Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Rüfət Şıxıyev: “Avtoritetlər arasındakı çəkişmə Azərbaycan və çeçen xalqları arasında nifaq toxumu səpə bilməz”

Tez-tez mətbuatda Azərbaycan və Çeçenistandan olan kriminal qruplaşmalar arasında insidentlərin yaşandığının şahidi oluruq. Hər iki xalqdan olan avtoritetlər arasındakı nüfuz savaşlarına Rusiya və Türkiyənin ayrı-ayrı şəhərlərində rast gəlinir. Azərbaycan və Çeçenistan respublikaları, xalqları arasındakı tarixi-mədəni və dini bağlılığı nəzərə alsaq bu kimi məlumatlar təəssüflə qarşılanmaya bilməz. Nə baş verir? İki xalqın nümayəndələrini üz-üzə qoyan kimlərdir? Məqsədli şəkildəmi edilir bunlar? Bu və digər suallara cavab tapmaq üçün Çeçen-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Rüfət Şıxıyevlə söhbətləşdik.

— KİV-də belə bir informasiya getmişdi ki, yeni il ərəfəsində Moskvada qanuni oğru Lotu Qulu çeçenlərlə haqq-hesab çəkmək üçün 700-dək döyüşçü toplayıb. İstanbulda qanuni oğru Rövşən Lənkəranskinin öldürülməsindən sonra cərəyan edən hadisələr, xüsusilə şəxsi iddialarından irəli gələrək kriminal avtoritetlər olan Şeyx Həmzətlə Lotu Qulu arasında münaqişə, sizcə Azərbaycan və çeçen xalqları arasında ikitirəlik yarada bilərmi?
— Kriminal mühitdə və digər “oğru təsiri” məkanlarında Şeyx Həmzət və Lotu Qulunun maraqlarının toqquşması Çeçen və Azərbaycan xalqlarına heç bir aidiyyatı yoxdur. Onlar arasında narazılıqlar qardaş Azərbaycan və çeçen xalqları arasında nifaq toxumu səpə bilməz. Bizim xalqları bir-birinə əsrlərlə davam edən dostluq və əməkdaşlıq bağlamışdır. Azərbaycan və Çeçenistanın arasında münasibətlər işgüzar, mədəni və dini əlaqələrə dayaqlanır. Etnik kriminalın nümayəndələri arasında ziddiyyətlər nə qədər ciddi olsa da, dəqiq bir həqiqəti bilmək lazımdır ki, bu, yalnız kriminal haqq-hesablardır və burada millətlərarası maraqların toqquşmasından söz gedə bilməz. Burada əsas odur ki, çeçenlər və azərbaycanlılar arasında nifrət və düşmənçilik hisslərinin formalaşmasına yol ver vermək olmaz. Şeyx Həmzətlə şəxsi tanışlığımı və onun Azərbaycan xalqına sayğılı münasibətini nəzərə alaraq, əminəm ki, o buna yol verməz. Ümid edirəm ki, Lotu Qulu da bu məqsədləri güdmür. KİV öz xəbərlərində “ziyan verməmək” prinsipinə əməl etməli və süni olaraq cəmiyyətdə “gərginlik hərarətini” qaldırmamalıdır, kriminal mühitdə münaqişələr barədə məlumatların yazılmasında korrekt olmalıdır və milliyyəti kriminal qruplardan ayırmalıdır.
Hazırda, media texnologiyaları və informasiya müharibələri dövründə, KİV-in üzərində millətlərarası nifaq ideologiyasının yayılmasının qarşısını almaq kimi vəzifə durur.

— KİV-də və sosial şəbəkələrdə kriminal submədəniyyətin təbliğatının yasaq edilməsi ideyasına münasibətiniz?
— Mən hesab edirəm ki, Milli Məclis bu yöndə qanun layihəsi qəbul etməlidir. KİV-də və informasiya-telekommunikasiya şəbəkələrində kriminal davranışın cəzbediciliyinin formalaşmasına yönəli cinayətkar aləmin “sosial-mədəni dəyərləri” barədə informasiyanın yayılması ilə kriminal submədəniyyətin təbliğatının yasaqlanması lazımdır. Cinayətkar həyat tərzinin kütləviləşdirilməsi ictimai təhlükəlidir, kriminal submədəniyyətin özü isə qanunçuluğun və asayişin pozulmasını ehtiva edir. Nə qədər ki bu qanun və onun gerçəkləşməsinin dəqiq mexanizmi yoxdur, bir o qədər də cəmiyyətdə “oğru” və “türmə anlayışlarının” təbliğatı aparılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir