Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

XXI-ci əsr və diktatorlar…

2010-cu il dekabrın 17-də Tunisin Sidi Buzid şəhərində küçədə əl arabası ilə satıcılıq edən universitet tələbəsi Məhəmməd Buəzizi bələdiyyə məmurlarının arabasını müsadirə etməsinə və işsizliyə etiraz edərək özünü yandırması ilə İslam coğrafiyasında “ərəb baharı” başladı. Belə ki, tələbəni yandıran od əvvəlcə Tunisi, ardınca bütün ərəb dünyasını bürüdü. Tunisdə başlayan üsyan 23 il ölkəni fasiləsiz idarə edən Zeynəlabidin bin Əlinin devrilməsi ilə nəticələndi. Ardınca Misirdə etirazlar başladı və 30 il ölkəni idarə edən Hüsnü Mübarək 3 həftə davam edən aksiyadan sonra istefa verdi. Liviyada etirazlar tezliklə silahlı toqquşmalara çevrildi və NATO Liviya ərazisini bombalamağa başladı. Daha sonra Liviya lideri Muəmmər Qəddafi üsyançılar tərəfindən öldürüldü. 

Ərəb ölkələrində baş verən inqilabların səbəbləri çox aydın idi. Qərb ölkələrinin bu proseslərdə nə dərəcədə maraqlı olması belə inqilablarin obyektiv səbəblərinə gölgə sala bilməzdi. Belə ki, bu ölkələrin sərvətləri bir qrup şəxs tərəfindən mənimsənilir və xalqın böyük kəsimi milli gəlirlərdən məhrum edilmişdi. Ən başlıcası da Diktatorların özləri yaxın qohumları yaşadıqları ölkədə özlərini hamıdan üstün tutur və millətə divan tuturdular. İnsan hüquq və azadlıqları, mülkiyyət hüququ və söz azadlığı kobud şəkildə pozulurdu. Ən maraqlısı isə hazırda qanlı proseslərin getdiyi həmin ərəb ölkələrinin heç birində normal vətəndaş cəmiyyəti institutları, siyasi partiya, azad media və s. təsisatları demək olar yox idi.Bu ölkələrdə höm sürməkdə olan hakimiyyətsizliyin fonunda günbəgun güclənən radikal islamçı təşkiların dominantlığı da məhz bunların nəticəsi idi. Savadsızlı və cəmiyyətdə cahilsizliyin hökm sürməsi sivil dünya üçün də böyük təhlükələr vəd edir. 

Təəssüf ki, Azərbaycanda da proseslər oxşar ssenarilər vəd edir. “Ərəb baharı”nın ilk vaxtlarında xalqdan çəkinən Əliyevlər hakimiyyəti korrupsiyaya son verəcəyi ilə bağlı vədlər verir, islahatlar keçirəcəyini bəyan edirdi. Qısa müddətdən sonra korrupsiya üzərində hakimiyyəti idarəedən Əliyevlər rejimi ölkədə total represiyyalara başladı. Konkret dünyada avtoritar rejimlərin ən böyük dəstəkçisi olan Rusiyadan verilən təlimatla Əliyevlər hakimiyyəti vətəndaş cəmiyyəti institutlarınl sıradan çıxarmağa start verdi. Qısa müddətdə azad media qurumları sıradan çıxarıldı, müstəqil vətəndaş cəmiyyətləri institutları üzərində total nəzarətin tətbiqinə başladı. İlk olaraq xarici donorların Azərbaycan QHT-lərinə verdiyi qrantlara qadağa qoyuldu. Ardınca isə fəal QHT nümayəndələrinin həbsi prosesi həyata keçirildi. Leyla Yunus və İntiqam Əliyev başda olmaqla onlarla QHT nümayəndəsinin həbsindən sonra rejim daha da aqressiv addımlar atmağa başladı.

Sonu bəlli olmayan iqtisadi böhran indi də təkrarlanır. Avtoritar rejimlərin tapdağı altında inildəyən, ancaq azadlıq və demokratiya inadından dönməyən insanlar daha ağır durumla üzləşiblər. İndiyəcən onlara dayaq olan dövlətlərin başı öz müsibətinə qarışdığından köməksiz qalıblar. Elə bu ölkələrin özündə də səbir kasası daşır, etiraz nümayişləri tətillər gözləməkdən təngə gələnlər üçün sonuncu istinada çevrilir.
Rənglər qatılaşır. Elə böhrana qədər də iqtisadi problemlərin bütün ağırlığı yaşanan ölkələrdə hökm sürən rejimlər öz yerini möhkəmlətmək üçün daha sərt, repressiv vasitələrə əl atırlar. Dünya cəbhələşir – demokratiya ilə avtoritarizmi ayıran xətt daha aydın şəkildə gözə çarpır. Diqqət yetirin, dünyanın bir hissəsi böhrandan çıxmaq yolları arayır, bir hissəsi də baş verənlərə göz yumub, inkişaf görüntüsü, eyforiya yaratmağa çalışır. İnsanların günü-güzəranı nə qədər pisləşirsə, bu ölkələr bir o qədər “inkişaf edir”, yeni-yeni “uğurlar” qazanırlar. İndi Özbəkistan “sürətli sıçrayış edir”, Azərbaycan “analoqu olmayan inkişaf yolu keçir”, Türkmənistan özünü “dünyanın ən xoşbəxt ölkəsi” kimi qələmə verir. Bu ölkələrin hər biri neftdən, qazdan gələn gəlirləri yas yerində süfrəsinə pay kimi qoyurlar. Bütün hallarda təbii sərvətlər avtoritarizmin yeminə çevrilir. Yetər ki, bu dövlətlərin üzünə tutduğu pərdəni bir qədər aralayasan – ən ağlasığmaz faciələrin şahidi olacaqsınız. 

Biz, adi insanlar, hər addımda iqtisadi böhranın vurduğu yaraları görürük, bir o qədər hakimiyyət bunu dandırmaq istəyən təbliğat maşınını işə salır. Son iki ilə qədər yaşanan tikinti “bumundan” sonra göz dağına dönən, yarımçıq qalan, getdikcə daha vahiməli görkəm alan binalar təbliğat maşınlarının üyütdüyü yalanları puça çıxarır. Boz üzlü bu yarımçıq binalar sanki ölən ümidlərə qoyulan baş daşına dönür.
Qəribə arxayınçılıq hökm sürür – avtoritar rejimlərə yönələn tənqidlər əvvəlki kimi ağrı ilə qarşılanmır; onlar qərəz kimi dəyərləndirilir, qulaqardına vurulur, ya da özünü qorumaq üçün əlavə arqumentə çevrilir. Beş il əvvəlki mühiti ötəri də olsa göz önünə gətirin – çox ağır şərtlər altında növbəti parlament seçkilərinə gedirik. Narazı elektoratın fikir və düşüncə tribunası olan qəzetlərin sırası xeyli seyrəlib. Əslində hakimiyyət müxtəlif vasitələrlə susdurulan, ələ keçirilən o qəzetlərə də ehtiyac duymur. Onların düşərgəni dəyişməsi bəs edir. Meydanda qalan bir neçə qəzetə, informasiya agentliyinə yönələn təhlükənin daha açıq müstəviyə keçdiyini də görürük. Cəmiyyətdə buna qarşı duran müqavimətin yoxluğu rejimi bu yöndə daha sərt addımlar atmağa həvəsləndirir.

Son iki seçkidə – prezident və bələdiyyə – görüntü xatirinə də olsa, təbliğata ehtiyac duyulmadı. Parlament seçkiləri öz xarakterinə görə daha kütləvi olsa da, indidən hiss olunur ki, rejim bu seçkinin də “lal axarda” aparılmasını hədəfləyib. Hətta görüntü xatirinə aparılan istənilən təbliğat hakimiyyətin paxırını açır, əlavə problemlər yaradır.
Bütün çalarları ilə hiss edilir ki, indi sözəbaxan, müəyyən edilmiş limit çərçivəsində fəaliyyət göstərən psevdo-müxalifət formalaşdırmaq planlarını iqtidar gerçəkləşdirəcək. Bizi əzən avtoritar rejimin başına zaman-zaman sığal çəkən Avropa ölkələri, ABŞ da bunun üçün yetərincə zəmin yaradıblar.

İndi proseslərin daha fəlakətli həddə çatdığı bir məqamda isə Azərbaycan rəhbərliyi onu eşitmir, cəbhələşən dünyanın digər düşərgəsinə qısılmaqla onu hədələyir.
Əslində qlobal iqtisadi böhran demokratik dəyərlərin qorunması üçün də çox ağır sınağa dönüb. İqtisadi stimullar bu qədər zəiflədiyindən, mənəvi dəyərlər də aşınır. Bu da heç bir mənəvi cavabdehlik daşımayan avtoritarizmin ötəri bayramına dönür. Ancaq tarix sübut edir ki, bütün iqtisadi çətinliklərdən arxada qalanda, dünyanı yeni demokratiya dalğası bürüyüb, avtoritar rejimlər bir anda çöküb. Tarixin yaradacağı fürsətimi gözləyək?

   Musa Məmmədov.                                                                                                                             Media-fakt.info

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir