Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə İbişbəyli Qərb ölkələrinin Azərbaycandakı səfirlərinə müraciət edib. O, müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. Müraciəti təqdim edirik: “Hörmətli səfirlər, mən 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşı İbişbəyli Fikrət Fərəməz oğlu ilə həyatı qurmuşam. Birgə nikahımızdan 2 və 3 yaşlarında övladımız var. Həyat yoldaşım tanınmış jurnalistdir, Jam.az saytının (Jurnalist Araşdırma Mərkəzi) baş redaktorudur. Bu il iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs yaşadığımız evə daxil olaraq axtarış aparmaq adı ilə heç bir order təqdim etmədən Fikrət Fərəməzoğluna məxsus noutbuku, sənədləri, yazıları, diskləri, hətta uşaqlarımızın toy disklərini götürdülər. Axtarış zamanı bizimlə kobud davrandılar. Həmin şəxslərdən nələr olduğunu soruşanda onlar həyat yoldaşımın həbs edildiyini bildirdilər, lakin həbs olunma səbəbini açıqlamadılar. İlk günlər nə mən, nə də Fikrətin həmkar dostları DİN və Baş Prokurorluqdan bu barədə məlumat ala bildi.
KİV-də mənim verdiyim informasiya yayılandan sonra nəhayət ki, iyulun 4-də Daxili İşlər Nazirliyi Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat verdi. Məlum oldu ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilib.
Həyat yoldaşım 33 gün qanunvericiliyin tələblərinə zidd olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı. Bir günlüyə istintaq təcridxanasına köçürülsə də, yenidən BMCMİ-yə qaytarıldı. İyulun 5-də vəkil Nemət Kərimli DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla görüşdü, lakin məlum olmayan səbəblərdən Fikrət vəkildən və həbsindən verilən apellyasiya şikayətindən imtina etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 157-ci maddəsinin 3-cü bəndinə görə məhkəmə tərəfindən haqqında həbs qətimkan tədbiri seçilən şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Jurnalistin lazımi zəruri hüquqi xidmətdən məhrum edilməsi, yaxınları tərəfindən tutulmuş vəkilin onunla görüşünə maneçilik törədilməsi, çətinliklə baş tutan görüşün konfidensial deyil, müstəntiqin otağında reallaşması, eləcə də müəmmalı şəkildə F. Fərəməzoğlunun müdafiəçidən imtina etməsi, verdiyi apellyasiya şikayətini geri götürməsi bu şəxslə bağlı müəyyən planların cızıldığını göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Amma Fikrət İbişbəylinin təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulub. Mən bunu müstəntiq Hacı Əfəndiyevə deyəndə bildirdi ki, guya Fikrət öz ərizəsi ilə BMCMİ-yə qayıdıb.
Fikrət İbişbəyli mənimlə görüşündə bildirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlə üzləşib. Onu konkret həyat yoldaşı, yəni mənimlə şantaj ediblər. Bildiriblər ki, əgər vəkildən və Apellyasiya Məhkəməsindən imtina etməsə, həyat yoldaşı, yəni mən həbs olunacağam.
Cənab səfirlər, bu məsələnin obyektiv araşdırılıb diqqətdə saxlamağınızı, Fikrət İbişbəyli və mənə yardım etmənizi xahiş edirəm”.(azadlıq.info)