Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Hakimiyyət ölkədə dindar qüvvələri böyük göstərməkdə maraqlıdır”

“İnanmaq istərdim ki, Azərbaycan iqtidarı vəziyyəti bu qədər dramatikləşdirməyəcək”- müsahibimiz siyasi aktivist Taleh Mustafayevdir

– Ölkədə yenə də siyasi vəziyyət gərginləşib və müxalifət xaricdən dəstək alıb ölkədə sabitliyi pozmaqda ittiham olunur. Siz nə düşünürsüz?

– Azərbaycanda siyasi aksiyalar hər zaman olub və hər dəfə də hakimiyyət deyib ki, bunu xalq etmir bu kənar qüvvələr tərəfindən maliyyələşdirilib və idarə olunub. Bəldə də ölkədə keçirilən dini aksiyalarla bağlı durum doğrudan da belə ola bilər. Kərbəla müsibəti ilə bağlı keçirilən tədbirlərin videolentə alınıb, İran dövlətinə verilməsi ilə bağlı xeyli yazı var mətbuatda. Azərbaycan iqtidarı siyasi azadlıqları dəhşətli dərəcədə boğur. Ölkədə siyasi məhbusun biri azad olunursa digər tutulur. Əslində hakimiyyət qərbə göstərmək istəyir ki, sivil və demokratik islahatlar həyata keçirməkdə maraqlı olan dövlət mövcuddur lakin bunun gerçəkliklə heç bir əlaqəsinin olmadığını biz yaxşı bilirik.

– Sizcə doğrudanmı ölkədə diktatura var?

– Mən deyərdim ki, ən azı ciddi bir avtoritarizm var ölkədə. Və günü gündən bu diktatura istiqamətində irəliləməkdədir. Bilirsinmi, diktatorluq ümumiyyətlə xəstəlikdir. Bəlkə də manyaklıqdır. Əlbəttə hər adam dikator ola bilməz. Bunun üçün xüsusi istedad, qabiliyyət, amansızlıq, qəddarlıq və s. kimi qeyri- insani xüsusiyyətlərə malik olmaq lazımdır. Amma nə olursa olsun diktatorluğun və diktatorların sonu yoxdur və çox faciəli olur. Onlar qan, zülm və zor görməyincə hakimiyyətdən əl çəkmirlər. Tarixdə buna onlarla, bəlkə yüzlərlə misal göstərmək olar. Yaxın və çağdaş tariximizdə də kifayət qədər mənfi nümunələr var. Ona görə də inanmaq istərdim ki, Azərbaycan iqtidarı vəziyyəti bu qədər dramatikləşdirməyəcək.

– Deyirsiniz ki, siyasi aksiyalar müstəqil olaraq təşkil edilir amma dini aksiyalar bəlkə də idarə olunur. Sizcə dövlətin bu dini aksiyalarda heçmi marağı yoxdur?

– Bizim iqtidar hər nüansdan faydalanmaq istəyir. Deyirlər ki, biz demokratlarıq. Amma nə demokratiya var ölkədə, nə də söz azadlığı. Bunu bilirik, amma iqtidarın dediyi də bir oyundur. Reallıq budur ki, bu gün Nardaran boyda problemimiz var. Konkret müəyyən siyasi qüvvələrə bağlı adamlar var ki, Nardaranı idarə edirlər, deyirlər ki, İranda hansısa müctəhid fitva verir və biz də onu yerinə yetiririk. Biz nə Azərbaycan qanunlarını tanıyırıq, nə də Azərbaycan dindarlarını… Bu ba bizim iqtidarın işinə yarayır. ABŞ-a, Avropaya göstərirlər ki, bax əgər biz hakimiyyətdən getsək dindar qruplar gələcək hakimiyyətə. Bu vasitə ilə qərb ölkələrinə təzyiq edirlər. Yəni hadisələrin məcrasını özlərinə sərf edən istiqamətə yönəldirlər. Fikir verin, əvvəllər siyasi gündəmimizi Qarabağ məsələsi, Güney Azərbaycan mövzuları tuturdusa, bu gün diqqətimiz hicab məsələsinə yönləndirilib. Burda hakimiyyət birbaşa maraqlıdır ki, proseslər bu məcraya yönəlsin.

– Bəs hadisələrin gedişində xalqın oynadığı rol nə yerdədir? Heçmi təsiri yoxdur xalqın olaylara?

– Xalq hələ prosesləri izləyir. Çox az bir kısim oyaqdır, olaylara reaksiyası var. Xalqın başını TV serialları ilə, nə bilim musiqi ilə, əyləncə ilə, ucuz şou ilə qatırlar. Həm də iqtidar xalqı imandan uzaqlaşdırmaqda maraqlıdır. Hazırda proseslər də bunu subut edir. Mən deyərdim ki, azərbaycanlılar Allahdan başqa hər şeydən qorxurlar – rəisdən, məktəb direktorundan, polis serjantından, JEK müdirindən, avtobus sürücüsündən və s. Əsasən, dini camiədə mənim qəbul etmədiyim yeganə şey, bu insanların qeyri-səmimiliyidir. Çox maraqlıdır ki, Azərbaycandan müqəddəs ziyarət yerlərinə gedənlərin sayı çoxaldıqca, dinə meyllənən insanların sayı artdıqca, rüşvətə və harama əl atanların da sayı çoxalır. Deməli xalq hələ öz kimliyindən xeyli uzaqdır. Amma iqtisadi təlatümlər müşahidə edildikcə xalq daha sürətlə oyanıb, avtoritarızmlə mübarizəyə başlayacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir