Oqtay Gülalıyev
Bəlkə də tam yeri deyil, amma bir məqamı qeyd etmək istəyirəm. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin cəmiyyətdə həmişə kifayət qədər nüfuzu və tərəfdarı olub. O, dünyasını dəyişəndə səhv etmirəmsə CNN kanalının verdiyi məlumata görə onunla vidalaşmağa gələn insanların sayı təxminən ümumilikdə yarım milyona yaxın olub. Sağlığında və sonrakı müddətdə də xeyli sayda insan özünü Elçibəyçi adlandıraraq onun yolu ilə gedəcəklərini bildirirdilər. Bu yolu səmimi gedənlərlə yanaşı Bəyin adından istifadə edib vəzifə, mandat, pul, status, təmtəraqlı yaşayış əldə edərək mübarizədən və ondan üz döndərənlər oldu. Və təəssüf ki belələri bu gün də var…
Eyni zamanda Elçibəyə, AXC ideyalarına, milli dövlətçilik dəyərlərinə sadiq qalaraq Şahmərdan Cəfərov (millət vəkili), İkram Zeynalov (Göyçay RİH başçısının müavini), Tahir Məmmədov (prezident qvardiyasının komandiri) kimi şəhid olan, həmçinin həyatını və azadlığını itirən, illərlə həbsxanalarda haqq etmədiyi cəzanı çəkən insanlar oldu. Hazırda da xeyli insan özünü Elçibəyçi hesab edir. Etsin, işimiz yox. Səmimi şəkildə özünü Elçibəyçi hesab edib onun ideaları uğrunda mübarizə aparanları yalnız alqışlamaq lazımdır. Amma məncə hazırkı vaxtda Elçibəyçilik qəlbində Elçibəy sevgisi olsa da özünə Elçibəyçi deməklə ölkədə baş verənlərə susqun və laqeyd qalmaq deyil. İctimai həyatda baş girələmək, necə deyərlər boşuna gün keçirmək də deyil.
Elçibəyçilik özünü müxalifətçi hesab edib “dövlətçiliyə xidmət” adı ilə açıq və ya gizli formada hakimiyyətlə iş birliyində olmaq deyil. Elçibəyçilik gündüz müxalifət, gecə iqtidar da olmaq deyil.
Elçibəyçilik hakimiyyətdən konvert alan, prezident aparatına müxalifətdən danos yazan, əqidəsini və mübarizəsini satmış şəxslərlərlə bir yerdə olub iqtidara qarşı mübarizə aparmaq görüntüsü yaratmaq, imitasiya etmək deyil.
Elçibəyçilik Elçibəyə sadıq insanları qaralamaq, dışlamaq, onları Elçibəyin yaratdığı təşkilatlardan didərgin salmaq, qovmaq, həmin təşkilatları dağıtmaq, hakimiyyətin istədiyi zəif duruma salmaq deyil.
Elçibəyçilik xalqın düşdüyü ağır vəziyyətdən çıxması üçün heç bir iş görməyib müxalifəti tənqid etmək deyil. Elçibəyçilik xalqın fəal kəsimini müxtəlif yollarla mübarizədən çəkindirib, onların başını nağıllarla qatmaq da deyil.
Zənnimcə dövrümüzün ən böyük Elçibəyçiliyi Bəyin arzuladığı və istədiyi kimi ölkədə hökm sürən haqsızlığa, zülmə və zalıma qarşı mübarizə aparmaqdır, dirəniş göstərməkdir.
Bu gün ən böyük Elçibəyçilik mübarizə meydanında olmaqdır.
“Ən böyük cihad zalımın qarşısına çıxıb “sən haqsızsan” deməkdir”- sə, ən böyük Elçibəyçilik də xalqına zülm edən, ona qənim kəsilən diktatora qarşı çıxıb “sən diktatorsan” deməkdir.
Elçibəyçilik iqtidara qarşı mübarizə apardığını iddia edənlərin İlham Əliyevin adını çəkməyə cəsarəti çatmayıb varlığı- yoxluğu bilinməyən 82 yaşlı baş nazir Artur Rəsizadəni tənqid etməsi deyil.
Elçibəyçilik- hakimiyyətə qarşı mübarizədən yayınmaq üçün ölkənin 40- cı dərəcəli problem ilə “çulğalaşmaq” da deyil.
Elçibəyin və cəhbəçilərin adı ilə parlamentdə oturub haqsızlığa susmaq və ya xalqın maraqlarına qarşı mövqe sərgiləmək isə nəinki Elçibəyçilikdir, Elçibəyin ruhuna və yoluna xəyanətdir.
Elçibəyçilik- onun fiziki itkisindən sonra mübarizədən çəkilib bizneslə məşğul olmaq, şəxsi rifahını və ailəsini düşünmək, yalnız özü üçün yaşamaq deyil.
Elçibəy sağ olsaydı…
Hərdən insanları bir sual düşündürür; “Görəsən Elçibəy sağ olsaydı neyniyərdi?”. Təbii ki, Elçibəy sağ olsaydı ölkənin yeraltı və yerüstü sərvətlərini talan edən, xalqa qənim kəsilən, onun varını- yoxunu, pulunu oğurlayıb xaricə daşıyan hakimiyyətlə dialoqa getməzdi, ona qarşı mübarizə aparardı. Elçibəy sağ olsaydı indi mübarizə meydanında olardı. Oğrulara, korrupsionerlərə, seçki saxtakarlarına qarşı açıq, barışmaz mübarizə aparardı.
Elçibəy sağ olsaydı xalqın arasına çıxar, insanları ətrafına toplayıb mübarizəyə səsləyərdi. “Məhsul” stadionunun kiçikliyinə görə mitinqlər üçün daha böyük meydanlar tələb edərdi.
Elçibəy sağ olsaydı bunca Qarabağın işğalda qalmasına, Güneydə soydaşlarımızın haqqının tapdanmasına göz yummazdı.
Elçibəy sağ olsaydı mən əminəm ki, o, xalqın boğazından kəsilib ərsəyə gələn, başdan ayağa korrupsiya layihəsi olan Avropa Oyunlarını, Evroviziya mahnı müsabiqəsini, Formula-1 yarışlarını heç zaman təqdir edib dəstəkləməzdi.
Və nəhayət Elçibəy sağ olsaydı İlham Əliyev hazırda hakimiyyətdə olmazdı, onun ailə həyatını möhkəmləndirmək üçün həyat yoldaşını özünə 1- ci vitse- president təyin etməsinə imkan verməzdi.
Elçibəyin yanında və yolunda olduğunu iddia edənlərin bir çoxu Bəyin fiziki itkisindən sonra məlum oldu ki, onlar onun nə yanındaymış, nə də yolunda…
Bu gün həqiqi Elçibəyçilər mübarizə meydanındadır. Zalıma və zülmə etiraz edirlər. Oğruları ifşa edib, siyasi məhbuslara azadlıq istəyirlər. Dövlətimizin və xalqımızın azadlığı uğrunda mübarizə aparırlar…
Amma təəssüf ki, baş verənləri hələ də susqunluqla izləyib, gözləmə mövqeyində olan xeyli sayda mübariz, fədakar soydaşlarımız, sıravi Elçibəyçilər də var.
Özünü gerçək Elçibəyçi hesab edən hər kəsi Milli Şuranın 28 oktyabr saat 15.00- da “Məhsul” stadionunda keçirəcəyi ümumxalq mitinqinə dəvət edirəm. Gəlin liderimiz, ustadımız kimi zalıma, zülmə, haqsızlığa bir yerdə etirazımızı bildirib haqqımızı və azadlığımızı bir yerdə tələb edək! Biz birlikdə olanda daha güclüyük!
Unutmayaq ki, mübarizə aparacağımız təqdirdə BİZ QALİB GƏLƏCƏYİK!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb