Vəkil: Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik
İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılıb. AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi yenə də məhkəmə iclasına gəlmədi. Müşavirədən qayıdan məhkəmə kollegiyası bizim apellyasiya şikayətini təmin etməyib. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarını dəyişdirmədən qüvvədə saxladı.
Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.
E.Sadıqov qərarı qanunsuz və əsassız hesab edir: “Biz İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı, 10-cu, 13-cü, 18-ci və 4 saylı Əlavə Protokolun 2-ci maddəsinin pozulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”.
Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarı ilə jurnalist Aynur Qənbərovanın (Elgünəşin) ölkədən çıxışına Meydan.Tv-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2., 213.2.2., 308.2-ci maddələri ilə başlanılmış və AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı davam etdirilən 152006048 saylı cinayət işi üzrə ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayətimiz təmin edilmədi. Həmin qərar qanunsuz və əsassız olduğu üçün tərəfimizdən apellyasiya şikayəti verildi.
Dəfələrlə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi (müstəntiq və prokuror) gəlmədiyinə görə apellyasiya baxışı təxirə salındı.