Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

AXCP fəalının apellyasiya şikayətinə baxılıb

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlının şəxsi axtarışa və götürməyə məruz qalması ilə bağlı avqustun 8-də qəbul etdiyi qərardan verdiyi şikayəti qismən təmin edib, amma yekun qərarı dəyişməyib. Məhkəmə şikayətə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması barədə qərar verib. Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Baxışlının cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 24-nə təyin olunub. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsi şikayətin bu məhkımədə araşdırılması barədə qərar verib.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur və Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma və ya satma) maddəsilə ittiham olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin tutulan zaman cibinə atıldığını deyir.

AXCP bildirib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir