Almaniyada rüşvət yoluyla “lobbiçilik fəaliyyəti həyata keçirən” 22 deputatın adı açıqlandı ki, onlardan beşinin keysi Azərbaycan hakimiyyətilə korrupsiya münasibətlərini göstərirdi.
Müsahibimiz mühacirətdə olan, siyasi fəal Elnur İsmayılovdur.
–Elnur bəy, Azərbaycanda insan hüquqlarıyla bağlı vəziyyət günü-gündən dəyişir. Hüquqpozuntuları, sifarişli məhkəmələr, Tərtər işilə bağlı beynəlxalq sənəs və s. Bu barədə nə deyə bilərsiniz? – Azərbaycan hakimiyyəti beynəlxalq arenada özünü təsdiq etmək üçün bütün imkanları itirib. Çünki, qlobal dünya Azərbaycan auditoriyası deyil ki, Qarabağ kartından istifadə edərək ictimaiyyətin gözündə “qəhrəman” olasan. Artıq hərbçilərə qarşı törədilmiş terror aktına beynəlxalq ictimaiyyət də münasibət bildirir. İlham Əliyev isə 100-dən artıüq hərbçinin işgəncə alması, 11 nəfərin isə döyülərək öldürülməsiylə bağlı məsələyə münasibət bildirmir. Sanki, bütün bunlar onun prezident olduğu ölkədə baş vermir.
– Azərbaycanda insan hüquqlarıyla bağlı bu gedişat necə dəyişə bilər? Çünki, hamı problemlərdən danışır, amma çıxış yolu göstərən yoxdur. – Çox təəssüf ki, durumu dəyişmək olduqca çətindir. Azərbaycandakı rejim şantaj, təhdit, işdən çıxarma, həbs, saxta məhkəmə, şəxsi həyata müdaxilə və s. üsullardan istifadə edərək tənqidçiləri konkret olaraq sıradan çıxarır. Bu proses getdikcə güclənir. Elə Əfqan Sadıxlının saxta ittihamla həbs edilib ona reket jurnalist damğasının vurulmasını misal göstərmək olar. Bundan savayı yaxın keçmişdə siyasi fəal Tahir Zəngilanın “narkotika satışı” adıyla 2,5 il cəzalandırılması da dediklərimə əyani sübutdur. Ondan əvvəl isə Cəmil Həsənlinin qızının videogörüntüsünün yayılması və s. göstərir ki, Azərbaycan hakimiyyəti olduqca qeyri-əxlaqi bir yolla irəliləmək istəyir. Misalları çoxaltmaq olar, lakin mən sualınıza cavab vermək istəyirəm. Problemdən çıxış yolu Əliyevlər rejiminin hakimiyyətdən getməsidir. Başqa cür bu hakimiyyətdən nəsə gözləmək sadəlövhlükdür. Məsələ təkcə insan hüquqlarının pozulmasıyla bitmir, həm də azad mətbuat yoxdur, həm də azad ticarət yoxdur, eyni zamanda bütün strukturlar korrupsiya və rüşvətin içindədir. Azərbaycanda adi mülki işlərdə belə hakimlər rüşvət alaraq haqsız qərar çıxarırlar və s. Faktiki olaraq İlham Əliyev istəsə belə, bu rejimi dəyişə bilməz, amma o bunu ümumiyyətlə istəmir. Beynəlxalq təzyiq var, lakin burada da Azərbaycan siyasi hakimiyyəti özünün “kürü diplomatiyasını” işlətmişdir. Bu yaxınlarda Almaniyada rüşvət yoluyla “lobbiçilik fəaliyyəti həyata keçirən” 22 deputatın adı açıqlandı ki, onlardan beşinin keysi Azərbaycan hakimiyyətilə korrupsiya münasibətlərini göstərirdi.
– Elnur bəy, insanların susqunluğu onların öz həyatlarından razı olduğu anlamına gəlmirmi? – İnsanlar o qədər təqib və təzyiq görüblər ki, onlar danışmaqdan belə qorxurlar. Onların susqunluğu razılıq əlaməti deyil, sadəcə əlacsızdılar. Azərbaycanda cəmiyyət elə bir formadadır ki, hər bir insan öz pensiyasını, iş yerini, övladının ali məktəbini, biznesini, xırda ticarətini, bazardakı polkasını, kirayə işlətdiyi çayxanasını belə itirməkdən qorxur. İnsanlar başlarına bir iş gələcəyi halda, özlərini müdafiə edəcək yer tanımırlar, məhkəmələri inam tamamilə itib. Buna görə də adamlar düşünür ki, sakit durum bir loxma çörəyimi itirməyim. İnsanlar səhərdən axşama kimi 5-10 manata işləyirlər. Bu, yalnız Afrika ölkələrindəki göstəricilərlə müqayisə oluna bilər. Hansı ki, həmin ölkələrdə də ictimai fəallıq aşağdır. Bu o demək deyil ki, Efiopiya və ya Sudanda həyat şəraiti olduqca yaxşıdır.