Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Apellyasiya Məhkəsində Mehman Hüseynovun işinə təkrar baxış başlayıb

Noyabrın 16-da bloger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası təqsirləndirilən şəxsin çıxışa hazır olmaması ilə əlaqədar təxirə salınıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasın əvvəlində vəkillər müvəkkilləri ilə məsləhətləşmələr üçün vaxt istəyiblər.

Bununla əlaqədar hakim 15 dəqiqəlik fasilə elan edib.

Fasilədən sonra hakim Hüseynovdan çıxışa hazır olub-olmadığını soruşub.

Amma vəkil Fuad Ağayev söz istəyərək, blogerin çıxışa hazırlaşması üçün vaxt verməyi xahiş edib.

Hakim müdafiə tərəfin xahişini təmin edib və dinləmələri 16 noyabr saat 15.30-a təyin edib.

Vəkil Fuad Ağayevin jurnalistlərə verdiyi məlumata görə, şikayətə qismən məhkəmə istintaqı ilə baxılacaq. Çünki Hüseynovun kassasiya şikayətini qismən təmin edən Ali Məhkəmənin qərarı belədir.

Müdafiə tərəfi xüsusi ittihamçı, Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəməyə çağırılmasında və dindirilməsində israr edir.

“Bu insanı onun şikayəti ilə mühakimə ediblər, o isə onu heç tanımır da. Qoy məhkəməyə gəlsin, Mehman da kimə görə mühakimə olunduğunu bilsin”, deyə vəkil qeyd edib.

Müdafiə tərəfi hesab edir ki, Musayev bu iş üzrə xüsusi ittihamçı ola bilməz.

Digər tərədən, vəkillər Nəsimi rayon polis idarəsində və Hüseynovun saxlanıldığı yerdə olan videomüşahidə kamerlarının görüntülərinin istənilməsində israr edirlər.

Proses böyük ictimai maraq doğurub. Bütün arzu edənlər iclas zalına yerləşməyib.

ABŞ, Norveç səfirliyinin və AŞ nümayəndəliyinin nümayəndələri prosesi müşahidə etməyə gəliblər.

Xatırladaq ki, Azərbaycan Ali Məhkəməsi sentyabrın 29-da Mehman Hüseynovun kassasiya şikayətini qismən təmin edib, onun şikayətini Apellyasiya Məhkəməsinə qaytarıb.

Həbs üçün onun bu ilin yanvarında polis idarəsində işgəncəyə məruz qalması haqqında bəyanatları səbəb olub. Buna cavab olaraq Bakının Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev böhtan haqqında iddia qaldırıb.

Suraxanı rayon məhkəməsi mayın 3-də Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

Mehman Hüseynov satirik Sancaq onlayn-jurnalında yüksək vəzifəli məmurların korrupsiyası haqqında çoxsaylı videomaterialları ilə məşhurdur. O, siyasi məhbus kimi tanınıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir