REAL partiyasının sədri İlqar Məmmədov dəvət edildiyi beynəlxalq konfransda iştirak etmək istəyir. Bununla əlaqədar o, Yasamal rayon icra və probasiya şöbəsinə müraciət edib.
REAL partiyasının məlumatına görə, Məmmədov Avropa Parlamentinin “Avropa uğrunda liberal-demokratik alyans” (ALDE) fraksiyasından olan deputatlarının oktyabrın 17-də Brüsseldə keçirdikləri konfransa dəvət edilib.
Məmmədov öz müraciətində onun barəsində məhkəmə qərarının qanunsuz olduğunu qeyd edir. O, ölkədən çıxışına icazə verilməsini xahiş edir.
Əvvəllər şərti cəza çəkən şəxslərin xaricə getməsinə imkan verildiyi hallar olub.
Məsələn, hüquq müdafiəçisi İntiqam Əliyev beynəlxalq tədbirlərə gedib.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. O, ittihamları təkzib edib və işin siyasi motivlərlə saxtalaşdırıldığını bildirib. Beynəlxalq ictimaiyyət onu siyasi məhbus kimi tanıyıb. Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarına baxmayaraq, ölkə hakimiyyəti uzun müddət onu azad etməkdən imtina edib.
Yalnız 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi Məmmədovu iki il sınaq müddəti olmaqla, vaxtından əvvəl şərti azadlığa buraxıb.
Məmmədov hökmlə razı deyil və tam reabilitasiyaya nail olmaq niyyətindədir.