“Qismətin 5-10 saniyəlik görüntüsündən belə, qorxurlar…”
“İnsan 10-15 il ərzində bəlli bir düzən qurur, bir gündə onu dağıdırlar”
“Meyxanaçı Vüqar xalqın problemlərini deməyi səhv sayırsa, onun kimi düz olmaq istəmərəm”
“Azərbaycanda hakimiyyətə yarınmayan yaradıcı adamların sənəti məhv edilir”
Onun səsində, ifasında, hətta görünüşündə çox az müğənnidə müşahidə olunan intellekt var. Söhbəti də bu təəssüratı tamamladı. Ölkədə baş verən olaylara etirazı, hakimiyyətə müxalifliyi, cəmiyyətdəki ətalətlə barışmazlığı, xalqına, elə özünə tələbkarlığı da, görünür, elə bu səbəbdəndir Qismət Məmmədzadənin.
Hazırda Almaniyada mühacirətdədir. Müsahibəmizdə onu mühacirət həyatına tətikləyən səbəblər, yaşantıları, inciklikləri, ittihamlarından danışdıq. Ortaq fikirlərimiz də oldu, dartışmalarımız da…
(Əvvəli bu linkdə: http://hurriyyet.org/11843-mugenn-qsmet-hakmyyet-olken-uchuruma-aparr.html )
– Amma bayaq dediyim kimi, bütün bunların səbəbkarı və sizi mühacirət etmək zorunda qoyan xalq deyil…
– Mən ümumi deyirəm, özümü nəzərdə tutmuram…
– Amma biz oxuculara sizdən danışmaq istəyirik…
Mühacirətdə olan sənət adamlarının bəziləri yaşadıqları ölkədə sənətlərini davam etdirmək üçün yol tapdılar. Sizin heçmi belə şansınız yoxdur?
– Mühacirətdəki sənət adamlarının əksəriyyəti mənim vəziyyətimdədir. Siz kimi nəzərdə tutursuz?
– Cavanşir Quliyev, məsələn… Türkiyədə demək olar ki, balet yoxdur. Amma o hansısa formada yolunu tapıb sənətini yaşatmağa çalışır…
– Cavanşir bəy Türkiyədə yaşayir. Biz bu ölkəylə qardaşıq. Eyni millətik. Onu orda başa düşə bilərlər. Amma məni burda anlayacaq mühit yoxdur. Bəlkə Türkiyədə yaşasaydım, mən də bir yol tapardım.
Düzünü deyim, mənə görə Türkiyədəki hazırkı hakimiyyətin Azərbaycandakı hakimiyyətdən elə də fərqi yoxdur. Ona görə ora da mənim üçün əlverişli ölkə deyil. Mənə daha azad nəfəs alacağım ölkə lazım idi.
Hər şeyi yenidən başlamaq məcburiyyətindəyəm…
– Deyirsiz, Almaniya sizin üçün azad nəfəs aldığınız ölkədir. Bir sənətçinin ki, yaradıcılığı içində boğulur, hansı azadlıqdan danışmaq olar?
– Əlbəttə, mənə çətindir. İnsan 10-15 il ərzində bəlli bir düzən qurur, bir gündə onu dağıdırlar. Gəlir Almaniyaya, burda onu heç kim tanımır. Hər şeyi təzədən başlamaq məcburiyyətində qalır. Təzədən başlaya da bilmir. Bura Türkiyə deyil ki, onların dilində danışasan, ya oxuyasan. Onlar məni qəbul eləsinlər. Azərbaycandan Türkiyəyə gedən sənətçilər o qədər pul tökürlər, yenə də onları qəbul eləmirlər. Amma bununla belə nələrəsə cəhd etmək olardı.
Almaniyaya gələn elə azərbaycanlılar var ki, pasportunda milliyyəti “erməni” yazılıb…
– Almaniyadakı Azərbaycan cəmiyyətləri ilə necə, münasibətiniz varmı?
– Burdakı azərbaycanlı cəmiyyətləri YAP-çı deyiləm deyə, mənimlə münasibət qurmurlar. Bu ilin martında Kölndə konsert oldu. Azərbaycandan da müğənnilər gəlmişdi. Tədbirin təşkilatçısı əvvəl mənimlə danışmasına baxmayaraq, sonradan vaz keçdi. Ona Azərbaycandan qəti qadağa qoydular ki, məni konsertə çağırmasın. O da adımı ıştirakçılar siyahısından çıxardı.
Mən belələri ilə necə işbirliyi qurum?!
Bu adamların müəyyən hissəsi siyasi qaçqın adıyla bura gəlirlər, sonra da burda Azərbaycan hakimiyyəti tərəfindən çıxış etməyə başlayırlar. Pullar, yardımlar alıb konsertlər təşkil edirlər. Azərbaycan hakimiyyətiylə sıx əlaqədədirlər. Halbuki çoxunun pasportunda milliyyəti erməni yazılıb. Şəxsi işində guya musavatçı və ya cəbhəçi olduğu göstərilib. Mən belə adamlarla necə əlaqə qurum? Bu gün Azərbaycan diasporaları nadir hallarda müxalifyönlü insanlarla işbirliyi yaradırlar. Bir müddət əvvəl Nünberqdə bir konsert olmuşdu. Orda məqsəd Azərbaycandakı siyasi məhbusların ailələrinə maddi yardım göstərmək idi. Bilmədim sonra o yardım göstərildi, ya yox. Amma məni bu adla çağırdılar, mən də təmənnasız orda iştirak elədim.
Rəsulzadəni müdafiə etməyim səhvdirsə, mən onlar kimi düz olmaq istəmirəm
– Mühacirətinizdən sonra sizinlə birgə çalışan sənət adamlarına da embarqo qoydular…
– Yəqin ki, meyxanaçı Vüqarın “Azərbaycan diyarı” klipini nəzərdə tutursuz. Bu məsələ haqda sizin saytda gedən materialdan sonra xəbər tutdum. Vüqar o müsahibədə deyir ki, “Qismət səhv edib”. Mən anlamıram, Qismət nədə səhv edib?! Rəsulzadəni müdafiə etməklə, yoxsa “feysbuk”da xalqın problemlərini deməklə? Əgər Vüqar bunu səhv hesab edirsə, mən onun kimi düz olmaq istəmərəm.
Hakimiyyət 5-10 saniyəlik görüntümdən qorxursa…
– Başqa kimlərlə oxuduğunuz mahnılara yasaq qoyulub?
– Duet oxuduğum ortaqlarım olub. Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan” mahnısını oxumuşam. Bilmirəm, o mahnılar efirdə göstərilir, ya yox, Yəqin onları da efirdən yığışdırıblar. Düzü, mənə heç maraqlı da deyil ki, Azərbaycan televiziyalarında nə baş verir. Amma yasaqlar haqda mənə indiyədək bir söz deyən olmayıb. Vüqar özü də indiyədək mənə heç nə deməyib, ancaq müsahibəsində bu haqda danışıb. Ola bilər, başaqalarının da belə problemi var. Burdan demək istəyirəm ki, ay hakimiyyət, ay televiziya, mən o adamın yanında deyiləm, onlar mənimlə əlaqə qurmurlar…
… Hakimiyyət mənə olan acığını belə ifadə edir. Mən o mahnıda bir neçə saniyə oxumuşam. Əgər hakimiyyət Qismətin beş-on saniyəlik görüntüsündən qorxursa, onda görün Azərbaycanda vəziyyət nə qədər acınacaqlıdır.
Hakimiyyət təşkil edən konsertə getməyin, etirazın bundan sivil nə yolu ola bilər?
– Xarici ölkələrin çoxunda Azərbaycan kanalları var, Almaniyada necə?
– Burda sadəcə “Meydan” TV var, onlarla münasibətim normaldir. Di gəl, onlara nə dərəcədə televiziya demək olar, mən bilmirəm. Meydan TV-nin işi hansısa verilişi hazırlayıb internetə qoymaqdır. Azərbaycanlıların burda aça biləcəyi kanallar ancaq siyasi yönümlü ola bilər. Orda da musiqiyə yer yoxdur.
– Belə çıxır, müxalif mövqeyinizi bildirmək üçün “Meydan” var…
– Təbii ki. Əgər çağırsalar, imtina eləmərəm. Bir müddət əvvəl məni Fransaya, “Azərbaycan saatı” verlilişinə Qənimət bəylə çıxış etməyə çağırmışdılar. Şəxsi səbəblər üzündən gedə bilmədim. Bu o vaxt idi ki, “feysbuk”da efirlərə çıxmamağımla bağlı suallara ümumi statusla cavab yazmışdım. O status gündəmdə olduğu vaxt məni çağırdılar. Təəssüf ki, alınmadı… Belə təkliflərə həmişə açığam, lap hakimiyyəti təmsil edən mediyaya. Bu gün “Hurriyyət”-in yaratdığı imkandan istifadə edib demək istəyirəm ki, Azərbaycan xalqı öz dövlətinə sahib çıxsın. Amma insanları küçələrə çağırmaq mənə görə doğru yol deyil. Orda olmadığım müddətdə belə fikir söyləməyim düz olmaz. Camata necə deyim ki, çıxın küçələrə, haqqınızı tələb eləyin…
.. Xəzərdə baş verən faciə ərəfəsində neftçi ailələri gözüyaşlı qalmışdı, amma hakimiyyət bulvarda konsert keçirəcəkdi. Mən də yazdım ki, ay camaat, küçəyə çıxıb etiraz edə bilmirsizsə, heç olmasa, o konsertə getməyin. Amma bununla belə, bəziləri mənim yazdıqlarıma narazılıq bildirdilər. Mən nə deyirdim ki.. Küçəyə çıxmadan, evinizdə oturub etiraz edin. Etirazın bundan sivil nə yolu ola bilər ki?.. Hətta o fikrimi belə birmənalı qarşılamadılar…
Məni də Həbib Müntəzirin aqibəti gözləyə bilər…
– Sizə olan təpkilərdə məmurlardan konkret kiminsə göstərişi olmuşdumu?
– Bəli. Hətta bilirəm mənə qarşı repressiyanı kim həyata keçirib. Amma adını deməyəcəm…
– Niyə? Həyatınız üçün təhlükəmi var?
– Əlbəttə! Həbib Müntəzirə qarşı çıxanlardan burda da var. O adama qarşı burda da müəyyən əməliyyatlar planlaşdırılıb. Sadəcə, həyata keçirə bilməyiblər. İstəmirəm məni də belə aqibət gözləsin. İkincisi, Azərbaycanda mənim qohumlarım, dost-tanışlarım var. Niyə onları təhlükəyə atım. Adını çəksəm nə olacaq, çəkməsəm nə…
Mən Flora Kərimova və Azər Zeynalov kimi mövqeyimi dəyişmərəm…
– O adamın sizinlə ədavətinın özəl səbəbi varmı?
– O adam çox yüksək vəzifə tutan birisidir.
– Mənə münasibətinin kökündə də müxalif mövqeyim dayanır.
Azərbaycandakı müğənnilərin, incəsənət adamlarının 99,9 faizi hakimiyyəti tərifləyir, məddahlıq edirlər. Heydər Əliyevə, İlham Əliyevə, Mehriban Əliyevaya mahnılar oxuyurlar. Bilirsiz ki, bu mahnılar da təriflərlə doludur. “ Çiçəklənən Azərbaycan” filan. Bir müğənni bunu eləməyəndə dönüb olur “ağ qarğa”. Başlayır hamının gözünə batmağa. Deyirlər, “sən o birilərdən çoxmu ağıllısan?” Artıq o adam həmin şəxslər üçün problemə çevrilir. Çünki hər müğənninin arxasında özünün bir qism pərəstişkarı var. Bu problem böyüməsin deyə, onu beşikdəcə boğurlar. Səbəb budur. Bu, bir vaxtlar Flora Kərimovanın başına gəlmişdi. Daha sonra o, öz mövqeyini dəyişdi. Azər Zeynalovun da həmçinin. Amma çox güman ki, onlar mövqelərini dəyişdilər deyə, hər şey qaydasına düşdü. Hətta mənə “feysbuk”da bir nəfər yazmışdı ki, onları da gördük. Mən də cavab verdim ki, bir nəfər belə eləyib deyə bunu hamıya şamıl eləmək düz deyil. O demək deyil ki, bir müğənni mövqeyini dəyişib, hamı belə olacaq.
Nazpəri Dostəliyeva İsa Qəmbərin oğlunun toyunda oxudu deyə onu efirə buraxmadılar…
– Əminsizmi Azər Zeynalovla Flora Kərimova mövqeyini dəyişib. Bəlkə dəyişmiş kimi görünürlər?
– Əmin deyiləm. Amma belə düşünürəm. İndiki vaxtdakı müşahidələrimə görə hakimiyyət belə adamları heç vaxt bağışlamır. Səbəbsiz yerə onların hərəkətinə göz yumur. Təsəvvür edin, Nazpəri Dostəliyeva İsa Qəmbərin oğlunun toyunda çıxış edir, ona qadağa qoyurlar, bir ANS-dən başqa heç kim ona efir vermir. İndi o da bağlandı. Bu nə deməkdir, anlaya bilmirəm. Yəni müğənninin heçmi seçimi olmaz?.. O istədiyi toyda gedib oxuya bilməzmi? Hakimiyyət bir toya görə bu dərəcədə ədavət apardığı halda mən onların əleyhinə yazım, deyim, onların ən çox sevmədiyi adam haqda fikir bildirim, onu müdafiə edim, deyisiz mənimlə ədavət aparmasın?
…Çox arzu edirəm ki, insanlar tezliklə hər hansı vahid lider ətrafında birləşsin, öz seçimlərini etsinlər. Rəhmətlik Əbülfəz Elçibəy necə seçilmişdisə, elə bir vahid lider, prezident seçilsin və Azərbaycanda demokratiya, söz azadlığı yaransın. Nəinki mən, repressiya üzündən gedənlərin hamısı ölkəyə qayıdıb hərə öz sahəsində yer alsın.