Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Azərbaycanın siyasi nəzakətsiz siyasi landşaftı

Azərbaycanda bəzən siyasi və ictimai şəxslər verdikləri bəyanatlara görə, çıxışlarına görə, tutduqları əmələ görə, attıqları hansısa yanlış addımlara görə qınaq atəşinə tutulur. Ancaq bizim həmin insanların istefa etdiyinin şahidi olmuruq. Hətta bəzən həmin şəxslər öz əməllərinə haqq qazandırırlar. Məsələn, Avropa Şurası Parlament Assambleyasında korrupsiya qalmaqallarında adı hallandırılan bəzi deputatlara sanksiyalar tətbiq olundu. O cümlədən bir vaxtlar Azərbaycan üzrə keçmiş həmməruzəçi olmuş Pedro Aqramunt və Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da qarşı sanksiya qoyulan şəxslər siyahısındadır. Pedro Aqramunt bundan sonra vəzifəsindən istefa versə də, azərbaycanlı deputat Səməd Seyidov sanksiyaya məruz qalmaqdan şərəf duyduğunu bəyan etdi. Görəsən bütün bunlar nəyin göstəricisidir? Siyasi psixoloq Samirə Qasımlı ilə bu mövzuda Turan agentliyi söhbətləşdi.

***

– Samirə xanım, sizcə, Azərbaycanda siyasi mühitdə etik durum hansı səviyyədədir?

Samirə Qasımlı – Siyasi mühitdə etik durumla bağlı deyə bilərəm ki, hər iki düşərgədə vəziyyət bərbaddır. Bu gün Azərbaycan siyasi səhnəsi çox böyük ciddi xəttlərlə iki düşərgəyə bölünüb: Müxalifət və hakimiyyət düşərgəsinə. Çox təəssüflər olsun ki, hər iki tərəfin çıxışlarında, bir-birlərinə xitablarda politkorrektlik yoxdur. Müxaliflərin ritorikasına baxanda görürük ki, bir-birlərini sağlam tənqid üzərində deyil, ciddi ittihamlarla vururlar. Misalçün, bir-birlərini hakimiyyətə satılmaqda, hakimiyyətdə işləməkdə ittiham edirlər. Bu artıq tənqid deyil, daha ciddi bir fikirdir. Bu çox üzücü bir şeydir. Çünki bizim müxalifət adlandırdığımız düşərgə demokratik düşərgəni təmsil edən, açıq fikirli insanlardır. Tənqidə dözümlü olmalı olan insanlardır. Yəni bizim yanaşmamız budur. Ancaq çox təəssüf ki, biz tez-tez bunun tam əksini görürük. Hakimiyyət düşərgəsinə gəldikdə isə vəziyyət daha pisdir. Hakimiyyət özünün rəqibinə, müxalifətə aşağılayıcı yanaşma ilə baxır. Burda artıq ittihamlar deyil, təhqirləri müşahidə edirik. Bunun da özünün səbəbləri var ki, bu cür aşağılayıcı ritorika daha çox avtoritar rejimlərə, avtoritar liderlərə məxsusdur. Bu yaxınlarda Türkiyədə seçkiöncəsi kampaniyalarda prezident Ərdoğan əsas rəqibi sayılan CHP haqda aşağılayıcı və təhqiredici ifadələr səsləndirdi. Söylədi ki, “CHP pislikdir”. Yəni zibildir. Eyni ritorikanı biz Azərbaycan hakimiyyətinin başında dayanan prezident İlham Əliyevin dilindən eşitmişik. Misalçün, İlham Əliyev demişdi ki, “bu müxalifət tarixin zibil qutusuna atılmalıdır.” Yəni rəqibləri haqda çox aşağılayıcı ritorika ilə çıxış edirlər. Bu avtoritar liderlərə məxsus danışıq tərzidir.

– Son dövrlər bəzən biz siyasi mübarizədə, bəzi aktivistlərin mübarizəsində və onlara qarşı olan mübarizədə deqradasiyanın şahidi oluruq. Bəzən müxalif partiyalar bir-birlərini və ya konkret kimisə hədəfə alırlar. Və ya əksinə. Sizcə, bunun səbəbləri nədir?

– Bu problemin kökünü onda görürəm ki, sağlam mübarizə yoxdur. Sağlam fəaliyyət yoxdur. Çox təəssüf hissi ilə qeyd edim ki, bu gün Azərbaycan siyasətində, ölkə daxilində siyasətlə məşğul olan insanlar siyasətlə deyil, imitasiya ilə məşğuldur. Bu artıq bir fakta çevrilib. Bunun da obyektiv səbəbləri var. Çünki ölkədə siyasət yoxdur. Və konkret siyasi iştirakçılıq, siyasi proseslərdə iştirak yoxdur. Bunun da səbəbi odur ki, hakimiyyət çevrəni ciddi şəkildə qapadıb.

– Əgər ölkədə siyasət yoxdursa, bu adamlar nəyin davasını edirlər?

– Bu adamların bu şəkildə davranışı, bir-birlərinə bu şəkildə hücum etməsi sadəcə özlərini qoruyub saxlamaq instinkti ilə hərəkət etməkdir. Əgər insanın sağlam düşüncəsi varsa, sağlam tənqidə arqumentləşdirilmiş və faktlaşdırılmış şəkildə cavab verə bilirsə, bunu bu şəkildə edirlər. Əgər bunu edə bilmirsə, zəif durumda olan biri kimi hücuma başlayır. Qara yaxmağa başlayır. Mən çox təəssüf edirəm ki, bizim bütün bu gördüklərimiz ancaq hakimiyyətə sərf edir. Yəni hakimiyyətin oyun qaydalarıdır. Hakimiyyətin istədiyi bir şeydir. Müxalifətin funksiyası hakimiyyətə qarşı müxalif olmaqdır, əksfikirlilikdir. Amma bizim gördüyümüz odur ki, elə vəziyyət yaranıb ki, müxalifət hakimiyyətə qarşı deyil, bir-birinə qarşı yönəlib. Hakimiyyətin istədiyi də odur ki, tənqid hədəfi o olmasın, mübarizə üfüqi deyil, şaquli istiqamətdə getsin. Halbuki üfüqi olmalıdır. Hədəf məlumdur. Bu da hakimiyyətin ölkədə yaratdığı acınacaqlı durumdan irəli gəlir. İnsanlar konkret açıq şəkildə hakimiyyətə qarşı çıxa bilmirlər. Və belə olduğu halda hansısa bir fəaliyyət, görüntü lazımdır. Bu fəaliyyət də bir-birinə qarşı yönəlir.

– AŞPA-da korrupsiya qalmaqallarına həsr olunmuş müzakirələrdən sonra bəzi AŞPA-lı deputatlara sanksiyalar qoyuldu. O cümlədən Azərbaycanla bağlılığı olan Pedro Aqramunt və azərbaycanlı deputat Səməd Seyidov da o siyahıdadır. Bundan sonra Pedro Aqramunt istefa verdiyini açıqladı. Amma Səməd Seyidov bu qərardan şərəf hissi keçirdiyini söyləyib. Bu nəyin göstəricisidir?

– Deyir yalanı gərək elə yüksək səviyyədə danışasan ki, özün də buna inanasan. Səməd Seyidovun indi etdiyi bundan ibarətdir. Onun dedikləri xarici deyil, daxili auditoriya üçün hesablanıb. İctimai rəy üçündür. Bu gün Azərbaycan cəmiyyətində halqalar var, çevrələr var. Biri var aktiv çevrə. İctimai prosesləri məlumatlı olan, medianı izləyən çevrə var ki, həm də analitikanı bilir. Baş verən proseslərdən məlumatlıdır. Biri də bütün proseslərdən kənarda qalmış çox böyük bir çevrə var. Bu da cəmiyyətimizdir. O nə olub bitdiyindən xəbərsizdir. Onun gördüyü Azərbaycan televiziyalarıdır ki, onlar da böyük yalanlarla dolu məlumat verməklə məşğuldur. Səməd Seyidovun da verdiyi bəyanatlar həmin böyük ictimai auditoriyaya ünvanlanıb. O AŞPA-da ona qarşı qoyulmuş sanksiyaları erməni lobbisi ilə əlaqələndirdi. Guya ermənilərin fəlaiyyətinin nəticəsi olaraq Azərbaycana qarşı belə bir şey baş verib. Bu məsələ ilə bağlı haşiyəyə çıxmaq istəyirəm. Heç kim Səməd Seyidova demir ki, əgər sən bunu ermənilərin üzərinə yıxırsansa, burda başqa bir məsələ ortaya çıxır ki, deməli indiyə qədər Azərbaycan nümayəndə heyətinin AŞPA-da gördüyü işin, ümumiyyətlə Azərbaycanın xarici siyasətinin ciddi məğlubiyyətə uğrayıb. Demək, ermənilər güc nümayiş etdirib, Azərbaycanın nümayəndə heyətinin rəhbərinə qarşı belə bir sanksiyaya nail olublar. Yəni bunu bu cür deməyi ermənilərin güclü olduğunu, Azərbaycanın xarici siyasətinin zəif olduğunu qəbul etməkdir. Halbuki, indiyə qədər daxili auditoriya üçün tamamilə bunun əksini deyirdilər ki, Azərbaycanın xarici siyasəti uğurludur. Biz siyasətlə ermənilərin üzərində qələbə qazanmışıq. Bizim diasporamız, bizim imicimiz, filan. Yəni burda artıq ziddiyyət ortaya çıxır. Hakimiyyət daxili auditoriyanın, cəmiyyətin ovqatını, əhvalını bildiyi üçün ictimai rəyi bu şəkildə yönləndirir. Səməd Seyidovun bu şəkidə danışması ictimai rəy üçündür ki, bu heç də rüşvət məsələsi deyil, ermənilərin işidir. Deyə bilməzlər axı ki, ortada 3 milyarda yaxın korrupsiya qalmaqalı var. Bu özü ciddi etirazlar doğura bilər. Bu gün baş verənlərdə biz avtoritar rejimlərin xarakterik xüsusiyyətlərindən birini görürük.

– Niyə Azərbaycanda istefa mədəniyyəti yoxdur? İndi bu hadisədən çıxış edərək deyim ki, dəfələrlə olub ki, siyasi və ya ictimai şəxslər iqtidar və ya müxalifətdə olmasından asılı olmayaraq haqlı qınaqlarla üzləşiblər. Amma istefa verdiyini görməmişik. Sizcə, nədən?

– Bunun bir cavabı var. Çünki seçki yoxdur. Seçki hesabatlılıq, məsuliyyət, etimad krediti deməkdir. Əgər insanlar onları seçənlər qarşısında məsuliyyət, hesabatlılıq hiss etsələr və bilsələr ki, onlardan asılıdırlar, aldıqları bu mandat, kredit müəyyən müddət üçün alınıb və geri qaytara bilərlər, bunlar olmadığı təqdirdə nəinki istefa mədəniyyətindən ümumiyyətlə siyasətdən söhbət gedə bilməz. Mən çox təəssüflə qeyd etmək istəyirəm ki, müxalifətdə də biz bəzən eyni şeylə qarşılaşırıq. Mən sizə tam səmimi bir şey deyim. Mənim çox vaxt izlədiyim bir şey var ki, hakimiyyətin bəzi etdiklərini bir medalın digər üzü kimi müxalifətdə də müşahidə edirik. Eyni yanaşmanı, eyni düşüncə tərzini görürük. Siyasi partiyanın nüfuzlu lideri ola bilər. Amma o nüfuzlu lider kulta çevrilməməlidir. Lider mənim anlamımda ardıcıllarının arxasında durduğu insandır. Ona inanan insanlar onun arxasında dururlar. Ona inanırlar. Amma həmin adamlar həm də liderin qarşısında durub ona söz demək iqtidarında olan adamlardır. Çox böyük təəssüflə qeyd edim ki, neçə illərdir bir siyasi partiyanın sədri dəyişmir. Lider özünü prosesdə doğrultmaq üçündür. Əgər bu prosesdə bu adam özünü göstərə bilmirsə, yəni partiyanı durduğu nöqtədən başqa nöqtəyə apara bilmirsə, deməli bu liderdə problem var. Artıq bu lider deyil, bu funksiyadır. Lidersə başqa şeydir. Bu bir məsələ. İkinci məsələ isə odur ki, liderin özünün yanaşması olmalıdır. Bizim demokratik qəbul etdiyimiz liderlərin heç biri demokratik deyil. Çünki bunun sistemi var. Sən öz missiyanı yerinə yetirə bilmədinsə, səmimi olaraq yerini digərinə verməlisən. Yəni davamçılıq olmalıdır. Bu gün çox böyük təəssüflə deyirəm ki, Azərbaycan müxalifəti də monopoliyadadır. İqtidar deyir ki, mənə alternativi göstərin. Düzdür, iqtidar bütün siyasi çevrəni qapadıb, siyasətçilərin, siyasi liderlərin, siyasi funksionerlərin meydana çıxması üçün şərait yaratmayıb. Nəinki şərait yaratdı, əksinə bütün sistemi qapatdı. Gəlin baxaq müxalifətdə nə baş verir. Müxalifət düşərgəsində də müxalifət özü öz içində öz düşərgəsini qapatdı. Özü də imkan vermədi ki, içərisində liderlər yetişsin. Yeni simalar çıxsın ortaya. Bir nəsil getdi. İndi biz köhnələrdən başqa kimin adını çəkə bilərik? 20 il əvvəl yaranmış partiyalarda hansı yeni liderlərin adını çəkə bilərik? Bu da ciddi bir problemdir. Demək istədiyim odur ki, burda da monopoliya görürük. Sağlam mühiti görmürük.

– Samirə xanım, sizcə, bu gedişat hara aparır? Çıxış yolu varmı?

– Çıxış yolu həmişə var. Əsas odur ki, insanlarda istək və iradə olsun. İnsanlar həqiqətən işləmək istəsin. Əgər işləmək istəyi varsa, doğrudan da beynini işlədəcək, bütün qapıların bağlı olduğu mühitdə də bir balaca işıq ucu tapacaq. Ordan özünə bir dəlik tapıb, qapı açacaq. Prosesləri idarə edə biləcək müxalifət təşkilatları, siyasi partiyalar həqiqətən də hansısa doğrudan da inandıqları ideyanın arxasınca getsələr, o işığı, çıxış yolunu tapıb, vəziyyətdən çıxacaqlar. Amma real vəziyyətə gəldikdə mənim gördüyüm odur ki, bu saat bütün bu basqılar, təzyiqlər altında, ciddi problematik durumda hansısa bir prosesi aparmaq, ona rəhbərlik etmək çox çətindir. Misalçün, Oyan hərəkatının rəhbəri Nahid Cəfərov adlı şəxs sosial şəbəkədə bir hərəkətliliyə nail olmaq istəyindədir. Və simvolik olaraq bir aksiyaya başlayıb. Qum saatı aksiyasına. Bunu xaricdən sosial media üzərindən bu şəkildə etmək olar. Amma bu gün Azərbaycan daxilində real vəziyyət odur ki, real müxalifət təşkilatları açıq şəkildə belə bir proseslərə rəhbərlik edə bilməyəcəklər. Çünki obyektiv səbəbləri var. Amma bu o demək deyil ki, bütün basqılara, təzyiqlərə biz əlimizi-qolumuzu sallayıb heç nə etməyək. Mənim inandığım odur ki, nə olacaqsa, burda daxildə baş verəcək. Azərbaycan daxilində baş verəcək. Və o da xalqdan gələcək. İndi hakimiyyət vəziyyəti o yerə çatdırıb ki, özünü xalqla üzbəüz tək qoyub. Buna qədər inam vardı ki, azacıq da olsa sistemdə yumşalma ola bilərdi. Amma hakimiyyət bu şəkildə siyasi çevrəni qapadıb, siyasi partiyaları, sivil toplumu, yox səviyyəsinə çatdırıb, zərərsizləşdiribsə, bundan sonra prosesləri müxalifətin və yaxud sivil toplumun aparması çox çətin məsələdir. Azərbaycanda nə baş verəcəksə, spontan baş verəcək. Xalq özü artıq o vəziyyətə çatacaq ki, böyük əksəriyyət şəklində olan passiv etirazçılar aktiv etirazçı kəsimə çevriləcək və meydana çıxacaq. Amma bu o demək deyil ki, müxalifət təşkilatları, sivil tolum qurumları özlərini kənara çəkib, özünü təcridlə məşğul olmalıdır. Nə qədər xalqla işləməyi bacarırlar, onu da etməlidirlər. Böyük mitinqlər, aksiyalar keçirməyin effekti olmadı. Deməli insanlarla hansısa şəkildə işləmək lazımdır. Bunu etmək lazımdır. Bu gün insanlar sosial mediada cəmləşiblər. Aktivlik də sosial media üzərindədir. Virtuallaşıblar. Amma insan canlı ünsiyyət istəyir. Hansısa formada canlı ünsiyyət lazımdır. Hansısa şəkildə bunun bir yolunu tapıb, insanlarla canlı ünsiyyətə getmək lazımdır. Bunun piarını aparmağa, nümayişkəranə şəkildə etməyə ehtiyac yoxdur. Kimin gücü, resursu nəyə çatırsa, ona uyğun iş görməlidir. Virtual deyil, real şəkildə.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir