Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Sahibkar gənc fəal Anar Abdullayev: “Azərbaycanda məhkəmələr sifarişlə işləyir”

Azərbaycanda siyasi fəallara qarşı təzyiqlər davam edir. Mətbuat və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan qadağalarla yanaşı, siyasi fəallar da təqib edilir.

Təzyiqlərə məruz qalanlardan biri də AXCP fəalı Anar Abdullayevdir. O, müxalifətin keçirdiyi mitinqlərdə iştirak edəndən sonra polisin və naməlum şəxslərin təzyiqlərilə üzləşib.

Anar Abdullayev qeyd edir ki, parlament seçkiləri öncəsi siyasi fəalların həbsi vəziyyətin necə gərgin olduğunu göstərir: «Əslində seçki öncəsi vəziyyət bir qədər yumşalmalı idi. Namizədlərin normal seçki marafonu aparması, insanlarla görüşüb öz platformalarını seçicilərə çatdırmaları üçün şərait yaradılmalı idi. Amma hazırda bunun əksinə olaraq təbliğat imkanları məhdudlaşdırılır. Seçki Komissiyaları yuxarıların tövsiyyəsi ilə hakim partiyanın seçkilərə qatılan namizədlərindən başqa digərlərinin seçki yarışına qoşulmasına süni maneələr yaradır. Hətta müxalif fikirli insanlara imza verən vətəndaşlar sonradan təzyiqlər qarşısında imza vermədiklərini bildirirlər.

 

 

Anar Abdullayev siyasi fəaliyyəti səbəbindən hazırda həbsxanada olanların da sayının az olmadığını vurğuladı: «Bir neçə il öncə Müsavat başqanının müşaviri Yaigar Sadıqov saxta ittihamlarla 6 illik həbs cəzasına məhkum edildi. Yenə qurama ittihamlarla Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli 6 il, 6 ay müddətinə azadlıqdan məhrum edildi. Onun qardaşı Sirac Kərimli isə 6 il həbs cəzası aldı. Baxmayaraq ki, Sirac Kərimlinin siyasi mənsubiyyəti yoxdur və onun qardaşı Fərəc Kərimli ilə səhv salınaraq həbs olunduğu məhkəmədə də aşkarlandı. “Amnesty İnternational” təşkilatı Kərimli qardaşlarını “vicdan məhbusu” kimi tanıyıb. Bu gün iqtidara qarşı daha fəal mübarizə aparan Azərbaycan Xalq Cəbhəsi Partiyasını da zəiflətmək üçün hakimiyyət fərqli addımlara əl atır. Bir tərəfdən partiyanın parçalanması istiqamətində fəaliyyyət açıq hiss olunmaqdadır. Hakimiyyətin təkliflərini qəbul etməyən və siyasi fəaliyyətini davam etdirənlər isə qurama ittihamlarla həbs edilir. Onu da unutmaq olmaz ki, Avropa Məhkəməsinin hüquqlarının pozulduğunu tanıdığı Real hərəkatının sədri İlqar Məmmədov da hələ də həbsdə saxlanılır. Bu da hakimiyyətin ona qarşı müxalif olan hər kəsə qarşı barışmaz mövqedə olduğunu göstərir».

 

Anar Abdullayev hesab edir ki,  ölkədə müstəqil məhkəmə sisteminin olmaması istənilən şəxsin həbsə atılacağını düşünməyə əsas verir: «Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinə və qanunlara əsaslanaraq ədalətli qərar verəcəyinə cəmiyyətdə inam yoxdur. Nəinki siyasi işlər, bir çox hallarda mülki işlərlə bağlı da ədalətsiz qərarların şahidi oluruq. Amma siyasi işlərdə məhkəmə birmənalı olaraq yuxarıdan gələn sifariş əsasında hökm çıxarır. Məhkəmə sisteminə inamın olmaması və hakimiyyətin öz opponentlərini həbsə atdırmaqla sıradan çıxarmaq niyyəti bir çox fəalların ölkəni tərk etməsinə səbəb olub. Bu gün Məhkəmələr qanunların təmin olunmasına çalışmalı olduqları halda, vəzifəli şəxslərin sifarişlərini yerinə yetirirlər. Mühacirlik həyatı nə qədər çətin olsa da, ölkənin demokratikləşməsi, azad cəmiyyətin qurulması istiqamətində mübarizə aparmaq, alternativ fikrin cəmiyyətə çatdırılmasını təmin etmək və həbsə düşməmək üçün bu yeganə yoldur».

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir