Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Cahangir Hacıyevin hökmü ağırlaşdırıldı

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və daha 7 nəfər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilib. Bu haqda iyunun 1-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.
Qərara əsasən, hökmün cəzalar hissəsində dəyişiklik olmayıb. Amma ziyanın ödənilməsi hissəsində hökm dəyişdirilib.
Cahangir Hacıyevgilin işində həm Beynəlxalq Bank, həm də bankın problemli kreditlərinin həvalə olunduğu “Aqrarkredit” zərərçəkmiş qismində tanınıb. Cahangir Hacıyevin göstərişi ilə götürülüb qaytarılmadığı iddia olunan kreditlərlə əlaqədar Beynəlxalq Bank işində təqsirləndirilən şəxslərə qarşı 7 milyon 7 min 405 manatlıq mülki iddia qaldırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi öz hökmündə bu məbləğin Cahangir Hacıyev və digərlərindən tutulmasına qərar verib. Hökmə əsasən, Cahangir Hacıyevin rəhbərliyi dövründə bankın Nərimanov filialının rəhbəri olmuş Məmməd Cahangirovun üzərinə 1,2 milyon ödəmək öhdəliyi qoyulub. Amma Bakı Apellyasiya Məhkəməsi bu öhdəliyi onun üzərindən götürüb. Məmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat Cahangir Hacıyevin üzərinə qoyulub.
Beynəlxalq Bank işi üzrə mühakimə olunan 8 nəfərdən dördünə şərti cəza verilib. Onlardan biri də Məmməd Cahangirovdur.
Hökmdən həbs cəzası almış 4 nəfər, şərti cəza alanlardan isə yalnız Məmməd Cahangirov apellyasiya şikayəti verib. Hazırda “AFB Bank”ın İdarə Heyətinin üzvü olan Məmməd Cahangirov bəraət almaq istəyir.
Cahangir Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir