Nemət Əliyev: «Büdcəsini qəbul edib, amma icra etməmək hökumət üçün sıradan bir hala çevrilib»
Maliyyə naziri Samir Şərifov Azərbaycan iqtisadiyyatının hazırkı durumu, manatın məzənnəsi, dollarda kredit götürən şəxslərə edilə biləcək güzəştlərlə bağlı məsələlərə münasibət bildirib.
Dollar krediti olanlara bəd xəbər
Samir Şərifov deyib ki, hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir: «Bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır. Bilirsiniz ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib. Bu da dövlətin əmanətçilərə verdiyi dəstəkdir».
S.Şərifovun sözlərinə görə, xarici valyutada kreditləri olan şəxslərə dəstəyə gəlincə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır: «Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. “Dövlət öhdəliyi öz üzərinə götürür” demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq”.
Hökumət 18 milyardı hardan tapacaq?
“Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. “Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq”, – deyə Z.Səmədzadə qeyd edib.
Neft Fondundan büdcəyə pul köçürməsi 1,5 milyard azaldılacaq
2016-cı ildə Neft Fondundan büdcəyə 7.6 milyard manat transfert edilməsi nəzərdə tutulmuşdu. 2017-ci ildə bu məbləğ 1.5 milyard azaldılaraq, 6 milyard olacaq.
S.Şərifov Neft Fondundan transfertlə bağlı məqamlara da toxunub: «Gələn il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Söhbət təxminən 1,5 milyard manat həcmində azalmadan gedir. Söhbət əhəmiyyətli dərəcədə azalmadan gedir. Bunu nəzərə alaraq, gələn il gömrük və vergi daxilolmalarının artması nəzərdə tutulub. Düzdür, vergi daxilolmalarından artım o qədər də böyük deyil”.
Neftin bir barreli 40 dollardan götürüləcək
Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürüləcək.
S.Şərifov həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb: “Cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub”.
Növbəti devalvasiyanın anonsu verildi
S.Şərifovun daha bir maraqlı açıqlaması manatın məzənnəsi ilə bağlı olub. Ekspertlərə görə, S.Şərifovun bu açıqlaması növbəti devalvasiyanın anonsu da sayıla bilər: «Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir”.
Nazirin sözlərinə görə, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: “Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank nəticəsində keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək”.
Nazir Cahangir Hacıyevi yenidən vurdu
Maliyyə naziri açıqlamasında eyni zamanda Beynəlxalq Bankın gələcək taleyinə də aydınlıq gətirib. Nazirin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir: «Sağlamlaşdırma proseduru dünya praktikasında qəbul olunmuş prosesdir. Bilirsiniz ki, Beynəlxalq Bankın toksik aktivləri “Aqrarkredit” qeyri-bank kredit təşkilatına ötürülür, bunun müqabilində “Aqrarkredit” banka ödəniş edir. Əfsuslar olsun ki, bankın sabiq rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində bank böyük həcmlərdə xaricdən borclanıb. Bir tərəfdən bankın xarici valyutada öhdəlikləri, digər tərəfdən isə “Aqrarkredit” aktivləri manatla alır. İstər-istəməz natarazlıq yaranır. Bu həcmdə manat kütləsinin bazara çıxması arzuolunmazdır, çünki manatın məzənnəsinə mənfi təsir edə bilər. Buna görə, bu proses makroiqtisadi vəziyyətlə uzlaşdırılır. Dövlət bankın sağlamlaşdırılmasını öz üzərinə götürüb və əsas məsələlərdən biri də əmanətçilərin maraqlarıdır. Söhbət ən iri bankdan gedir və onun problemlə üzləşməsi əmanətçilərə zərbə olar. Bundan başqa, adıçəkilən bankın problemlə üzləşməsi Azərbaycanın xarici nüfuzuna da xələl gətirə bilər. Sağlamlaşdırma prosesində dəyişmiş makroiqtisadi şərait nəzərə alınmalıdır. Mərkəzi Bank hal-hazırda məqsədyönlü monetar siyasət yürüdür. Biz də Mərkəzi Banka zəruri dəstək veririk. Ona görə, böyük həcmdə manat kütləsinin bazara çıxması yolverilməzdir. Sağlamlaşdırma prosesinin əsas məqsədlərindən biri də odur ki, biz bu bankı bir qədər kiçiltməliyik. Xarici öhdəliklər qaytarıldıqdan sonra bankın həm aktivləri, həm də passivləri ciddi şəkildə azalacaq. (APA)
«Krediti olanlara kompensasiya verilməyəcəyi bəlli idi»
S.Şərifovun toxunduğu məsələlərə iqtisadçı Nemət Əliyevin münasibətini öyrəndik. N.Əliyev bildirdi ki, xarici valyutada kredit götürənlərə kompensasiyaların verilməyəcəyi əvvəlcədən bəlli idi: «Bəyan etmişdik ki, Azərbaycan hökuməti xalqı aldadır. Vaxtaşırı bu cür informasiyaları dövriyəyə buraxırlar. Burada məqsəd gözə kül üfürülməsidir. Bir daha təsdiq olundu və rəsmi şəkildə etiraf olundu ki, bu cür informasiyaları dövriyyəyə buraxmaqda məqsəd hökumətə olan qəzəbli münasibətin nisbətən yumuşaldılmasından ibarətdir. Amma konkret halda əhali əmin olmalıdır ki, devalvasiya hesabına xarici valyutada olan borc yükünün artırılması istiqamətində addım hökumət tərəfindən məqsədyönlü şəkildə atılıb. Məqsəd odur ki, əhalinin yükü artırılsın. Bu yükün artırılması hesabına büdcə doldurulmağa çalışılır. Ona görə növbəti mərhələdə bu cür açıqlamalar olacaqsa gözardı edilməsi məsləhətdir».
Hökumət büdcəni sadəcə olaraq icra etməyəcək
Neft Fondundan ediləcək transfert məbləğinin aşağı salınmasının gözlənilən olduğunu deyən N.Əliyev bildirdi ki, il ərzində Neft Fondundan 7.6 milyard manat büdcəyə transfert edilməsi nəzərdə tutulub. Amma altı aylıq yekun ortadadır. Faktiki olaraq Neft Fondundan dövlət büdcəsinə 2.2 milyard manat transfert edilib. Halbuki 7.6 milyard manatın yarısı transfert olunmalıydı. Bu isə 3.8 milyard manat edir. Əgər tendensiya bu qaydada davam edəcəksə, Neft Fondundan 4.4 milyard manat transfert etmək mümkün olacaq. Buradan o nəticə çıxır ki, Neft Fondu üzərinə qoyduğu öhdəlikləri ilin sonuna qədər yerinə yetirməyəcək. Neftin qiymətlərinin hazırkı səviyyədə qaldığı təqdirdə Neft Fondundan büdcəyə transfertlərin aşağı olacağı gözlənilən idi. O zaman sual meydana çıxır ki, dövlət büdcəsinin həcmi 16-18 milyard olacağı halda bu vəsaitlər necə əldə olunacaq? Əgər ölkənin qeyri-neft sektoru duruş gətirmək qabiliyyətini itiribsə, tənənzül sürətlə davam edirsə, gəlirlər azalırsa o zaman büdcə necə formalaşacaq? Burada iki yanaşma mükündür. Birinci yanaşma odur ki, artıq dövlət büdcəsini qəbul edib, amma icra etməmək hökumət üçün sıradan bir hala çevrilib. Artıq bu onlarda vərdiş halına gləib. İstər bu ilin, istərsə də 2016-cı ilin dövlət büdcəsi olsun hökumət büdcənin yerinə yetirilməsində məsuliyyətini itirib. Otuz faiz kəsirin yaranmasına baxmayaraq hökumət narahat olmur. Ona görə gələn il büdcənin icra olunmayacağı halda hökumətin özünü narahat hiss edəcəyini gözləmirəm».
«Büdcəni devalvasiya hesabına doldura bilərlər»
N.Əliyevin sözlərinə görə, amma hökumətin büdcəni manat ifadəsində dolduracağı istisna edilmir. Yəni büdcəni devalvasiya hesabına doldurmaq mümkündür: «Əgər devalvasiya sürətini artıracaqsa, o zaman büdcəni dəyərini itirmiş manat kütləsiylə doldurmaq mümkündür. 2017-ci il büdcəsini 16-18 milyard həcmində saxlamağı israr etsələr o zaman büdcəni devalvasiya hesabına dolduracaqlar. Amma büdcəyə dəyərini kəskin şəkildə itirmiş manat kütləsinin daxil edilməsi nəyi dəyişə bilər ki? Bu ölkədə iqtisadi fəaliyyəti stimullaşdıra bilərmi? Əsas bu suallardır. Bu sualların cavabını devalvasiya hesabına doldurulmuş büdcə ilə tapmaq mümkün deyil».
Hökumətin Beynəlxalq Bankla bağlı planlarına gəlincə isə, N.Əliyev vurğuladı ki, bankın aktivlərinin və passivlərinin kiçildilməsi məqsədyönlü siyasətdir. N.Əliyevin sözlərinə görə, son dövrlərə qədər Beynəlxalq Bank ümumi kredit portfelinin yarıdan çoxuna sahib idi: «Qanuni və qanunsuz yoldan istifadə edərək, ölkədə həyata keçirilən böyük bank əmanətlərinin əhəmiyyətli həcmi Beynəlxalq Bankın payına düşürdü. Hazırda sual yaranır ki, oğalmış kredit əməliyyatlarını kim həyata keçirəcək? Görünür, burada məqsəd bu prosesi öz təsirlərində olan hansısa banka ötürmək planlaşdırılır. Beynəlxalq Bankın kiçildilməsi hansısa koorporativ maraqlara xidmət edir. Ümumiyyətlə bu məsələ çox həssasdır. Müəyyən olunmalıdır ki, Beynəlxalq Bankın bu vəziyyətə düşməsinə görə məsuliyyəti kim daşıyır. Burada maliyyə naziri kimi Samir Şərifovun məsuliyyəti çox böyükdür. Əgər bu addım atılmasa başqa bir dövrdə başqa bir Beynəlxalq Bank peydə olacaq. Qaytarılmayan kredit resurslarının taleyi növbəti məhlədə də yaşana bilər».
Manatın məzənnəsinin ədalətli olmasından danışmaq yersizdir
Manatın ədalətli məzənnəsini tapacağı ilə bağlı S.Şərifovun söylədiklərinə gəlincə isə, N.Əliyev vurğuladı ki, əgər hökumət ölkədə ədalətl hissini itiribsə, onların nəsə ədalətdən danışması gülüncdür: «Bunların məntiqiylə ədalət öz cibləriylə hesablanır. Baxılmalıdır ki, əhali nə istəyir? Ölkənin iqtisadiyyatına hansı addımların atılması gərəkdir? Həyata keçirilən məzənnə siyasəti sosial-iqtisadiyata töhvə verə, iqtisadi tənənzülü səngidə bilirmi? Maliyyə naziri manatın məzənnəsinə münasibətini bu kontekstdən ifadə etməlidir. Əgər milli valyutanın məzənnəsi iqtisadi inkişafaf yardım edirsə, o zaman ədalətli məzənnədən danışmaq mümkündür. Bu gün isə bütün sahələrdə geriləmə baş verir. Məzənnənin bu vəziyyətdə olması istər yerli, istərsə də xarici investisiyaların ölkə iqtisadiyyatından qaçaq düşməsində böyük rolu var. Odur ki, indiki məzənənin ədalətli olmasıyla bağlı fikir söyləmək gülüncdür».