Oktyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun Qaradağ rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxıb və şikayəti təmin etməyib.
Bu barədə məhkəmədəki mənbələrdən Amerikanın Səsinə bəlli olub.
Əli İnsanov məhkəmədə iştirak etməyib.
Bu il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş səhiyyə nazirinin üç ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Bu qərar İnsanova qarşı irəli sürülmüş yeni narkotik saxlamaq və yaymaq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamları ilə bağlıdır.
Belə ki, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanova qarşı bu il avqustun 24-də Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur. Bu ittihamlarla sabiq naziri 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb. “Bu, açıq-aşkar 11 illik həbs müddətinin başa çatmasına 9 gün qalmış mənim azadlığa çıxmağıma mane olmaq üçün atılmış böhtandır”, İnsanov qüeyd edib.
Sabiq nazir 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o iqtisadi cinayətlərdə ittitham olunaraq 11 il müddətinə həbs edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Məhkəmə prosesləri zamanı İnsanov Azərbaycan hakimiyyətini və şəxsən İlham Əliyevi kəskin şəkildə tənqid edib.
Hüquq müdafiə təşkilatları İnsanovu siyasi məhbus kimi tanıyır.