Azərbaycan neftlə zəngin ölkə olsa da, əldə olunan milyardlarla dollar vəsait əhalinin sosial durumunun yaxşılaşmasına səbəb olmaylıb. Ümumilikdə, neft ixracından təqribən 135 milyard dollar gəlir götürmüşük. Bu gün neft fondunun aktivləri təqribən 35 milyard civarındadır. Biz gəlirlərimizin böyük bir qismini xərcləsək də, görünən odur ki, pullarımızı xərclədiyimiz sahələrdən gəlir əldə etmirik. Neft gəlirləri Azərbaycanı nə üçün xöşbəxt edə bilmədi?
Bu istiqamətdə olan suallarımızı Ümid Partiyasının Cəlilabad şöbəsinin sədr müavini, ictimai-siyasi fəal Ruslan Cavadov cavablandırıb.
– Ruslan bəy, neftlə zəngin olan Azərbaycanda əhalinin yaşayış durumu sizi qane edirmi?
– Doğru deyirlər ki, neft gəlirləri düzgün xərclənmədiyi halda ölkəyə bədbəxlik gətirir. Nahaq yerə nefti lənətlənmiş ehtiyat adlandırmırıar. Dünya iqtisadiyyatında Nigeriya, Hollandiya və Norveç təcrübələri var. Əgər ölkə iqtisadiyyatı tamamilə neftdən asılı vəziyyətə salınırsa, bu gec-tec təhlükə yaradacaq. Nigeriya hazırda da bu problemdən əziyyət çəkir. Nefti satır, puluna hazır məhsullar alırlar. İnsanlar işləmir, əziyyət çəkmirlər, hökumət islahatlar aparmır. Vaxtilə Hollandiyada da bu problem olmuşdu. Norveç isə neft gəlirlərini bir başa əhaliyə paylamır. Burada neft pulları ayrı-ayrı layihələrə, biznesin inkişafına xərcləınir. Təəssüflər olsun ki, Azərbaycan da yanlış yolla getdi. Neft gəlirlərindən düzgün istifadə etmədik və ölkə bunun nəticəsi olaraq hazırda böhran içərisindədirş. Bu gün ölkəmizdə gənclərin çalışması üçün hər hansı iş yeri tapmaq qeyri-mümkündür. Mən hələ hər hansı vətəndaşın biznes qurmaq perspektivindən, iş imkanlarından danışmıram. Azərbaycan idxaldan asılı vəziyyətdə qaldığına görə hər gün bahalanmanı müşahidə edirik və neft satışının dünya bazarında ucuzlaşması və Azərbaycan neftinin azalması faktiki olaraq ölkəni iqtisadi krizislə üz-üzə qoyub. Banklar dollar satışını dayandırıb və dollar satışında artıq qara bazar canlanıb. Bu isə gələcəkdə qeyri-leqal fəaliyyətlərin artmasını şərtləndirəcəkdir.
– Sizcə, hökumət problemin həlli üçün islahatlar aparacaqmı?
– – Hamıya məlumdur ki, Azərbaycan neft istismarından təqribən 135 milyard dollar gəlir götürüb və bu gün neft fondunun aktivləri təqribən 35 milyard civarındadır. Deməli gəlirlərimizin böyük bir qismini xərcləmişik və bu günkü iqtisadi vəziyyətimiz onu deməyə əsas verir ki, biz pullarımızı xərclədiyimiz sahələrdən gəlir götürə bilmirik. Yəqin ki, mətbuatda beynəlxalq bankın kredit əməliyyatlarıyla bağlı məhkəmə prosesini izləyirsiniz. Bu prosesdə nüfuzlu adamların, məmurların banklardan pulları necə çıxartdığının şahidi olduq. Hökumətin islahatlar aparacağına gəlincə, mən buna inanmıram. Avtoritar hakimiyyətlər islahatlar aparmaqda maraqlı olmurlar. Onlara indiki durum sərf edir.
– Ruslan bəy, hazırda böyük korrupsiya əməllərinə yol verdikləri üçün bir neçə vəzifəli şəxs həbs edilib. Sizcə, bu cür həbslər iqtisadi problemləri həll edəcəkmi?
– – Əvvəla qeyd edim ki, mən bu prosesi məmurların özbaşınalığı kontekstindən qiymətləndirmək istədim. Eyni zamanda digər məsələləri də qeyd etdim. Demək istəyirəm ki, bu gün vəzifəli şəxslərin həbsdə olması hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin nəticəsidir. Hakimiyyətdə qruplar bir-birinə qarşı savaş açıblar. Bütün bunlar onun göstəricisidir ki, hakimiyyətdə oğruluğa öyrəşmiş, tam kriminallaşmış məmur qrupu fəaliyyət göstərir.
– Ruslan bəy, yaxın dövr üçün Azərbaycan iqtisadiyyatının perspektivini necə qiymətləndirirsiz?
– Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti ucbatından artıq birinci mərhələ üçün şansları itirmişik. Ziyanın yarısından qayıtmaq olar. İlk öncə onu qeyd edim ki, Azərbaycana gələn böyük pullar böyük problemlər gətirdi və biz bu gün bunun bəlasını yaşayırıq. Vəziyyətdən çıxmaq üçün hakimiyyət iradə nümayiş etdirib iqtisadi islahatlar tətbiq etməlidir. Bu islahatlar real vəziyyəti əks etdirməlidir. Gömrükdə və vergi sistemində korrupsiya aradan qaldırılmalı, daxili istehsalın artırılması üçün fəaliyyətlər həyata keçirilməlidir. Kənd təsərrüfatının inkişafı üçün kredit güzəştləri nəzərdə tutulmalı və sığorta tətbiq olunmalıdır. Ən əsas məsələ ondan ibarətdir ki, azad iqtisadi fəaliyyətə şərait yaradılmalıdır. Bu məsələlər həll edilməyincə Azərbaycanda iqtisadi vəziyyətin düzəlməyini gözləmək çətin olacaq. Onsuz da hətta bütün bu deyilənlər həyata keçsə belə, bir neçə il ölkədə sıxıntı olacaq. Lakin biz əməli fəaliyyətlərin şahidi olsaq yaxın gələcəkdə bunun nəticələrini də görə bilərik. Hərçənd hakimiyyətdə kök salmış bəz məmur qrupların vəzifədən getməyəcəyi halda mən bu nikbin gələcəyə inanmıram. Kreditlərin sürətlə artması yoxsullugun göstəricisidir. Bir neçə nəfər mövcud vəziyyətdən faydalanaraq, daha çox varlanır. Digər tərəfdən əhali sürətli şəkildə yoxsullaşır. Məmur özbaşnalığı və korrupsiyanın bu şəkildə davam etməsi ölkədə siyasi-sosial vəziyyəti gərginləşdirəcək. Azərbaycanda baş verən bütün neqativ hadisələrin kökündə korrupsiya və məmur özbaşnalığı durur.