Bu gün səhərə yaxın Suriya rejiminin Homs əyalətində yerləşən T-4 aviabazasına hələlik hansı dövlət tərəfindən endirildiyi məlum olmayan raket zərbələrinin təfərrüatları məlum olub. virtualaz.org İsrail qaynaqlarına istinadən xəbər verir ki, raket zərbələri endirilən bazada İrana aid obyektlər və hərbçilər olub. Suriya müxalif qaynaqlarına istinadən bildirilir ki, fevralın 10-da İsrail ərazisinə daxil olan İran dronu həmin bazadan havaya qalxmışdı. Həmin vaxt dronun İsrail hava sahəsinə daxil olmasına cavab olaraq Suriyaya raket zərbələri endirilmişdi.
İsrail və ərəb qaynaqları raket zərbələrinə tuş gələn bazada İran hərbçilərinin də həlak olduğunu bildirir. Habelə bazada Rusiya hərbçilərinin də olduğu haqda məlumatlar var, lakin onların itki verib-vermədiyi bilinmir. Suriya rəsmi KİV-ləri bazaya raket zərbələri nəticəsində 14 hərbçinin həlak olduğunu, onlarla hərbçinin yaralandığını bildirir. Lakin ehtimal olunur ki, itkilər daha çoxdur.
Livanın “Al Mayadin” telekanalı bildirir ki, raket hücumları zamanı İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın hava sahəsində olub. Digər mənbələrə görə İsrail təyyarələri Suriya-Livan sərhədi boyu kəşfiyyat uçuşları keçirib və raket zərbələrinə aidiyyatı olmayıb.
Suriya KİV-ləri raket hücumunun ABŞ tərəfindən edildiyini təxmin edir.