“İctimai fikir insan düşüncəsindən, insan düşüncəsi də ictimai fikirdən istiqamət alır və ictimai fikirdən doğan tələbi sosial sifarişə çevirməklə yeni siyasi prosesin başlanmasını gündəmə gətirir”.
Bunu Arqument.Az-a hüquqşünas Fikrət Cəfərli son günlər referendumla bağlı keçirilən mitinqlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ictimai aktivliyi artırmaq üçün yaranmış vəziyyətdən maksimum yararlanmaq lazımdır: “İctimai fikirdən doğmuş sosial sifariş ilk baxışdan cəlbedici görünsə də, o, düzgün tənzimlənməyəndə nəinki yenicə doğmuş prosesi, hətta qarşıda yaranabiləcək vətəndaş aktivliyini də uzun illər üçün dondura bilər. Ona görə də yaxşı olar ki, yaranmış vətəndaş aktivliyindən məharətlə istifadə edərək siyasi faktorlarla maraqlar uzlaşmasını təmin edib, təmsil etdiyin düşərgəni rekonstruksiya etməklə onun kütləviliyi üçün maksimum çalışmaq lazımdır”.
“Hakimiyyətə qarşı siyasi hərəkat formalaşdırmaq istəyən qüvvələr ilk növbədə öz daxilində təmərküzləşməni təmin etməlidirlər. Bu, ölkədə gedən proseslərə seyrçi qalan xalqın inamını qazanmaq üçün əsas amillərdən biridir. Əks təqdirdə, dəyişməyən siyasi təfəkkürün prespektivinə inanmayan xalq və demokratik dünya heç vaxt ciddi mövqe nümayiş etdirməyəcək”, – Fikrət Cəfərli bildirib.