Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsinin iyulun 28-də Samuxda keçirdiyi xüsusi əməliyyat zamanı terrorizmdə şübhəli bilinən Fuad Tofiq oğlu Səmədov məhv edilib.
Güc qurumlarının məlumatına görə, o, radikal dini qrupun fəal üzvü və Gəncə iğtişaşlarının iştirakçılarından biri olub.
F.Səmədovun tutulması ilə bağlı əməliyyat zamanı o, silahlı müqavimət göstərib və cavab atəşı ilə öldürülüb.
Hadisə yerində “Makarov” tapançası tapılıb.
Bu, terrorizmdə, iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsdin və şəhərdə iğtişaşların təşkilində şübhəli bilinənlərin məhv edilməsilə bağlı dördüncü hadisədir. Ayın 10-da iğtişaşlar zamanı iki polis zabiti həlak olub.