Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm Sosial-iqtisadi

​“10 qəpik böyük artım deyil…” – DEPUTATDAN DAHA BİR AÇIQLAMA

Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib. Yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.
Media-fakt.info xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov
 məsələ ilə bağlı finans.az-a bildirib ki, gediş haqqının 10 qəpik artırılması böyük artım deyil:
“Metro daimi zərərlə işləyən bir sahədir və bu zərər daim dövlət büdcəsi tərəfindən qarşılanır. Qiymətin qalxması zərərin daha çox olmasının göstəricisidir. Gəlirlər xərcləri ödəyə bilmir. Buna görə zərər dövlət büdcəsi hesabına bağlanılır. Bu dövlətin yükünün azaldılması üçündür. Dövlət zərərin ödənilməsinə ayrılan büdcəni əhalinin sosial xərclərinə ayırıb. Bu baxımdan məncə bu çox düzgün bir addımdır. Biri var metrodan istifadə edən kateqoriya, biri də var ki, dövlət bölüşdürsün xərci. Sadəcə kiçik məntiq var ki, onu tutmaq lazımdır. Bu vəsait sonra sosial təbəqənin ehtiyaclarına xərclənəcək. Bu qərardan sonra yüklü təsərrüfat da yenilənəcək. Komfort daha da artacaq, vətəndaşların zövqü oxşanacaq. Bu elə də yüksək artım deyil. 50% ilə deyəndə çox görsənə bilər amma sadəcə 10 qəpik artıb”.
Millət vəkili iqtisadçı ekspert Azər Badamovun fikrincə, xidmət artımı hər bir ailənin daxili büdcəsinə öz təsirini göstərəcək:
“Dünən Tarif Şurasının qərarı ilə Metro və ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı qərar qəbul olunmuşdu və əhaliyə avqustun 1-dən yeni tariflərlə xidmət göstəriləcəkdir. Təbii ki, hamı kimi mənim ailəm də ictimai nəqliyyatdan istifadə edir və bizim ailə büdcəmizə də bu öz təsirini göstərəcəkdir. Amma biz bununla bağlı mövcud vəziyyəti də başa düşməliyik. Bizdə ictimai nəqliyyatda xidmətlər demək olar ki, regionda ən aşağı qiymətlərdir. Hətta artımdan sonra da regionda ən aşağı qiymətlər olaraq qalır. İctimai nəqliyyatda xidmətlərin müasirləşdirilməsi üçün hər il dövlət büdcəsinindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Qiymətlərin ucuz olması xidmətlərin müasirləşdirilməsində çətinlik yaradır, bu sahəyə dövlət büdcəsindən ayrılan dotasiyanın da artmasına gətirib çıxarır. Vəziyyət də həmişə belə davam edə bilməz. Dünyanın hər yerində xidmət sahələri həm xidmət göstərir, həm də pul qazanırlar. Amma bizdə isə daim dövlətin himayəsindədir. Düşünürəm bunun üçün qiymətlərdə müəyyən artıma zərurət yaranmışdı. Gediş haqlarından gələn əlavə vəsait yeni metro stansiyaların tikintisinin sürətləndirilməsinə, müasir avtobusların alınmasına , qeyd olunan xidmət sahələrində iş fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir