Dövlət başçısı İlham Əliyev çərşənbə axşamı Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.
Hərbiçi bu ada Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında “xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə” layiq görülüb.
Xatırladaq ki, Qurbanov dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində döyüş qarşıdurması zamanı həlak olub. Döyüşlərdə üç erməni hərbiçisi, o cümlədən bir zabit həlak olub.
Döyüşdən sonra Çingiz Qurbanovun cəsədi Ermənistan tərəfdən qalıb. Həmin vaxtdan ermənilər Qurbanovun cəsədini verməkdən imtina edib, bir aya yaxın cəsədi özündə saxlayıb. Həmin döyüşün təfsilatı açıqlanmır, amma Ermənistan tərəfi azərbaycanlıların döyüş postuna hücum edərək, orada onları güllələdiklərini bildirib.
Azərbaycan tərəfi iddia edir ki, ermənilər diversiya törətməyə çalışıb və cəhdin qarşısı alınıb.
Erməni saytlarından biri erməni hərbiçilərinə istinadla etiraf edib ki, döyüşdə Çingiz Qurbanov xüsusi qəhrəmanlıq və şücaət nümayiş etdirib.