Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Nardaran işi” xarici mediada…

Fuad Tale«Azad Avropa» radiosu bu iş üzrə məhkəmədə üzə çıxan ilginc detallarla bağlı material hazırlayıb

Azərbaycanda bir müddət əvvəl başlanmış “Nardaran işi” üzrə məhkəmə prosesinə beynəlxalq diqqət də kifayət qədər böyükdür. “Azad Avropa” radiosu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərin mühakimə olunduğu məhkəmə ilə bağlı geniş material yayımlayıb. Müəllif Liz Fullerin hazırladığı materialın tərcüməsini təqdim edirik:

Taleh Bağırzadə Əliyevi açıq tənqid edirdi…

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ektremist dini qrupa üzv olduğu iddia olunan 18 nəfərin məhkəməsi başlayıb. Onlar qətl, terrorçuluq, dini nifrəti alovlandırma, kütləvi iğtişaşların təşkili və qanunsuz silah saxlama kimi əməllərdə ittiham olunurlar. Istisnasız olaraq, onların hamısı irəli sürülən ittihamları uydurma hesab edir. Bəziləri bildirib ki, yoldaşlarına və görkəmli müxalifət liderlərinə qarşı ifadə almaq üçün onlara işgəncə verilib.

Müttəhimlər arasında gənc şiə din xadimi, qeydiyyatdan keçməyən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı da var.

Iranda ilahiyyatçılıq təhsili almış Bağırzadə inanclıların haqlarının müdafiəsi üçün kampaniya aparır və açıq şəkildə Azərbaycan prezidenti Ilham Əliyevi tənqid edirdi. O, 2015-ci ilin noyabrında 13 nəfərlə birgə Bakının Nardaran kəndində polis əməliyyatı zamanı həbs olunub.

Nardaran 10 illərdir ki, mühafizəkar şiə islamının istehkamı rolunu oynayıb. Kəndin təxminən 8000 nəfərlik sakini Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadəni deyil, iranlı Ayətullah Ali Xamneyini özünün ali dini lideri hesab edir.

Nardaran əməliyyatı

Əməliyyat zamanı ikisi polis olmaqla, yeddi nəfər öldürülüb, daha bir neçə nəfər yaralanıb, dəqiq detallar isə qeyri-müəyyən olaraq qalır. Azərbaycan Daxili Işlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında deyilir ki, onlar polisə atəş açıblar, “Molotov” kokteyli atıblar. Lakin təqsirləndirilən şəxslər həmin vaxt silahsız olduqlarını təkidlə bildirirlər. Onlardan biri – Bəhruz Əsədov avqustun 11-də məhkəmədə deyib ki, polislər bir-birinə xəbərdarlıq edirdi ki, həmkarlarını yaralamamaqdan ötrü hədəfi düzgün seçsinlər.

Birgə bəyanatda həmçinin deyilir ki, Bağırzadənin Müsəlman Birliyi Hərəkatını yaratmaqda məqsədi ölkədəki konstitusion nizamı dağıtmaq və “şəriət qanunları əsasında dini dövlət” yaratmaqdır. O və onun tərəfdarları, deyildiyinə görə, xalqı hakimiyyətə qarşı zorakı üsyana təhrik etmək məqsədilə, Bakı və ölkənin digər yerlərindən dəstəkçilər yığıb, onları müxtəlif tipli silahlarla təmin edib və Nardaranda “qeyri-qanuni mitinqlər” təşkil ediblər.

Bəyanata görə, əməliyyat “din pərdəsi altında çıxış edən və sabitliyi pozmaq, kütləvi iğtişaşlar, terrorizm aktları təşkil etmək cəhdləri göstərən silahlı kriminal qrupu” neytrallaşdırmaq məqsədi daşıyıb.

Açıq qalan suallar

“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Birliyindən Oqtay Gülalıyev deyir ki, terrorçuluq ittihamını təsdiqləyən heç bir sübut yoxdur. Soruşur ki, əgər doğrudan da Bağırzadə və tərəfdarları terrorçudursa, niyə onları tutmaq üçün ixtisaslaşmış terrorla mübarizə qurumları yox, yerli sıravi polislər cəlb edilmişdi? Niyə mülki vətəndaşların həyatı təhlükəyə atıldı və təslim olmaq üçün heç bir çağırış etmədən polis onlara dərhal atəş açmağa başladı?

Taleh Bağırzadə nə deyir?

Taleh Bağırzadənin vəkili Elçin Sadıqov deyir ki, keçən ay ilkin məhkəmə dinləmələrindən sonra ittihamnamədəki bir çox məqamlar anlaşılmaz qaldı. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin polisə atış açdığı barədə heç bir sübut yoxdur.

Bağırzadənin özü vurğulayır ki, o, heç vaxt zorakılıq tərəfdarı olmayıb. O bildirib ki, polisin onu həbs etməsi “diqqətlə planlaşdırılıb”. O, bunu parlament seçkilərinin aşkar saxtalaşdırılmasına qarşı Müsəlman Birliyi Hərəkatının tənqidi səsini ucaltması ilə əlaqələndirir.

Milli Şura əleyhinə ifadə üçün işgəncələr

Fuad Qəhrəmanlı əməliyyat zamanı Nardaranda olmayıb. O, iki həftə sonra “facebook” statuslarına görə həbs olunub. Ona qarşı əvvəl dövlət əleyhinə təbliğat, irqi və dini nifrəti alovlandırma ittihamları irəli sürüldü və o, istintaq müddətində həbsdə qaldı. Altı ay sonra isə kütləvi iğtişaşlara çağırış ittihamları da əlavə edildi.

Avqustun 11-də məhkəmədə ifadə verən Qəhrəmanlı deyib ki, o, sırf Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlərinə görə mühakimə edilir: “Hakimiyyət korrupsiya əməllərinə qarşı çıxan insanları qorxutmaq üçün siyasi məhkəmə işləri quraşdırır”.

Fuad Qəhrəmanlı kimi AXCP sədrinin müavini vəzifəsini daşıyan Gözəl Bayramlı deyir ki, heç bir sübut olmasa da, Azərbaycan hökuməti AXCP-ni beynəlxalq aləmin gözündən salmaq üçün onunla üsyançı şiə qrupu saydığı qüvvələr arasında əlaqə olduğunu təsdiq etmək istəyir.

Bağırzadə deyir ki, müxalif təşkilat olan Milli Şuranın liderləri – AXCP sədri Əli Kərimli və Cəmil Həsənliyə qarşı ifadə almaq üçün ona işgəncə veriblər. O isə bunu etməkdən imtina edib.

Hökumət nardaranlıların könlünü alır

Nardaranda polis əməliyyatı keçirildiyi gün 50-yə qədər adam həbs edildi. Bəziləri sonradan azad edildi; bəziləri isə fərdi və yaxud kiçik qruplar şəklində mühakimə olunaraq, qanunsuz silah saxlama kimi yüngül ittihamlarla üzləşdi.

Noyabrın axırında baş verən hadisələrdən sonra Azərbaycan hakimiyyəti Nardaran əhalisinin könlünü almaq üçün küçələri genişləndirib, məktəb, xəstəxana və başqa infrastrukturları təmir edib. 2 ay əvvəl bu infrastrukturlardan birinin açılış mərasimi zamanı Prezident Əliyev bəyan etdi ki, son onillikdə Nardaran sakinlərinin yığılıb qalan elektrik borcları – təxminən 42.2 milyon manat dövlət tərəfindən silinib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir