Çin hakimiyyəti ABŞ-la ticarət münasibətlərində yaranmış problemin fonunda ölkənin milli valyutası olan yuanın devalvasiyası imkanlarını araşdırır.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hökumət yüksək vəzifəli şəxslərin yuan barədə apardığı araşdırma əsasında analiz hazırlayıb. Amma bu, hələ milli valyutanın ucuzlaşdırılacağı demək deyil. Devalvasiyaya ölkə rəhbərliyi qərar verməlidir.
Xatırladaq ki, martın 8-də ABŞ prezidenti Donald Tramp Çindən gətirilən polad, aliminium və yarımfabrikat mallara 25% gömrük rüsumu tətbiq edib. Martın 22-də imzalanmış ikinci memorandumla isə dövlət başçısı Çindən gətirilən 50 mlrd. dollarlıq mala gömrük rüsumunun tətbiqinə qərar verib. Martın 23-də isə Çin 128 adda amerikan mallarına yüksək rüsum tətbiq etdiyini açıqlayıb. Bunlar meyvə, çərəz, şərab və polad borulardır. Ümumilikdə 120 əmtəə nişanına 15% rüsum tətbiq olunub. Donuz əti və aliminium metal məmulatlarına isə 25% rüsum tətbiq olunub. Bununla belə, Çinin cavab zərbəsi sadəcə 3 mlrd. dollarlıq məbləğlə kifayətlənib. Aprelin 3-də isə ABŞ Çindən idxal olunan 1 300 adda əmtəəyə əlavə 25% gömrük rüsumu tətbiq edib. Aprelin 4-də Çin ABŞ istehsalı olan 106 adda malı xüsusi rüsuma cəlb edib.