Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai Müsahibə Sosial-iqtisadi Xəbərlər

Azər Kərimov: Korrupsiya şəbəkəsinin ucu Azərbaycanın ən yüksək vəzifə sahiblərinə gedib çıxır.

Kiçik sahibkar Azər Kərimov müxbirimizlə söhbətində korrupsiyanın səbəblərini şərh etdi və onun fəsadlarından danışdı.

 -Azər müəllim, korrupsiya cəmiyyətin inkişafına hansı formalarda təsir edir? – Korrupsiya vəzifəli şəxsin ona verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə hallarıdır. Bu zaman vəzifəli şəxs tutduğu mövqenin verdiyi imkanlardan və imtiyazlardan istifadə edərək maddi maraq müqabilində qaydaları kiminsə xeyrinə pozur. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkarı korrupsioner adlandırmaq olmaz. Həmin cinayətkar rüşvət cinayətinə aiddir. Korrupsiya mövcud olduqda cəmiyyətdə süni seçim yaranır. Yəni qanunla hüququ olan şəxs deyyil, vəzifəli şəxsə pul verən şəxs hər hansı səlahiyyəti qazanır. Təsəvvür edin ki, test üsulu ləğv edilib və 600-700 bal toplayan uşaqlar deyil, 100 bal yığa bilməyənlər rüşvət verməklə universitetə qəbul olurlar. Yəni həmin tələbə gələcəkdə cəmiyyətə nə dərəcədə fayda verə bilər, yaxud deyək ki, onun hansı potensialı var ki, ondan cəmiyyət faydalansın. Lakin, indiki tələbələrin gələcəkdə idarəetmədə çalışması qaçılmazdır. Deməli, biz bu gün korrupsiyanı aradan qaldıra bilmədiyimizdən gələcəyimizin də savadsız kadrların əlində olmasını müəyyənləşdiririk. Buna görə də dünyada hansı ölkələr korrupsiyanı aradan qaldırıbsa, o ölkələr də hər sahədə peşəkarlar öndədir.

-Azərbaycanda Korrupsiyaya Qarşı İdarə, hökumət Komissiyası və şəbəkələr var. Sizcə, mübarizə aparmaq bu qədər çətindir? – Azərbaycanda korrupsiya özünün pik nöqtəsindədir. Olduqca biabırçı vəziyyətdir. Ölkədə korrupsiyaya “nəzarət edən” orqanların başında əsas korrupsiyaner insanlar durur. Hüquq mühafizə orqanlarına rüşvətsiz işə düzəlmək mümkün deyilsə, onda cinayətkarlığa qarşı mübarizəyə məsul olan korrupsiyaya qarşı necə mübarizə aparacaq. Bu imitasiya xarakterli addımlar islahat, korrupsiya əleyhinə görülən işlər deyil. Mən əminəm ki, bu cür komissiya və idarələrdən heç bir məmur çəkinmir, çünki, bilir ki, o, cəzalanmayacaq. Azərbaycanda 120 manat maaş alan və xəstədən 15-20 manat pul almağa məcbur olan həkim bu cür addımlardan çəkinə bilər. O, da ciddi cəzalanacağından, işdən çıxarılacağından deyil, sadəcə bu işi bağlamaq üçün pul vermək istəmədiyindən. Situasiya bundan ibarətdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılmır. Çünki, korrupsiya prosesinin başlanğıcı prezident aparatından idarə olunur. Deməli prezident aparatından idarə olunursa, korrupsiya şəbəkəsinin ucu Azərbaycanın ən yüksək vəzifə sahiblərinə gedib çıxır.

-Azər müəllim dediklərinizi fakt kimi təqdim etmək çətindir axı? – O zaman mən sizə faktları deyim, Siz də baxın. Daxili İşlər Nazirliyinin Dövlət Baş Yol Polisi İdarəsinin bütün məntəqələrində açıq-aşkar insanlardan qeyri-qanuni pul yığılır. Sizcə, bunu inkar etmək olarmı? Bütün sürücülük vəsiqəsi alanlar imtahandan dolayı formada keçirlər və bütün Azərbaycan bunu bilir. Gömrük Məntəqələrinin hamısında vətəndaşlardan pul alınır. Hamı da bilir ki, bu rüşvətdir. Eyni zamanda ayrı-ayrı nazirlik və idarələrin öz rüşvət qaydaları var. Məsələn, aptek işlətməyə lisenziya almaq üçün Səhiyyə Nazirinə çatacaq 10 000 manat rüşvət vermək lazımdır. İndi Siz desəniz ki, bunlar fakt deyil, mən deyəcəm ki, bunlar bizim reallığımızdır. Reallıq isə faktlarla formalaşır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir