İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı birgə müraciət yayıblar
Hazırda həbsdə olan, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı aclıq aksiyasına başladıqlarını bəyan ediblər.
Məhbusların ictimaiyyətə ünvanladığı birgə müraciətdə deyilir ki, bloger Mehman Hüseynovun başına gətirilənlərdən sonra repressiyalara qarşı birgə müqavimət göstərməyi düşünüblər:
“Biz bunun artıq birlikdə müqavimət göstərilməsi gərəkən çox ciddi tendensiya olduğunu düşünürük. Əslində, biz bu müraciəti və atacağımız addımları xeyli əvvəldən planlaşdırsaq da, ilk günlərdə aldığımız bir-birini istisna edən ziddiyyətli informasiyalar, eləcə də atacağımız addımları digər həbsxanalardakı məhbuslarla koordinasiyalı şəkildə təşkil etmək, mümkün qədər çox sayda siyasi məhbusun bu aksiyaya qoşulmasını təmin etmək üçün etdiyimiz cəhdlər bizi bir az ləngitdi. Bu müraciətin yazıldığı ana qədər bunun gec olub-olmaması ilə bağlı saatlar çəkən mübahisələrdən sonra yekdiliklə bu qərara gəldik ki, bu, bizə əngəl olmamalıdır. Biz başlayırıq və digər siyasi məhbusların da qoşulacağına əminik”.
Müraciətdə digər məhbuslara istinadən deyilir ki, Mehman Hüseynovun başına gətirilənlərlə bağlı bu gün birlik göstərilməsə, sabah eyni aqibət hamını gözləyəcək.
“Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə “döyəcəyik”.
Əgər siz indiki məqamda susqunluğun müdrik, ehtiyatlı addım olduğunu düşünürsünüzsə, Qərbdən gələn reaksiyaların nəticələrini gözləyirsinizsə, onda arxayın fırladın. Biz bu filmə dəfələrlə baxmışıq və bu növbətçi reaksiyaların nə ilə nəticələnəcəyini, necə sonlanacağını yaxşı bilirik. Tüstü-duman dağılandan sonra Qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq, sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro, dollarlarından çamodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar”, – müraciətdə vurğulanır.
Daha sonra yazılıb ki, Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb:
“Gurultulu insan haqları şüarları ilə başlayan Qərbin bütün kampaniyaları həmişə rüsvayçı, bizi qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib.
Biz ölkəmizin zülmətə qərq olmasına etiraz edirik!
Biz repressiyalara etiraz edirik və susmayacağıq!
Biz ölkəmizə sahib çıxırıq və onun işıqlı insanlarına həbsxanalarda qanqster kimi davranmasına müqavimət göstərəcəyik!
Mehman və digər hər kəs üçün bugündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq”.
Siyasi məhbus kimi tanınan Qiyas İbrahimovun da aksiyaya qoşulacağı bildirilir. Bu barədə məhbusun anası Şura Əmiraslanova öz “Facebook” səhifəsində məlumat paylaşıb.
Yanvarın 13-də 2 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşdüyünü yazan Şura Əmiraslanovanın sözlərinə görə, Qiyas İbrahimov Mehman Hüseynovun vəziyyətindən narahatdır və bu zülm və haqsızlığa baş əyməmək ucun etiraz forması olan aclıq aksiyasının çıxış yolu olduğunu düşünür.
NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.
2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb. Onunla birlikdə həbs olunanlar sonradan əfv ərizəsi yazaraq azad olunsalar da, İlkin Rüstəmzadə hələ də həbsdədir.
“Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadə CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunaraq martın 6-da 7 il azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzetinin bölgə müxbiri kimi çalışmış Elçin İsmayıllı 2017-ci ilin 18 sentyabrında 9 il azadlıqdan məhrum edilib.
Elçin İsmayıllı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.
Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin heykəlinə yazılan şüardan sonra həbs ediliblər. Onlara qarşı narkotik vasitə saxlama maddəsi ilə ittiham elan edilib. Hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib.
Həbs olunanlar özlərini təqsirli saymır, siyasi fəaliyyətlərinə görə şərləndiklərini deyirlər.
Yenifakt.info
Müstəqil xəbərlər portalı