“Eldar Mahmudov pulu bir neçə yüz min manatdan yuxarı olanların sinəsinə dağ çəkib”.
…Qədim zamanlarda hökmdarlar xalqın ona inamının azaldığını görəndə radikal addımlara əl atırdılar, kimisi müharibəyə başlayırdı, kimi də yaxın ətrafındakı vəzir-vəkildən, sərkərdələrdən birini, daha doğrusu, ən zalımını qurban seçərdi.
Səfalət içində itib-batan rəiyyəti təsəlli etmək üçün, bu, ən sınanmış üsul olsa da, sonluq heç də yaxşı qurtarmırdı. Xalq bu tamaşanın sonunda heç nəyin dəyişmədiyini başa düşərək daha da aqressivləşir, dərisi boynundan çıxarılanın həmkarları isə, bundan nəticə çıxarırdılar.
Zaman-zaman Azərbaycan hakimiyyətinin də oxşar addımlar atdığının şahidi oluruq. Sosial təminat, səhiyyə, iqtisadi inkişaf, təhsil nazirləri vəzifədən kənarlaşdırıldı. Lakin məlum səbəblərdən bütün bunlar, “köhnə nazirlərin atasına rəhmət oxutdurulması” ilə nəticələnirdi…
Bu il də birini seçmişdilər, bu, nəqliyyat naziri Ziya Məmmədov idi. Ilk baxışdan(!) pis seçim deyildi. Götürək elə onun vuran əli olan nəqliyyat qoçularını… Bu kəsim özünə elə bir imic formalaşdırıb ki, sonradan yaxşı xatırlanmaları üçün onlardan mütləq ağlasığmaz şücaət tələb olunur. Məsələn, dənizdə boğulan ana-balanı həyatı bahasına xilas etmək və buna bənzər rəşadətlər…
Hamı, xüsusən də iqtidaryönlü mətbuat onun bu gün-sabah vurulacağını yazırdı. Əvvəlcə onun nazirliyini parçaladılar. Yeri gəlmişkən, son vaxtlar dəbdədir, birini vurmaq üçün əvvəl onun qurumunu dağıdırlar. Yaxud da əksinə. Torpaq və Xəritəçəkmə Komitəsi yadınızdadır, hazırda o boyda “əjdaha” qurum, torpaqların pay-puşk edilməsi ilə əriyib yoxa çıxdı. Vasitəsi ilə milyardlar silinən Nəqliyyat Nazirliyini də beləcə əritdilər. Əslində səhv etdilər, öncə Ziya Məmmədov getməli idi…
Xəbəriniz yoxdursa deyim, “uje”… nə avtovağzal çökür, nə də ki, sürüşür. Ziya Məmmədov Isveçrədən qayıtdıqdan sonra “dayanıb”. Sadəcə asfalt bir az biədəb şəkildə aralanmışdı, onu da hazırda yamayırlar. Ümumiyyətlə, sürüşmə və çökmə o qəbildən olan təbii hadisələrdəndir ki, onun qarşısını almaq mümkün deyil. Bizdəki sürüşmə və çökmələr sadəcə korrupsiya elementləridir. Ölkənin bütün asfalt yolları çat verir, səbəb isə sadədir; yeyinti var, özü də ağlasığmaz dərəcədə. Niyə ağlasığmaz?.. Çünki dünyanın ən bahalı və eyni zamanda ən keyfiyyətsiz yolu Azərbaycandadır. Bahalı deyəndə elə fikirləşməyin ki, bizimkilər doğrudan bir kilometr yola hamıdan çox xərcləyirlər, əksinə, dünyada ən ucuz yol bizdədir. Söhbət hər kilometrə görə büdcədən “əkişdirilən” pullardan gedir.
Ziya Məmmədov Içveçrədə olarkən… AMEA-ın Coğrafiya Institutunun direktor müavini ehtiyatla dedi ki, avtovağzaldakı “hadisə” təbii amillərlə yanaşı, həm də həmin əraziyə axan suların ərazidən uzaqlaşdırılması üçün yetərincə suötürücü qurğuların tikilməməyinin nəticəsində baş verib. Yolun altı kifayət qədər yaxşı bərkidilməyib və suötürücü qurğular kifayət qədər tikilməyib?.
Yəni loru dildə desək, yüz milyonlarla manatı dollar və avroya çevirib ən etibarlı banklara yatırıblar.
Isveçrədən geri dönənə qədər Ziya Məmmədov ölkənin ən çox tənqid edilən naziri idi. O qədər tənqid etdilər ki, insanların bu quruma münasibəti dəyişməyə başladı. “Yəqin pul haqq-hesabıdır” deyənlərin sayı getdikcə artmağa başladı.. Yeri gəlmişkən, Isveçrə deyəndə ilk yada düşən banklar olur…
Beləcə hamının, hətta prezidentin də tənqid etdiyi nazir, hazırda yerindədir. Lap onun rəhbərlik etdiyi qurumu, suyu qurumuş dəyirman halına salsalar belə, yuxarıdakı səbəblərə görə o, hələlik nazir titulunu qoruya bilir.
Mənim fikrimcə, MTN-in keçmiş sefi Eldar Mahmudov elə Ziya Məmmədovun “güdazına” getdi. “Ən layiqlilərin” içindən onu seçdilər və…
Xalqa duyurdular ki, Eldar Mahmudov pulu bir neçə yüz min manatdan yuxarı olanların sinəsinə dağ çəkib.
Əgər Azərbaycanda 9 milyon 666 min əhali yaşadığını qəbul etsək, onlardan 9 milyon 600 mini üçün bu olay maraqsızdır.
MTN-in keçmiş şefinin maraq dairəsindən kənar milyonlarla insana sitəm edən qurumların adını çəkməyə isə, yəqin ki, ehtiyac yoxdur.
Media-fakt.info 12.10.2015 Aqil Rəsulov