Mingəçevir hadisələrinə görə məcburi köçkünə verilmiş torpaq əlindən alınıb
İctimai fəal, Kəlbəcər rayon sakini, Mingəçevirdə yaşayan Rövşən Cabbarov mərkəzi hökumət strukturlarına və ictimaiyyətə müraciət etməsi barəsində sosial şəbəkələrdə məlumat paylaşmışdır. Bununla əlaqədar R.Cabbarovdan yazdığı müraciətin məqsədini soruşmaq qərarına gəldik.
-Rövşən bəy, ölkə başçısı da daxil olmaqla bir neçə struktura müraciət etməyiniz barədə məlumatlar doğrudurmu? Əgər belədirsə, bu nə ilə bağlıdır? – Bizim ailə və bizimlə birlikdə 5 ailəyə məcburi köçkünlüyün ilk illərindən Mingəçevir şəhəri ətrafında 5 hektar torpaq sahəsi verilmiş və burada cari ehtiyaclarımızı ödəmək üçün bu günədək kənd tsərrüfatı işlərilə məşğul olmuşuq. Lakin, 2015-ci ilin noyabr ayından Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri bizim həmin sahədə işlər görməyimizə izn vermirlər. Bildirirlər ki, torpaqlar dövlət əhəmiyyətli başqa bir işlə bağlı istismar ediləcək. Bizə məlum deyil ki, hansı dövlət əhəmiyyətli proqramdır. Biz hətta bildirdik ki, biz bu torpaqların icarə haqqını da verməyə hazırırıq, lakin vermədilər. Eyni zamanda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir üzrə nümayəndəliyində də olduq və onlar da problemin nə ilə əlaqədar olduğunu anlamadıqlarını bildirdilər. Bir neçə cəhddən sonra ölkə başçısına və digər orqanlara müraciət etmək qərarına gəldik. Məqsədimiz odur ki, 5 məcburi köçkün ailəsinin problemi həll edilsin. Biz burada məşğul olur və sosial problemlərimizi həll edə bilirdik. İndi müraciətimizə nə vaxt cavab veriləcəyini bilməsək də, həmin ərazidən istifadə edə bilmirik və qeyd edim ki, orada heç bir iş aparılmır.
-Yəni, bu məsələnin nə ilə bağlı olduğu, və ya digər mülkiyyətçinin sahəsi olmasını aydınlaşdırmaq doğrudanmı çətindir? – Həmin 5 hektarlıq torpaq sahəsi dövlət fondunda olan ərazidir və heç kəsin mülkiyyətində deyil. Çox təəssüf ki, bu gün bizim başımıza gətirilənlər mənim Mingəçevir hadisələri zamanı saxlanılmağım və orada fəal olmağımla bağlıdır. Bu Azərbaycanda illərdir davam edən ictimai fəallara qarşı atılan addımın davamıdır. Mən heç bir günahı olmayan insanın polis bölməsində ölməsinə etiraz edənlərə qoşulmuşam və burda hər hansı qanun pozuntusu olmasa da, ondan sonra fiziki və mənəvi təzyiqə məruz qalmışam. Bundan sonra isə polis rəisi Ələsgər Bədəlovun mənə bildirdiyi deyəsən gerçəkləşir. O mənə bu ölkədə yaşamağın çətin olacağını bildirmişdi. Guya mən, prezidentə və ölkəyə xəyanət etmişəm. Qeyd etmək istəyirəm ki, əgər mənim ictimai fəaliyyətimlə bağlı bu addımı atırlarsa, heç olmasa digər ailələrə rəhm etsinlər. Axı, onlar heç nədən daim dolanışıq yerləri əllərindən alınıb.
-Rövşən bəy, nə kimi addımlar atmağı düşünürsünüz? – Hələ ki, Prezident Adminstrasiyasından və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən cavab gözləyirəm. Eyni zamanda yaxın günlərdə Daxili İşlər Naziri cənab Ramil Usubova da müraciət edəcəm ki, Ə.Bədəlovun özbaşınalığının qarşısını alsın. Mən artıq bir ildən artıq Bakıda işləyirəm və qeyd edim ki, oktyabr ayından artıq maaşımı da ala bilmirəm. Bunları da təsadüf hesab eləmirəm. Bilirəm ki, Mingəçevirdə də mənim üçün yaxşı olmayacaq. Onsuz da orada iş də yoxdur. Ümid edirəm ki, mərkəzi orqanlardan bizə normal cavab veriləcək. Əks təqdirdə mən İnsan Hüquqlarını müdafiə edən təşkilatlara və beynəlxalq təşkilatlara müraciət edəcəm.