərbi xidmətdə olanlar bilir ki, kütləyə məxsus olan “hərbi kişilik məktəbidir”, “əsgərlik çəkməyənin vətən sevgisi ola bilməz” kimi sözlər köpük effekti kimidir. Orada insan daha fərqli duyğuları öyrənir: Məsələn, ac qalmağın faciəsini, çətin şərtlərdə yaşamla mübarizə, fərdlərarası münasibətlərdəki dəhşətli hallar və s. Digər tərəfdən psixoloji cəhətdən hazırlıqsız olmaq tezliklə fərdi qatilə və ya məqtula çevirə bilir.
Dövlətin mövcudluğu üçün qorunma vasitəsi olan hərbi mükəlləfiyyət mütləqdir. Lakin bir daha söyləmək yerinə düşər ki, mütləq şəkildə müxtəlif formalar tətbiq olunmalıdır. Psixoloji durumları fərqli olan ali və orta təhsillilərin bir yerə salınması, regional amillərə diqqət yetirilməməsi hərbidəki problemlərin başlanğıc səbəbləridir. Ali təhsilli, özəlliklə də magistr dərəcəli fərdlərin bir il ərzində mənasız günlərə məhkum edilməsi yanlışdır.
Hərbi xidmətin qutsallaşdırılması anlayışı getdikcə çökür. Artıq ildən-ilə artan əsgər ölümləri bu tabunu sındırıb. Bu tabunun sınması isə dövlətin zəncirvari idarə edilməsindəki önəmli həlqələrdən birinin yeyilməsini göstərir. Normalda bu həlqəni bərkitmək etirazçılardan daha çox dövlətin özünü narahat etməli idi. Amma etirazdan bir həftə keçməmiş növbəti bir ölüm hadisəsi baş verdi. Dövlət isə narahat deyil.
Elan olunmamış müharibə isə davam edir.
Qeyri-döyüş şəraitində əsgər ölümlərinin qarşısını almaq üçün Alternativ Hərbi Xidmət Haqqında qanun qəbul olunmalı, orduda nizam-intizam gücləndirilməli, korrupsiyaya son qoyulmalıdır. Əks halda bizi növbəti bəlalar gözləyir. Vətəni sevmək, qorumaq qanunlara əməl etməkdən keçir.
Aysel Hüseynova