Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

İlkin Rüstəmzadəyə açıq məktub

Salam İlkin,

Necəsən, neynirsən yazmıram. Aşağı-yuxarı hər şeyi, gününün necə keçdiyini, durumunu, nələr düşündüyünü təxmin edə bilirəm. Həm də aclıq aksiyasına başlamısan, hər şeyi görə və hiss edə bilirəm.

Bu məktubu sənə çoxdan yazmaq istəyirdim. Elə həm də bu şəkildə, publik. Amma hər dəfə fikrimdən daşınırdım. Bu gün aclıq elanınızdakı bir cümləni- bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq- oxuyandan sonra artıq yazmaq vaxtıdır deyə düşündüm. 1 ildir ki, Azərbaycana gələndə sizin evə gedə bilmirəm artıq. Çünki atanın, ananın, bacının üzünə, gözlərinə baxmağa gücüm yoxdur.

Bilmirəm məni də yuxarıdakı cümlədəki qismə aid edirsən, ya yox. Böyük ehtimal edirsən və ya heç belə düşünmürsən. Bunu sənə indiki halda sübut etmək imkanım yoxdur. Açığı, mənim üçün, sən də daxil, kiməsə belə olmadığını isbatlamaq vacib də deyil. Azadlıqda isə nə vaxtsa görüşəcəyik, hər şeyi – bütün olub bitəni müzakirə etməyə vaxtımız olacaq. Necə deyərlər, zaman hər şeyi öz yoluna qoyacaq. İndiki halda isə hakimiyyət qalibdir, insanları bu cür düşündürə bildilər, üstümüzə yapışdı.

Bu məktubu yazmaq məqsədim isə tamam başqadır. Başqa bir şeyi etiraf edəcəm. Bunu heç ən yaxın dostlarıma da danışmamışam. İndi bu sənə gülməli gələ bilər, həbsxanada yox, amma azadlığa çıxandan sonra Kürdəxanıda prezidentə yazdığımız həmin müraciət günü – 26 sentyabr 2014-cü il, müzakirələrimiz, o otaq və sənin indi yazacağım baxışın tez-tez yuxuma girir. Kabus kimi girir həm də. Yadındadır, yazdığımız ilk müraciəti qəbul etmədilər. İndi dəqiq yadımda deyil, hansısa cümləni ya çıxarmağımızı, ya əlavə etməyimizi istəyirdilər. Ertəsi gün təkrar Azər Seyidovun otağında yığışdıq. O cümləni müzakirə edəndə dedin ki, bütün gecə dəli kimi keçirmişəm, yata bilməmişəm. Yaxşı oldu ki, qəbul etmədilər. Gəlin vaz keçək. Bax o cümlələri deyəndəki baxışın, yalvaran gözlərin heç vaxt gözümün önündən getmir, yuxuma girir. Onu deməyin mənim də ürəyimdən olmuşdu. Amma hələ də fikirləşirəm, niyə başqa şey fikirləşə-fikirləşə qəti şəkildə sənə “yox, yazacağıq” dedim. Hələ də cavabını tapa bilmirəm. Bizi təhdid edən, qorxudan yox idi. Nəsə təklif etmirdilər. Başımıza silah dayamamışdılar. Gücümüz tükənməmişdi. Əksinə bizdən qorxurdular. Bunu niyə etdik? Niyə bu intiharı seçdik? Və hər şeyi olmasa da, çox şeyi məhv etdik, ən əsası xeyli adamın ümidini puç etdik. Siyasi məhbus məsələsində hökumətə manipulyasiya imkanı yaratdıq. Bu sualı hələ də özümə təkrar-təkrar verirəm. Amma cavabım yoxdur.

Sonrasını bilirsən. Sən yazı yazdın, ortalıq qarışdı. Müraciəti silib atmışdın. Hər şeyə yenidən başladın. Sonra hərəmizi bir cəzaçəkmə müəssisəsinə göndərdilər. Növbəti əfvlərdən birindən qabaq yenə söhbətə gəlmişdilər. Artıq fərdi əfv yazmağımızı istəyirdilər. “İstəyirsiniz gətirin yüzünü yazım, aparın “Lider” Tv-də oxusun”,- dedim. Və yazdım da, bunu sən də, hamı da bilir. Mən məğlubiyyəti qəbul etmişdim. Satılmadım, əqidəmi dəyişmədim, o tərəfə keçmədim. Amma silahı atdım. Çünki 26 sentyabrda artıq hər şeyi dəfn etmişdim. Heç bir şeyin mənası yox idi. O müraciətin altına atdığım imza məni bitirmişdi. Biz həbsə inqilabçı kimi düşmüşdük. Məğlub olduğumu qəbul etsəm də, ən azı əclaf kimi çıxmamalı idik. Amma buna baxmayaraq, hətta bilirsən ki, bizi buraxmaq istədikləri əfvdə səni buraxmaq fikirləri olmadığını öyrənəndə “həbsdəki bütün Nidaçıların əfv siyahısına düşdüyünü görüm, AzTv mikrofonu ilə prezidentə təşəkkür edəcəm”,- təklifi etdim. Sənin üçün bunu belə gözə aldım. Amma qəbul etmədilər.

Nə isə… Dedim axı, məktubu yazmaq məqsədim başqadır. Yəqin son sözümüzü xatırlayırsan. Belə bir cümləmiz var idi – həbsdə 10 Nidaçı olsa da, azadlıqda olan sizlər bizi əvəz edirsiniz. Bu mübarizəni həm də bizim yerimizə daha prinsipial, daha ardıcıl aparın. Heç zaman şərə təslim olmayın!

İlkin, mən Şərə təslim oldum, məğlub oldum. Sənə, bir nəfər belə qalmasa da, hələ də bu mübarizəni bizim də yerimizə davam etdirdiyin üçün çox sağ ol demək istəyirəm. Nə yaxşı ki varsan və hələ də ayaqdasan. Bayrama da salamlarımı çatdır. Səni öpüb, bağrıma basıram və bu məktubumu elə Son Sözümüzdəki cümlələrlə bitirmək istəyirəm.

Rədd olsun diktatura və despotizm!

Yaşasın zülmə və haqsızlığa boyun əyməyən bütün insanlar!

Sevgi və hörmətlə,
Rəşadət
14 yanvar 2019.

meydan.tv

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir