Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İlham Əliyev “FETÖ”çuları qorumaqda nədən bu qədər israrlıdır?

ilham-gulenO, indi Ərdoğana Fətullahçı əvəzinə öz müxalifətçilərini təqdim etmək niyyətindədir

Hərdən özünə sual edirsən ki, hökumət bu qədər yalan danışır, iftira atır və bütün bunlara cavab verməyə dəyərmi? Yəni, o baxımdan ki, bəlkə yalanların təkzibi ilə uğraşmaqdansa, sadəcə, gerçəkləri israrla söyləməklə kifayətlənmək olar? Amma bunu o durumda və o cəmiyyətlərdə etmək olar ki, cəmiyyət informasiya blokadasında olmasın. İnsanların informasiya təminatı hakimiyyətin inhisarında olmasın. Azərbaycanda isə durum belədir ki, cəmiyyət yalnız hakimiyyətin filtrindən keçən xəbərləri alır. Üstəlik, hakimiyyətin süzgəcindən yalanlar keçir, doğrular isə oralarda tıxanıb qalır, «istehsalat tullantısı» kimi haralarasa atılır.

Azərbaycan Saatı cəmiyyəti informasiya blokadasından xilas etmək üçün həyata keçirilən bir layihə kimi nəzərdə tutuldu. 2011- ci ilin aprel ayından 2016- cı il iyul ayının sonuna qədər davam etdi. Amma «davam etdi» sözündən sevinməyə tələsənlər bir az toxdaya bilərlər. Yəni, davam edəcək. Həm də, televiziya layihəsi olaraq davam edəcək və bu proqramı, məhz, televiziyadan izləyənlər, onu zəruri həyat təminatlarından biri kimi qəbul edənlər lap yaxın zamanlarda yenə də sevinəcəklər və izləməyə davam edəcəklər. Televiziya ekranlarından izləyəcəklər…

Məqsədim Azərbaycan Saatı ilə bağlı planlarımı açıqlamaq deyil. Söhbətə onun adı ilə başlamağım dünən dövriyyəyə buraxılan bir iftira ilə bağlıdır. İftiraları yalanlamaq lazımdır ki, cəmiyyətdə yanlış təəssüratlar olmasın.

Azərbaycan Saatı heç zaman nə Fətullah Gülənə, nə də Türkiyə hökuməti ilə problemləri olan başqalarına aid olan televiziya kanallarında yayınlanmadı. Bundan sonra da belə olacaq. Türkiyə hökumətinə yaxın olan televiziya kanallarında da yayınlanmadı və bundan sonra da belə olacaq. Azərbaycan Saatının yayında olduğu bütün kanallar haqqında ətraflı məlumat da verə bilərəm, amma indi gündəmdə olan iki kanal haqqında vurğulamağım lazım gələcək. Bizim proqramın sonuncu dəfə yayına çıxdığı Barış TV-nin Fətullahçılarla heç bir əlaqəsi yoxdur, bu kanala dəxli olan heç kim Fətullahçı adı ilə sorğulanmayıb, saxlanılmayıb, dindirilməyib, soruşdurulmayıb. Şübhə etmirəm ki, yaxın zamanlarda Türkiyə hökuməti həmin kanalla bağlı qənaətlərini ortaya qoyacaq.

Eyni dalğada qapadılan Can Erzincan TV isə həqiqətən də, Fətullahçılara aid idi. Amma nə zamandan başlayaraq. Bu ilin fevral ayının sonunda Can Erzincan kanalının sahibi olan MHP-li Recep Akdaş öz kanalını Saman yolu TV-nin sahiblərinə satdı. Can Erzincanı alan Fətullahçılar alqı-satqını rəsmiləşdirən günü mənə dedilər ki, biz İlham Əliyevlə dostuq, Azərbaycan hökuməti ilə birgə projelərimiz var və buna görə də onun əleyhinə danışan bir proqramı öz kanalımızda yayına verə bilmərik. Mən də, elə birmənalı olaraq «Canınız cəhənnəmə» deyib kanalı dəyişdirdim. Bu məsələ bu qədər bəsitdir.

İndi keçək dünən atılan iftiraların o biri tərəflərinə ki, oralarda daha məkrli siyasi niyyətlər var. İftirann həmin hissəsi Azərbaycan müxalifəti ilə bağlıdır.

Azərbaycanda FETÖ ovunun sirli bərəsi

Azərbaycan hökuməti Türkiyə ilə dostluğunu sübut etmək üçün ilginc yol seçib. Nə qədər mümkündürsə adamı «Fətullahçı» adı ilə həbs etmək, Ərdoğana saxta raport vermək, əslində isə «FETÖ» şəbəkəsinə daxil olanların hamısını qoruyub saxlamaq. Bu günlərdə Türkiyədə təhsil alan Elgiz Qəhrəmanov adlı gənci həbs ediblər, onu 4 gün vəkilsiz, işgəncə altında saxlayıblar. 4 gün ərzində Elgiz Qəhrəmanova işgəncə versələr də, daxil olmadığı Fətullah şəbəkəsinə aid olduğunu etiraf etdirə bilməyiblər. Sonunda narkotika ittihamı üzərində konsensusa gəliblər. Bu, az əvvəl qeyd etdiyimiz ssenaridir.

elg

Elgiz Qəhrəmanov

Amma Elgiz Qəhrəmanov hələ işgəncə altında olduğu zamanlarda, hələ onun«FETÖ» iddialarına nə cavab verəcəyi bəlli olmadığı vaxtlarda Azərbaycan hökumətinin birbaşa kontrolu altında olan haqqin.az və onun Azərbaycan dilindəki versiyası olan virtualaz.org saytlarında hakimiyyətin bu ssenarisi deşifrə edildi. Məqsəd Azərbaycan müxalifətinin önəmli adamlarını saxta arqumentlərlə və tamamilə əsassız olaraq Fətullah Gülənçi adı ilə zərərsizləşdirmək, həm Ərdoğana saxta raport vermək, həm də İlham Əliyevin öz müxaliflərindən canını qurtarmaq imiş. Türkiyədə dövlət çevrilişi cəhdi bunların növbəti məkrli niyyətləri üçün fürsət yaradıbmış…

Fətullah Gülən hara, Əli Kərimli hara!

Ssenari üzrə kimləri ləkələmək nəzərdə tutulur? Görünür ki, ilk növbədə, İlham Əliyevə real alternativ olan, uzun illər ərzində misli görünməyən təzyiqlərə və təqiblərə məruz qalan Xalq Cəbhəsi lideri Əli Kərimlini.

kerimli

Əli Kərimlinin Fətullah Gülən örgütü ilə bir əlaqəsi ola bilərmi? Kəsinliklə yox! Ona görə ki, Fətullah Gülən şəbəkəsi Azərbaycanda Heydər Əliyev zamanında qurulmağa başlayıb və bütün sonrakı dönəmlərdə Azərbaycan iqtidarı ilə birlikdə işləyib. Azərbaycan kimi avtoritar bir sistemi olan ölkədə hakimiyyətlə işbirliyi içində olan bir şəbəkə, müxalifətlə işləmə riskini üzərinə almaz. Fətullah Gülən bu qədər də axmaq deyil və Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə bütün bu illər ərzində hakimiyyətlərin bağrında yaratdığı şəbəkə də onun sadəlövh birisi olmadığının sübutudur. Onlar Azərbaycanda hər zaman yalnız hökumətlə işlədilər, onlarla ticarətləri oldu, onlarla bir yerdə bahalı təhsil layihələri qurdular, onların üzərindən neft biznesinə girdilər və sairə.

İndi isə keçək Azərbaycan iqtidarının «Əli Kərimli ve FETÖ ilişkisi» haqqında uydurmaq istədiyi efsanəyə. Xalq Cəbhəsinin sədri əli Kərimli öz facebook səhifəsində bu yalanı ifşa edən geniş bir cavab yazdı. Həmin cavab bundan ibarətdir.

«Ötən ilin sonlarında bunların muzdlu yazarları məni İranın ali dini rəhbəri Xamneyi ilə birlikdə şiələrin əlilə dövlət çevrilişinə cəhddə ittiham edirdilər, indi də Fətullah Gülənlə birlikdə sünnilərin əlilə dövlət çevrilişinə cəhddə ittiham edirlər. Əvvəllər də belə axmaq işlər görüblər. 2011-ci ildə aprel mitinqləri ərəfəsində də radikal sünni təşkilatı olan Əl-Qaidə və və radikal şiə təşkilatı Hizbullahla eyni vaxtda “işlədiyimi” iddia etmişdilər. Sizcə, bunların başlarını istimi xarab edib, yoxsa mənmi xarab etmişəm? Bu qədər absurdu nə məqsədlə edirlər?

Çox güman ki, hakimiyyət Türkiyədə 15 iyul gecəsi dövlət çevrilişinə cəhd zamanı susqun qalmağının, Türkiyənin xalq tərəfindən seçilmiş, qanuni hakimiyyətinə vaxtında dəstək verməməyin kompleksini yaşayır. Həmin gecə, hadisələrin ən gərgin məqamında, onlar ağızlarına su alıb susduqları zaman mənim hərbi çevrilişə qarşı vaxtında və birmənalı mövqe bildirməyimi həzm edə bilmirlər. Və “sən özün axmaqsan” məntiqilə növbəti dəfə mənim üzərimə çirkab atırlar. Digər tərəfdən də Nardaran əməliyyatlarının ifşasından çox pərt olublar – yalanları ayaq tutsa da, yeriməyib. Üstəlik, qabaqdan gələn referendumla bağlı Milli Şura olaraq artıq mitinqlərin anonsunu vermişik. Mitinqlərdən çox narahatdırlar. Son həbslər də mitinqlər ərəfəsi cəmiyyətdə qorxunu artırmağa hesablanıb. Bütün bu narahatlıqlar hamısı ona səbəb olub ki, yenə də gözlərini yumub, ağızlarını açıblar. Şər-böhtan sel kimi axır.

Kimdir sizin bu cəfəngiyyatınıza inanan? Türkiyə hökumətimi? Siz onları sadəlövhmü sayırsınız? Onlar bilmirmi ki, Gülən şəbəkəsini bu gün də qoruyub saxlayan, himayə edən sizlərsiniz? Onlar ən ağır zamanlarında qanuni hakimiyyətə dəstək verənlərlə, ağzına su alıb,15 saat ərzində səssizcə kimin qalib gələcəyini gözləyənlə arasındakı fərqi görə bilmirlər? Dünya ictimaiyyətinimi aldadacaqsınız? Zatən, sizi ən yaxşı onlar tanıyır. Dünyanın ən nəhəng korrupsionerlərinin sizlər olduğunu, rəqibləri şərləmək üçün hər cür böhtana hazır olduğunuzu onlardan yaxşı kim bilir? Azərbaycan xalqını aldada biləcəyinizdən isə heç söhbət gedə bilməz. Xalq sizin şər-böhtanlarınıza çoxdan inanmır, zatən, inanmış olsaydı, indi məni heç kim dəstəkləməzdi, siz də nəhayət, qorxudan çıxardınız. Mitinqlərin qarşısını belə çirkin üsullarla alacağınıza heç ümid etməyin. Bu xalq bir qrup ictimai-siyasi fəaldan, 2-3 real müxalifət təşkilatından ibarət deyil. İnşallah, tezliklə xalqımız dinc mitinqlər üçün meydanlara axışıb, bütün planlarınızı pozacaq».

Fətullah Gülən və Əliyev lobbiçiliyi

Amma nədən Əli Kərimli? Az əvvəl qeyd etdim ki, İlham Əliyev yaxından-uzaqdan«FETÖ» ilə əlaqəsi olmayan müxaliflərini bu adla vurub Ərdoğanı aldatmaq və gerçək«FETÖ»çuları qoruyub saxlamaq istəyir. Onlar İlham Əliyevə Amerikada gərəkdirlər və məlumunuz olsun ki, Amerikanın siyasi həbslər və repressiyalarla bağlı Azərbaycana tətbiq etmək istədiyi sanksiyaların qarşısının alınmasında və ya yubadılmasında Fətullah Gülənə bağlı olan lobbi qruplarının müstəsna xidmətləri oldu.

fetullah

Onun və bunun davranışları

Amma axı, Əli Kərimliyə bu iftiranı yapışdırmaq mümkündürmü? Təbii ki, mümkün deyil, amma bunların da işi mümkün olmayan, ağla gəlməyən iftiralar atmaqdan ibarətdir ki, başqalarının inanmaqdan başqa çarəsi qalmasın. Bu iftiranın ağla gəlmədiyini Fətullah Gülənlə bağlı dövlət çevrilişi günlərində və hətta saatlarında Azərbaycan hökumətinin, onun başçısı İlham Əliyevin və Azərbaycan Xalq Cəbhəsinin lideri Əli Kərimlinin davranışlarında araşdıraqmı?«FETÖ» qiyamının baş verdiyi 15 iyulda İlham Əliyev Tayyib Ərdoğana zəng etməyən dövlət başçılarının siyahısındadır. Amma Xalq Cəbhəsinin sədri Əli Kərimlinin həmin gün, Bakı vaxtı ilə saat 00.57-də yazdığı facebook statusu budur:

Əli Kərimli qiyam gecəsi bunları yazdı

«Əziz həmvətənlər, xeylinizin qardaş Türkiyədəki AKP idarəetməsinə tənqidi yanaşdığını bilirəm. Amma bizim Türkiyədə baş verənlərə münasibətimiz şəxsi emosiyalarla diqtə edilməli deyil. Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!».

Bu həmin saatlar idi ki, hələ Türkiyədə də çoxları bu qiyamın necə başa çatacağını bilmir, çoxları kəsin bir söz deməkdən yayınmaq üçün telefonunu da söndürürdü. Amma Əli Kərimli birmənalı olaraq qiyamın əleyhinə açıqlama yayır, Türkiyənin qanuni hakimiyyətini dəstəklədiyini bildirir və minlərlə adam da bu münasibətə dəstək verir, yorum yazır…(Yeri gəlçmişkən, həmin bəyanatın altında Azərbayca hakimiyyətinin trolları Əli Kərimlinin qiyama münasibətinə görə onu ittiham edən yorumlar da yazırlar). İyulun 16-da Bakı vaxtı ilə səhər saat 09.18- də isə Əli Kərimli qələbə münaibətilə türk xalqını təbrik edən ikinci bəyanatını yayır:

«Türkiyə qalib gəldi! Xalqın ən böyük güc olduğu növbəti dəfə sübut olundu. Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi. Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı, dövlət qurumları və xalqı, iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı. Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu. Türkiyənin daha da demokratikləşməsi, güclənməsi və dünyadakı nüfuzunu daha da artırması arzusu ilə. Haydı Türkiyə!».

İlham Əliyevdən isə hələ də xəbər yoxdur. Bu arada Azadlıq qəzetində İlham Əliyevin Türkiyədəki qiyamla ilgili mövqesizliyini tənqid edən geniş bir yazı yayınlanır:

http://www.azadliq.info/146823.html

Bu yazı İlham Əliyevi fakt qarşısında qoyur və onun çevrəsindəki insanlar da görünür, o zamandan indiyə qədər Əli Kərimliyə, Azərbaycan müxalifətinə, Azadlıq qəzetinə necə iftira atmaq üzərində fikirləşib, nəhayət, qərara gəliblər ki, əllərinin altında saxladıqları muzdlu mətbuatın xidmətindən yararlanmaqdan başqa yol yoxdur.

Fətullahın pulları haradan çıxır?

Üstəlik, bu qıcıq ondan sonra daha da şiddətlənir ki, Azərbaycan hakimiyyətini pərt duruma salan bir hadisə baş verir. SOCAR-ın Türkiyədəki təmsilçilərinin böyük bir qrupunun Fətullahçı olduğu aşkar edilir, bu adamlar arasında kütləvi həbslər aparılır. Əli Kərimli də belə bəyanat verir:

«Bu, artıq beynəlxalq skandaldır. Türkiyədən Azərbaycanın dövlət şirkəti SOCAR-a ağır ittihamlar irəli sürüldü və bu səhər də Azərbaycana məxsus PETKİM-də işləyən 19 nəfər həbs olundu. Türkiyə tərəfi iddia edir ki, SOCAR-ın milyardlarla dollara satın aldığı PETKİM 2011-ci ildən Fətullah Gülənin nəzarətinə keçib və onun təşkilatının əsas maliyyə qaynağı olub. Ölkəmizin özünün sərmayəyə böyük ehtiyacı olduğu halda hökumət son illərdə həmin PETKİM-ə milyardlarla dollar sərmayə qoymuşdu və indi məlum olur ki, PETKİM-in də, SOCAR-ın da adı bizim, dadı özgələrinin olub. Məsələ artıq çox ciddiləşdi. Azərbaycan hakimiyyəti izahat verməlidir. İzahat verməlidir ki, niyə SOCAR-ın var-dövlətindən azərbaycanlılardan başqa hamı faydalana bilir?»

İndi aydın oldumu ki, Əli Kərimlini nəyin bahasına olursa-olsun, Fətullahçı çıxarmaq, bu mümkün olmadığına görə ən sarsaq şəkildə böhtanlar uydurmaq niyə bu qədər vacibdir?

P.S. Həmin iftiralarda Fətullah Gülənin kassirlərindən olan Murat Kılıç adlı adamın Əli Kərimliyə maliyyə dəstəyi verdiyi barədə böhtan sonda, xüsusi vurğu ilə verilib. Bunlar qara kassirləri hər kəsdən yaxşı tanıyırlar, stilləri budur. Murat Kılıç isə indi bunları təkzib edəcək halda deyil, çünki həbs edilib…

Qənimət Zahid

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir