Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm

Elina Hacıyevanı şok vəziyyətində danışdıran qadın kimdir?

Məktəb direktorunun arxasında kimlərin dayandığı bəlli olub

Aprelin 4-də 162 saylı məktəbin 3-cü mərtəbəsindən yıxılan və 1 saylı Mərkəzi Klinik Xəstəxanasında həyatını itirən 14 yaşlı Elina Hacıyevanın ölümü ətrafında baş verənlər neçə gündür gündəmin əsas mövzularındandır.

Aprelin 10-da isə qəflətən sosial şəbəkələrdə Elinanın ölüm səhnəsi – məktəbdən görüntülər və yeniyetmənin yıxıldıqdan sonra danışdırılmasını əks etdirən video yayılmağa başlandı. Hər kəsi ağır vəziyyətdə olan qızcığazı sual yağışına tutan qadının kimliyi maraqlandırdı. Kimisi onun məktəbin psixoloqu, kimisi də uşaq polisi olduğunu yazdı. Əslində isə heç biri deyilmiş.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovadır.

Xanım Bayramova 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir.

Yəni onun hamıdan əvvəl hadisə yerinə yetişməsi təkcə rəfiqə olmasından irəli gəlmir, həm də uşaqlarla işlədiyi deyilən bir fondun şöbə sədri olmasıyla bağlıdır. Xalidə Bayramova hadisəni rəsmiyyətə tökməzdən, yəni məktəbə təcili yardım çağırmazdan 2 saat əvvəl orada olub.

Adının açıqlanmasını istəməyən məktəb yetkilisinin sözlərinə görə, öncə uşaqlar hadisə yerindən uzaqlaşdırılıb və Elina Hacıyeva direktorun otağına aparılıb, orada divana uzandırılıb. Yəni, videogörüntüdəki divan əslində məktəb direktorunun otağındadır. Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb. Mənbə deyir ki, məqsəd uşağın ailəsindəki problemlər ucbatından intihar etdiyini göstərmək olub. Elə Elinaya verilən suallar da deyilənləri təsdiqləyir. Belə ki, Xalidə Bayramova yeniyetmədən anasıyla nə vaxt dalaşdığını, münasibətlərinin necə olduğunu və s. soruşur.

Başqa bir mənbə isə iddia edir ki, sosial şəbəkələrdə yayımlananlar videonun tam versiyası deyil. Xalidə Bayramova çəkdiklərinin yalnız bir qismini uşağın yaxınlarına təqdim edib, sonradan kimlər tərəfindənsə müəyyən görüntülər yayımlanıb.

Xalidə Bayramova Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxını kimi tanınır. Araşdırmalara görə, Kərəm Həsənova məxsus torpaq sahəsi Xalidə xanıma məxsusdur: Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi; tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.

Məktəb yetkilisinin sözlərinə görə, təcili yardım zəhərlənmə adıyla çağırılıb. Bu faktı Elina Hacıyevanın anası da deyir. Üstəlik hadisədən 2 saat sonra. Hadisə 9 radələrində baş versə də, təcili yardıma çağırış 11:04-də olub.

“Həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə həmin şəxs xəstəxanaya çatdırılıb,” – Səhiyyə Nazirliyinin məlumatında belə deyilir.

Yəni 2 saat ərzində uşağın intihar səbəblərinin yönünü dəyişməyə çalışıblar.

Meydan TV iki gün ərzində Xalidə Bayramova ilə əlaqə yarada bilməyib. Onun mobil telefonu bağlıdır, icra hakimiyyətindən isə bütün zənglərə “Xalidə xanım icra başçısı ilə bir yerdə tədbirə gedib” cavabını veriblər.

Artıq sosial şəbəkələrdə Xalidə Bayramovanın adı hallanır. Hətta müğənni Röya belə paylaşımında onun adını çəkir.


Sevinc Abbasova təhsil sahəsində nazirin müavini Məhəbbət Vəliyevanın adamı kimi tanınır. Onun Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri olmuş, bu ilin martında vəzifəsindən çıxaraq Vergilər Nazirliyinin İstintaq və təhqiqat idarəsinə rəis müavini təyin edilən Kənan Quliyevlə qohumluq əlaqələrinin olduğu bildirilir.

Adının açıqlanmasını istəməyən məktəb yetkilisi deyir ki, indiyədək Sevinc Abbasova ilə bağlı bütün şikayətlər məhz Kənan Quliyev tərəfindən ört-basdır edilib.

Məsələn, cəmi iki ay əvvəl bu məktəb direktoru bir köçkün ailəsi ilə insident yaşayıb. Hətta valdeyni hədələyib.

Ötən il isə daha bir məktəbli qız ilə Sevinc Abbasova arasında problem olub. Bu dəfə də direktorun yeniyetməni təhqir etməsi, aşağılaması müzakirə mövzusudur.

Bütün bu problemlərin məhz Kənan Quliyev tərəfindən qapadıldığı deyilir.

K.Quliyevin adını çəkməsə də, təhsil eksperti Kamran Əsədov da Sevinc Abbasovanın daxili nəzarət şöbəsi tərəfindən himayə olunduğunu qeyd edib.

Ekspert deyib ki, indiyə qədər Bakı Şəhər Təhsil İdarəsinə 162 saylı məktəblə bağlı çox şikayət daxil olub. Amma o şikayətlərin hamısının üstünü Bakı Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun rəisi bağlayıb.

Kənan Quliyevin adı tez-tez mətbuatın gündəmində olub. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tərtər Rayon Şöbəsinin əməkdaşı olub. Sonradan məhz keçmiş MTN rəhbəri Eldar Mahmudovun göstərişi ilə Təhsil Nazirliyinə gətirildiyi deyilir. Bunu hələ 2016-cı ildə hüquq müdafiəçisi kimi təqdim edilən Məmməd Həmidovun “Təzadlar” qəzetinə yazdığı şikayət məktubundan da görmək olur

“Dosye.org” saytı isə 2016-cı ildə yayımladığı məqalədə K.Quliyevi Eldar Mahmudovun yaxın qohumu kimi təqdim edir:

“Kənan Quliyev sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. Məhz Eldar Mahmudovun təhsil naziri Mikayıl Cabbarovla dostluq münasibəti olduğundan nazirlikdə bu şəxs üçün xüsusi şöbə yaradıldı. Həmin şöbənin yaradılışını xüsusi qeyd edən Eldar Mahmudov- Mikayıl Cabbarov cütlüyü Kənan Quliyevi həmin şöbənin rəisi vəzifəsinə təyin etdilər”.

Məqalədə K.Quliyev Mikayıl Cabbarovun “qara qutusu” kimi təqdim edilir. Görünən odur ki, M.Cabbarov “qara qutu”sunu yenidən yanına – rəhbərlik etdiyi nazirliyə aparıb.

Meydan TV məsələni araşdırmaq üçün dəfələrlə əlaqə saxlasa da, Vergilər Nazirliyindən bildirilib ki, K.Quliyev bu məsələlərlə bağlı danışmaq istəmir.

Təhlükəsizliyi baxımından adının açıqlanmasını istəməyən daha bir mənbə isə Meydan TV-yə deyib ki, məhz Xalidə Bayramovanın və Kənan Quliyevin istəyi ilə bütün telekanallara mövzunun işıqlanndırılmaması tapşırığı verilib. Hətta Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin bu mövzu ilə bağlı hazırlıqları yarımçıq saxladılıb.

Aprelin 11-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın intihar məsələsinin araşdırılması ilə bağlı göstəriş verdiyi xəbəri yayıldıqdan sonra telekanalların da hərəkətə keçdiyi deyilir. Artıq İctimai Televiziya mövzunu işıqlandırıb.

MEYDAN TV

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir