AXCP Şəki şöbəsi Gənclər Komitəsinin sədri, fevralın 7-də həs olunan Samir Həsənov bu gün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə ona 20 sutka inzibati həbs cəzası verib.
Samir Həsənovun hansı ittihamla həbs edildiyi məlum deyil. Məlumata görə, ona Polis İdarəsində işgəncə verib və zorla hansısa sənədə qol çəkdiriblər.
Samir Həsənov fevralın 7-də Şəki Polis İdarəsinə ondan bir gün qabaq həbs edilmiş şöbə sədri İlham Həsənova ərzaq aparmaq üçün getmişdi. Lakin İdarədə oniun özünü də həbs etmişdilər.
AXCP sədri Əli Kərimli Şəki şöbəsinə qarşı polis əməliyyatına özünün feysbuk səhifəsində münasibət bildirib. O, yazır:
“Şəkidəki polis əməliyyatının ilkin nəticələri məlum oldu. AXCP Şəki rayon şöbəsinin sədri İslam Həsənov 25 sutka, AXCP Şəki rayon Gənclər Komitəsinin sədri Samir Həsənov 20 sutka müddətinə həbs edildilər. Siz bunların erməni işğalçıları ilə əldə etdikləri atəşkəsə sədaqətli olmalarına baxmayın (40 gün ərzində şəhid əsgərimizin nəşini dəyişmək üçün bircə nəfər düşmən əsgərini girov götürməyə cəsarət etmədilər), müxalifətlə, xüsusilə gənclərlə savaşları heç dayandırmadılar. AXCP üzvlәri, ölkənin gerçək müxalifətçiləri isə xalqın azadlıq və ədalətə qovuşması naminə öz azadlıqlarını qurban verməyi çoxdan gözə alıblar. Əminliklə deyirəm ki, bu həbslər nə bizim mübarizəmizi durdura biləcək, nə də rejimin labüd çöküşünün qarşısını alacaq”.
***
7 vevral 2017
Bir az əvvəl Şəki Şəhər Məhkəməsinə gətirilən şöbə sədri İslam Həsənova inzibati qaydada 25 sutka həbs verilib.
Gənclər Komitəsinin sədri Samir Həsənov isə hələ də polis idarəsində saxlanılır.
***
Şəkidə AXCP-yə qarşı yeni hücum başlayıb. Fevralın 6-si, axşam saatlarında AXCP Şəki şöbəsinin sədri İslam Həsənov saxlanılıb. Onu guya yol polisi ilə mübahisə edib bəhanəsi ilə Polis İdarəsinə çağırıblar və orada saxlayıblar. İ.Həsənov gecəni idarədə qalıb. Nə şöbə fəalları, nə də ailə üzvüləri onun haqqında məlumat ala bilmir.
Xatırladaq ki, İslam Həsənov şöbənin fevralın 5-də keçirilən iclasından sonra ona qarşı təzyiqlərin artdığını, həbs olunacağı haqda xəbərdarlıq aldığını bildirmişdi.
Fevralın 7-də isə AXCP Şəki şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov da saxlanılıb. S.Həsənov Polis İdarəsinə şöbənin sədri İ.Həsənova ərzaq çatıdrmaq üün gedib. Lakin polis onun özünü də saxlayıb.
Şəki şöbəsinin Bakıda yaşayan fəalı Rauf Əbdürrəhmanlı da hədəfə alınıb. Polislər onun ata evinə gedib və bildiriblər ki, Rauf gəlməyənə qədər evi tərk etməyəcəklər. Vəlideynlərindən onun gəlib özünü təhvil verməsi tələb olunur.
Bütün bunlar barədə məlumat yayan AXCP sədrinin müavini Gözəl Bayramlı bildirir ki, şöbənin 5 fevralda keçirilən növbəti Məclisindən sonra şöbə sədri İslam Həsənov və digər şöbə fəalları evə qədər izlənilib. “Həmin iclasda partiya sıralarına yeni üzvlər qəbul edilib və düşünürəm ki, yerli hakimiyyət strukturlarını şöbənin fəaliyyətinin genişlənməsi narahat edib”, – deyə G.Bayramlı qeyd edib.
Partiya sədrinin müavini xatırladır ki, Şəki şöbəsinin rəhbərliyinə və fəallarına qarşı yerli hakimiyyət strukturlarının təzyiqləri illərdir davam edir. Demək olar ki, əksər fəallar dəfələrlə sutkalıq həbs olunmaqla yanaşı böyük məbləğdə cərimə olunublar, onların ailə üzvlərinə belə, təzyiqlər edilib. “2012-2015-ci illərdə şöbənin bir neçə toplantısına, hətta konfransına belə polis müdaxiləsi olub. Bütün bunlar onu göstərir ki, yerli hakimiyyət stukturları AXCP-nin Şəki şöbəsinin qanuni fəaliyyətinə müdaxilə etmək kimi qeyri-qanuni əməllərindən əl çəkmək istəmirlər”, – deyə G.Bayramlı bildirib.
AXCP hakimiyyət strukturlarından partiyanın Şəki şöbəsinin fəaliyyətinə polis müdaxiləsini, şöbə fəallarına qarşı təqibləri, təzyiqləri durdurmağı və saxlanılanların dərhal azad olunmasını tələb edir.